Oliqarx-məmurlarımızın Ukrayna qorxusu...
Tarix: 21-04-2015, 09:49 | Çap et
Oliqarx-məmurlarımızın Ukrayna qorxusu...
Son vaxtlar postsovet ölkələrindən Ukraynada belə bir suala cavab axtarışı aktuallaşıb: bir yüksək vəzifəli məmur iş adamı ilə birlikdə şirkət yaradıb ortağının biznesləri ilə bağlı sərfedici qərarlar qəbul edirsə, bu, maraqların toqquşması sayılırmı?

Bir müddət əvvəl Ukraynanın energetika nazirinin müavini İqor Didenko ilə milyader İqor Kolomoyskiy və Gennadi Boqolyubovun ortaq biznesləri üzə çıxıb. Amma İqor Dİdenko düşünür ki, burada hər hansı maraq toqquşması yoxdur. Çünki birgə şirkətləri onun sahəsinə aid deyil.
Halbuki Kolomoyskiy və Boqolyubovun şirkətləri enerji sektorundadır, yəni, energetika nazirinin müavini İgor Didenkonun nəzarət etdiyi enerji sahəsində. "Naziri müavini kimi mən Ukraynanın anti-korrupsiya qanunvericiliyinin tələblərinə əməl edirəm" - deyə Didenko bildirib.
Ukrayna rəsmiləri ilə oliqarxlar, eləcə də siyasətçilər arasındakı maraqlar toqquşması gizlinini açmaq hökumətin vacib hədəflərindədir.
Hökumət uzun illərdir Ukrayna iqtisadiyyatında hökmranlıq edən oliqarxlarla mübarizəyə başlayıb. Didenko, Kolomoyskiy və Boqolyubov arasındakı əlaqə köhnə sistemin necə davamlı və möhkəm olmasını göstərir.
Davamlı və möhkəm görünən sistemi qırmaq mümkün olacaqmı? Hələki, Ukrayna hökuməti hökmranlığa son verməkdə iddialı görünür. Prezident Pyotr Poroşenko bu yaxınlarda ictimaiyyətə ünvanlanan müraciətində hökumətin əsas hədəflərindən danışarkən deyib: "Hökumətin əsas məqsədi iqtisadiyyatı oliqarxlardan qurtarmaqdır. Biz çalışırıq ki, ölkədə asayişi təmin edək, amma oliqarxlar xaos yaradır".
Poroşenko yuxarıdakı fikirləri milyarder İqor Kolomoyskiyin Dnepropetrovsk vilayətinin qubernatorluğundan istefasından az sonra etmişdi.
Ukrayna hökuməti anti-oliqarx kampaniyasına başlayandan sonra Kolomoyskiyin payçısı olduğu 2 dövlət neft şirkətinin idarəsindən onu uzaqlaşdırdı, yaxınları sıxışdırıldı. Amma güclü, oturuşmuş sistem və onun qarşısında zəif, xeyli boşluqları olan, eləcə də xoatik qanunvericilik mühiti kampaniyanı gerçəkləşdirməyi çətinləşdirir. Didenko, Kolomoyskiy və Bogolyubov buna bir nümunə sayıla bilər.
Ukraynanın kommersiya şirkətləri haqda milli məlumatlar bazasında göstərilib ki, nazir müavini Didenko 2008-ci ildən bəri enerji-sənaye sahəsi üzrə çalışan "Proton 21" şirkətində payçı olub. Onun payı təxminən 650 min dollar civarındadır. Həmin şirkətdə onun ortaqları Kolomoyskiy və Bogolyubovdur. Onlar Didenkodan azı 3 dəfə daha çox paya sahibdirlər.
"Forbes" jurnalı Kolomoyskiy və Boqolyubovun hər birinin hardasa 1,3 milyard payı olduğunu yazır. Amma Ukrayna mediası yazır ki, onların payı daha çoxdur.
Bütün bunları niyə yazırıq? Məsələ burasındadır ki, Azərbaycanda da oxşar təcrübə geniş yayılıb: belə ki, ölkənin bir çox iri məmurları özlərinə yaxın iş adamları vasitəsi ilə geniş biznes imkanları yaradıblar. Ölkəmizdə bir çox şirkətlərin arxasında hansısa məmurun, onların ailə üzvlərinin dayandığı (birbaşa və ya dolayı yolla!) heç kimə sirr deyil.
Xatırlatmaq artıq olardı ki, bəzi yüksək çinli məmurların - komitə sədrlərinin, nazirlərin, həmçinin deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları zaman-zaman müzakirə mövzu olub. Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Araşdırmalar göstərir ki, hər bir məmurun biznesi onun iqtidar daxilində tutduğu iyerarxik pilləyə və şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin nüfuzu nə qədər böyük, sözü nə qədər keçərlidirsə, onun biznesi bir o qədər çoxşaxəli, qüdrətlidir. Hazırda nazirlər arasında şirkətlər qrupuna sahib olanlar da var, nisbətən orta biznes fəaliyyəti ilə məşğul olanlar da.
Nəticədə azad rəqabət mühiti yox edilir və müəyyən oliqarxlar inhisarçı mövqelərə sahiblənirlər. Bu isə son nəticədə ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas ünsürlərdən birinə çevrilir. İtirən dövlət büdcəsi, qazanan isə müəyyən məmurların cibləri olur.
Ekspertlər hesab edirlər ki, son vaxtlar müşahidə olunan bəzi proseslər Azərbaycanda da məmurların iş adamları ilə şərikli bizneslərinin çökdürülə biləcəyini düşünməyə əsas verir. Məsələn, Hesablama Palatasının əvvəlki illərlə müqayisədə dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsinə dair auditlərinin daha obyektiv aparmağa başlaması (unutmayaq ki, bəzi məmurlar məhz büdcədən rəhbdərlik etdikləri qurumlara ayrılan pulların önəmli hissəsini müxtəlif yollarla öz bizneslərinə yönəldirlər) əslində bir sıra vəzifəli şəxslərə ilkin xəbərdarlıq olaraq dəyərləndirilir.
Eyni zamanda neft bumunun faktiki olaraq başa çatmaq üzrə olması, neft gəlirlərinin azalması, dünyada yeni iqtisadi düzənin meydana çıxması kimi amillər də Azərbaycanda bəzi oliqarxların ölkə iqtisadiyyatı üzərindəki hegemonluğunu zəiflətmək, azad rəqabət imkanlarını artırmaq zərurətini ortaya qoyur. Yəni getdikcə daha aydın görünür ki, Azərbaycanda da Ukraynadakı (bundan əvvəl isə Gürcüstanda ) kimi "məmur iqtisadiyyatı"nı çökdürmək, bazar iqtisadiyyatının tələblərini həyata keçirmək qaçılmazdır.
Ona görə də xüsusilə payızda keçiriləcək parlament seçkilərindən sonra bu istiqamətdə daha təsirli addımların atılacağını gözləməyə dəyər. O vaxtadək isə bəzi məmurlarımız qoy bir zamanlar Gürcüstanda, hazırda isə Ukraynada hələlik uğurla sınaqdan keçirilən təcrübənin ölkəmizdə də tətbiq olunma xofu ilə yaşamağa davam etsinlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net