Azərbaycanda şok təhsilhaqqı: İlə 40 min dollar xərclə ki, övladın oxusun...
Tarix: 23-04-2015, 10:15 | Çap et
Azərbaycanda şok təhsilhaqqı: İlə 40 min dollar xərclə ki, övladın oxusun...
Azərbaycanda orta təhsil pulsuz olsa da, danılmaz faktdır ki, son illər övladının daha yaxşı təhsil almasını istəyən valideynlər özəl təhsil sisteminə güvənərək ödənişli olsa belə pullu məktəblərə, liseylərə üz tuturlar. Paytaxtdakı özəl orta təhsil müəssisələri və liseylərin bir çoxunun illik təhsil haqqı, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin illik təhsil haqqından dəfələrlə çoxdur.

Vertikal.az-ın araşdırmalarına görə, bunların ən tanınmışları Xəzər Universitetinin Dünya Məktəbi, Qərb Universitetinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəb, Bakı Oksford Məktəbi və Özəl Türk Liseyidir.

Bahalığına görə, bu siyahıya Bakı Oksford Məktəbi liderlik edir. 1998-ci ildən fəaliyyət göstərən məktəb Kembric Universitetinin imtahan mərkəzi və BMT yanında QHT-nin üzvüdür. Adından da bilindiyi kimi, burada təhsil ingilis dilindədir və 12 il müddətindədir. Məktəbi bitirənlər ingilis dilini bilmə səviyyəsi haqda sertifikat, orta təhsil haqda beynəlxalq attestat və Azərbaycan Respublikasının orta təhsili haqqında attestat əldə edirlər. Məktəbdə bundan başqa, Böyük Britaniya və digər ölkələrin universitetlərinə qəbul olunmaq üçün tələbələrin hazırlıq proqramları da fəaliyyət göstərir.

Məktəbə qəbul olmaq istəyənlər ingilis dilindən test imtahanı verməlidir. Çünki burada təhsil ingilis dilindədir. Əlavə dil olaraq isə şagirdin seçiminə görə ya fransız, ya da alman dili tədris olunur. İmtahandan keçə bilməyənlərə məktəb öz hazırlıq kurslarını təklif edir.

Bu məktəbdə oxumaq istəyənlər bir il üçün 14-16 min manat pul ödəməlidirlər. Burada orta təhsilin qiyməti 1-9-cu sinif üçün 14 min 500, 9-12-ci sinif üçün 16 min 500 manat təşkil edir.

Adı çəkilən Xəzər Universitetində də vəziyyət aşağı-yuxarı eynidir. Bura da qəbul müasir qaydalar üzrə, yəni məntinq-psixoloji testlər əsasında keçirilir. Azərbaycan və ingilis dillərində aparılan tədris Bakı Oksford Məktəbində olduğu kimidir. Burada illik təhsilin məbləği isə 6500 manat təşkil edir.

"Baku International School"-da övladının təhsil almasını istəyən valideyn siniflərdən asılı olmayaraq, bir il üçün bəri başdan 22 min 900 ABŞ dollarından keçməlidir. Valideynin ödədiyi bu pula ancaq təhsil verilir.

"The International School of Azerbaijan" məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidirlər. 1-ci sinfdən 9-cu sinifədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı 40 min ABŞ dollarına yaxınlaşır. Bu fantastik məbləğə təhsil isə məktəb tərəfindən birbaşa məzunun bakalavr pilləsinə yiyələnməsi ilə əlaqələndirilir.

Bakı Britaniya məktəbində isə təhsil haqqı təhsil metoduna uyğun dəyişir. Burada 1-6 siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. 6-12-ci siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır.

Həmişə axtarışda olan insanlar axtardıqları təhsili "Evrika" təhsil müəssisəsində tapacaqlarına inanırlarsa, 5 min manatlarından keçməlidirlər. Burada məktəbə hazırlığın illik haqqı isə 3 min manatdır.

Avropa Azərbaycan məktəbində də övladının təhsil almasını arzulayanlar 10 min manata qədər pullarından keçməli olacaqlar. Çünki bu məktəbdə 1-4 siniflər üçün illik ödəniş 7 min, 5-9 siniflər üçün 7 min 500, 9-11 siniflər üçün isə 9 min manatdır.

"Erudit” təhsil kompleksi adlanan ingilis təmayüllü tam orta məktəbdə uşağına təhsil vermək istəyən valideynlər bunun üçün illik 5000 manat ödəniş etməlidirlər.

Ali məktəblərə qəbul göstəricilərinə görə ön cərgədə qərarlaşan, az qala bütün məzunları yüksək balla tələbə adını qazanan özəl türk liseylərində uşaq oxutmaq da sən demə, valideynlərə ucuz başa gəlmir. "Qafqaz İbtidai Gimnaziyası"nda 1-ci sinifdən 6 -cı sinifədək illik təhsil haqqı 7350 manatdır.

"Bakı Türk Liseyi"ndə illik ödəniş 8000 manat, "Dədə Qorqud" liseyində isə 5550 manatdır. Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi "Atatürk liseyi"dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.

Vertikal.az-ın apardığı araşdırmalar zamanı ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən abituriyentlər arasında, yuxarıda adıçəkilən bahalı məktəbləri bitirənlərə demək olar ki, rast gəlmədik. Yalnız yüksək bal toplayaraq Azərbaycanın ali məktəblərinə qəbul olanlar arasında özəl türk liseylərinin şagirdləri istisna təşkil edir.

Hə, indi kasıb vətəndaş balasını oxutsun, görək necə oxudur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net