"Yalandan da olsa guya Elçibəyin yolunu getdiklərini iddia edən..."
Tarix: 7-03-2016, 09:57 | Çap et
"Yalandan da olsa guya Elçibəyin yolunu getdiklərini iddia edən..."
5 il öncə ABŞ-da səfərdə olarkən Ağ Evin qarşısında avtobusdan enərkən səfər yoldaşlarımızdan biri əlində tutduğu bayraqla birlikdə şəkil çəkdirməyi xahiş etdi. Bir tərəfindən yapışaraq şəkil çəkdirdikdən sonra gördük ki, bayraq tərsinə tutulub, dərhal dəyişdirib yenidən çəkdirdik. Sonradan dostlardan birinin səhifəsində bu yanlış şəkil yerləşdirildi və az sonra çıxarıldı. Az keçməmiş bütün İrana işləyən saytlar və iranyönlü profillər bu şəkili tirajlayaraq Şəxsimi təhqir etməyə başladılar. Guya bayrağı çox sevirmişlər və bizim bu hərəkəti də Vətənə xəyanət kimi qiymətləndirmişlər.

İndi baxıram ki, üzərindən xeyli müddət keçəndən sonra AXCP-dən olan məxluqlar, Bəhruz Həsənli və başqa ləyaqətsizlər, ardınca da Millətçi Gənclər təşkilatına aid profillər həvəslə bu şəkilləri paylaşaraq bizi söymək üçün fürsət əldə ediblər. Eybi yox, bir gün vaxt ayırıb bunlara ayrıca bayraq dərsi keçərəm. Ancaq əsas düşündürücü məqam başqadır.
Necə olur ki, bu üç fərqli görünən cinahlardan hər dəfə bizə qarşı eyni hücumları müşahidə edirik? Necə olur ki, İranyönlü saytlarda əleyhimizə hansı materiallar gedirsə, dərhal bunların da səhifələrində paylaşılır? Prinsipcə yalandan da olsa guya Elçibəyin yolunu getdiklərini iddia edən AXCP-nin və Millətçi Gənclər təşkilaının Bütöv Azərbaycan şüarına görə İrançı qüvvələrlə maraqları toqquşmalıydı və bunların birləşmə ehtimalı olmamalıydı.

Diqqət yetirsəniz, Nardaran hadisələrində hansı qüvvələrin ölkəmiz üçün problem yaratdığı hamımıza aydın olduğu halda dövlətin dini ekstremizmə qarşı atdığı addımlara qarşı İran ayətullalarının verdiyi bəyanatlarla sosial şəbəkədə özlərini cəbhəçi adlandıran məxluqların bəyanatlarında xeyli ortaq məqamlar və çağırışlar yer alırdı. Təsəvvür edə bilərsinizmi ki, Azadlıq hərəkatından çıxmış, yaxud da əsil cəbhəçi kimliyini daşıyan hansısa şəxsiyyətli azərbaycanlı İran ayətullaları ilə eyni mövqedən çıxış etsin? Bu mümkün ola bilməz. Ancaq bu saxta cəbhəçilər insan haqları bəhanəsi ilə ölkədəki xurafatı və cəhaləti dəstəkləmək yolunu tutmaqdan çəkinmədilər. Bizim iradəmizi ifadə etməyən yanlış şəkli bəhanə edib bizi söyən və söydürən bütün irançı, cəbhəçi və saxta milliyətçi ünsürlərin birləşməsi həqiqətən də düşündürücüdür və Şəxsimə qarşı hansı çirkin vasitələrə əl atırlarsa atsınlar, bu birliyə qarşı bundan sonra da cavabımız sərt olacaqdır.

Fazil Mustafa, millət vəkili





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net