Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecindən səngimək bilməyən şikayətlər
Tarix: 13-04-2015, 09:25 | Çap et
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecindən səngimək bilməyən şikayətlər
Bəli, təhsil gələcək nəsillərin savadlı, dünya görüşlü olması deməkdir. Lakin çox təəssüflər olsun ki, bu ifadələri hazırda təhsil alan və gələcəyimiz olan körpələrə, gənclərə şamil etmək mümkün deyil. Səbəb isə, aydındır. Bugünkü təhsilimiz. Əslində dövlət tərəfindən təhsil sahəsinə ayrılan diqqət, qayğı kifayət qədərdir.

Ümumiyyətlə, son zamanlar respublikamızda təhsilin səviyyəsinin artırılması yönündə dövlət tərəfindən bir sıra təqdirəlayiq işlər görülür. Buna misal olaraq, rayonlarda yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb və məktəbəqədər tədris müəssisələrini göstərmək olar. Lakin hazırda təhsil sahəsindəki axsaqlıqlar, çatışmazlıqlar hələ də aktuallığını qorumaqdadır. Həmçinin bəzi təhsil şöbələri, məktəb direktorları vəzifələrindən sui istifadə edərək, təhsilimizi heçə sayırlar. Verilən tədrisin keyfiyyəti bu gün hər kəsə bəlli olduğu kimi, o da məlumdur ki, təhsilimiz barədə nə qədər yazılsa, deyilsə də, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Elə bu səbəbdən də günbəgün şikayətlərin sayı artmaqdadır. Bizlər dəfələrlə təhsil sahəsində olan problemlərlə bağlı şikayətləri işıqlandırmış və gündəmə gətirmişik ki, heç olmasa məsələ araşdırılıb, problem həll edilsin. Onu da qeyd edək ki, bu gün daxil olan şikayətlər sırasında orta məktəblər və kolleclər daha üstünlük təşkil edir. Bildiyimiz kimi, gənc nəslin savadlı yetişməsi üçün ilk növbədə normal təhsil verən məktəblər lazımdır. Orta məktəblərdən sonra isə, adı çəkilən ikinci təhsil ocağı texnikumlar və kolleclərdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün əksər kolleclər yalnız tələbələrin dediyi kimi desək, "vaxt öldürmək" üçün üz tutduqları məkandır. Bu gün həyata keçirilən bir sıra tədbirlərə baxmayaraq, orta ixtisas təhsili müəssisələrində bəzi nöqsanlar hələ də qalmaqdadır. Belə nöqsanlarla bol olan və adı tez-tez mediada hallanan orta ixtisas təhsili müəssisələrindən biri məhz Bərdə Dövlət İdarəetmə Kollecidir. İlk olaraq qeyd edək ki, sözügedən təhsil ocağı barədə mediada kifayət qədər faktlar var. Daxil olan məlumatlarda sözügedən tədris müəssisəsində müəyyən vaxtlarda və bir sıra səbəblərdən tələbələrdən pul yığıldığı deyilir. Hətta bəzi mənbələr Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kollecini bir qrup dələduzun biznes obyekti kimi tanındığını iddia edir. Yeri gəlmişkən, bilməyənlər üçün qeyd edək ki, Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Ələkbərovdur. Daxil olan məlumatlara görə, Xaləddin Ələkbərovun öz şəxsi qanunlarını dövlətin qanunlarından üstün tutması onun pul hərisi olmasını bir daha sübut edir. Mediadan da gördüyümüz, izlədiyimiz kimi, kollecdə baş verən neqativ hallar səngimək bilmir. Xaləddin Ələkbərovun adı təhsildəki qanunsuzluqlarla bərabər çəkilir. Dövlət İdarəetmə və Texnologiya Kolleci sanki təhsil ocağı yox, bazardır. Məlumatlı şəxsin dediklərinə görə, tələbələr dərslərə gəlmir və nələrinsə müqabilində qayıb məsələlərini həll edirlər. "Onsuz da imtahan zamanı həll edəcəyik" prinsipi ilə tələbələrə dərslər də keçirilmir. Müəllim və tələbələrin əksəriyyətinin adı jurnalda yazılsa da, özləri aylarla dərslərə gəlmirlər. Deyilənlərə görə, hətta bəzi tələbələrin təqaüd kartı da Xaləddin Ələkbərovdadır. Sonda isə onu qeyd edək ki, bu gün təhsil sistemindən bəzi şəxslərin uzaqlaşdırılması, əslində gələcək nəsillərimizə daha geniş imkanların yaradılması deməkdir. Ümid edək ki, qeyd olunan faktlara əsasən müvafiq tədbirlər görülərək, mövcud problemlər həllini tapacaq.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net