Nazir müavininə arxayın olan baş həkim qanunsuz əməllər törədir
Tarix: 11-04-2015, 10:42 | Çap et
Nazir müavininə arxayın olan baş həkim qanunsuz əməllər törədir
Məlum olduğu kimi, 2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Üzülərək qeyd etmək istəyirik ki, dövlət xəstəxanalarında tibbi müalicə və müayinənin, o cümlədən cərrahiyyə əməliyyatlarının pulsuz olması yalnız sözdədir. Belə ki, bəzi baş həkimlər işlərinə laqeyd münasibət bəsləyərək vətəndaşlara pullu tibbi xidmət göstərirlər. Bu isə yekun nəticədə haqlı narazılıqların meydana çıxmasına səbəb olur.

Qeyd edək ki, son vaxtlar dövlət xəstəxanalarında həyata keçirilən doğum əməliyyatları ilə bağlı şikayətlər çoxalıb. Səhiyyə Nazirliyi bu kimi neqativ halların qarşısını almaq üçün "Qaynar Xətt" yaradıb. "Qaynar xətt"ə daxil olan şikayətlər isə araşdırılır və müvafiq tədbirlər görülür. Buna baxmayaraq, bəzi doğum evlərində nöqsanlar hələ də tam şəkildə aradan qaldırılmayıb. Heç kimə sirr deyil ki, ana və uşaq sağlamlığının qorunması istiqamətində dövlət rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən müsbət qarşılanır. Təəssüf ki, bir sıra doğum evlərinin rəhbər şəxsləri dövlətin bu qayğısını heçə endirirlər. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı Doğum Evində cərəyan edən özbaşınalıqlar, qeydə alınan ölüm halları və baş həkim Şəfəq Yusifovanın fəaliyyətindəki neqativ məqamlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Amma ilk növbədə diqqətinizə çatdırmaq istəyirik ki, 4 nömrəli Doğum Evi bir neçə il öncə əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Dördmərtəbəli, 50 çarpayılıq doğum evi Rusiya, İtaliya, Almaniya və İsveçrə istehsalı olan müasir texnologiyaya əsaslanan avadanlıqla təchiz edilib. Kadr hazırlığı məqsədilə burada çalışan bütün tibbi personala Səhiyyə Nazirliyi tərəfindən təlimlər keçirilib. Doğum evində qəbul, 30 çarpayılıq doğum, 15 çarpayılıq ginekologiya, 5 çarpayılıq reanimasiya, həmçinin çağaların intensiv terapiyası şöbəsi də yaradılıb. Burada Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq 3 fərdi doğum və 2 əməliyyat otağı fəaliyyət göstərir. Bir sözlə, dövlət tərəfindən adıçəkilən tibb ocağında hər cür şərait yaradılıb. Di gəl ki, baş həkim Şəfəq Yusifova və tabeliyində olan bəzi şəxslər işlərinin öhdəsindən peşəkarlıqla gələ bilmirlər. Etibarlı mənbədən aldığımız informasiyaya görə, sözügedən tibb müəssisəsində dünyaya uşaq gətirmək istəyən hər anadan "şirinlik" alınmaqla yanaşı, hər bir işçidən aylıq "rüsum" tələb olunur: "4 saylı Doğum Evindəki həkimlərin əksəriyyəti xəstəyə müştəri kimi baxır. Doğum evinə girən dəqiqədən çıxana kimi qapıçı da daxil olmaqla pul güdürlər. Burda palata ödənişi, yuyunmaq, qadın həkimi, uşaq həkimi, uşağı bələmək, analizlərə görə qarşılıq tələb edirlər. Xəstəxanada qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək istəyən valideyn bunun üçün böyük xərcə düşməlidir. Eyni zamanda, yenicə doğuşdan çıxmış qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur. Bunun müqabilində isə xəstə yaxınlarından əlavə ödəniş istənilir. Digər tərəfdən xəstəxanadakı tibb bacılarına, baxıcılara və digər işçilərə 3 gün ərzində 100 manata qədər pul xərclənir. Nəticədə 4 nömrəli Doğum Evində 1 uşağın dünyaya gəlməsi 1000-1100 manata başa gəlir. Halbuki, bura dövlət xəstəxanasıdır və əhaliyə pulsuz tibbi xidmət göstərilməlidir. Doğum evinin nəzdində qadın məsləhətxanası fəaliyyət göstərir. Əgər qadın hamiləlik dövründə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, o zaman hər dəfə əlavə ödəniş etmək məcburiyyətində qalır. Doğum evində pulsuz tibbi xidmətdən söhbət belə gedə bilməz. Burada hətta palatanı təmizləyən süpürgəçiyə də pul vermək gərəkdir. Bunlar bir yana qalsın, yenicə ana olmuş qadınların yanına yemək gətirən qohumları onu içəri keçirə bilmələri üçün qapıda dayanan şəxslərə "görüm-baxım" edirlər". Mənbənin vurğuladığı əsas məqamlardan biri də həkimlərin doğuş prosesi zamanı hamilə qadınlara qarşı kobud münasibət göstərməsidir: "Doğuş əməliyyatını həyata keçirən həkimlərin bir neçəsi affekt vəziyyətində olan hamilə xanımlara qarşı xoşagəlməz hərəkətlər edir, hətta onların ünvanına etik normalara uyğun olmayan sözlər işlədirlər. Doğum evinin baş həkimi təxminən bir il əvvəl dəyişib. Şəfəq xanımın gəlişindən sonra doğum evi daha acınacaqlı vəziyyətə düşüb. Xəstəxanada çalışan həkimlərin bir çoxu savadsızdır. Həmçinin onlar işlərinə yetərincə məsuliyyət göstərmirlər. Bu səbəbdən doğum evində tez-tez bədbəxt hadisələr qeydə alınır". Bu arada, onu da bildirək ki, bir neçə gün əvvəl 4 saylı Doğum Evində uşaq ölümü baş verib. Belə ki, Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə isə uşağın ölümündə doğuş prosesində iştirak edən həkimlərin günahı olub. Uşağın hansı səbəbdən ölməsi, eləcə də səsləndirilən digər ittihamları araşdırmaq məqsədilə 4 nömrəli Doğum Evinə zəng vurduq. Dəstəyi qaldıran baş həkimin köməkçisi Şəfəq Yusifovanın yerində olmadığını bildirdi. Gələn saylarımızda ölüm şəhadətnamələrinin nəyin qarşılığında verilməsi, doğuş zamanı qeydə alınan bədbəxt hadisələrin ictimaiyyətdən gizlədilməsi və baş həkimin "Mən Nigar Əliyevanın kadrıyam. Məni heç kim cəzalandıra bilməz" deməsindən söhbət açacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net