
Redaksiyamıza “GəncəBank”da baş verən özbaşınalıqlarla bağlı məlumat daxil olub. Vertikal.az-ın elektron ünvanına göndərilən həmin məlumatı diqqətinizə təqdim edirik:
“Bu yaxınlarda bir qrup Xocalı qaçqını ilə görüşən SKMF sədri Şirzad Abdullayev müvəkkil banklardan qaçqınlara SKMF kreditləri ayırmağı xahiş etmişdi, banklar da müsbət cavab vermişdilər. Bu banklardan biri SKMF kreditlərinin mənimsənilməsində ad çıxarmış və peşəkar fırıldaqçılarla dolu olan “Gəncəbank”dır.
Bir qrup qaçqın və məcburi köçkün Gəncəbanka gələrək Şirzad Abdullayev tərəfindən göstərişlə verilmiş kreditləri almaq üçün bank rəhbərliyinə müraciət ediblər. Nəticədə məlum olub ki, onlara kredit düşmür, və s. bəhanələr gətiriblər. Aydın olub ki, bankın səhmdarı, “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanovun iş şəriki Pərvanə Novruzova SKMF sədri Şirzad Abdullayevlə cinayətkar işbirliyi quraraq fondun pullarını şərikli şəkildə mənimsəyirlər.

Qeyd edək ki, Pərvanə Novruzova maxinasiyalar edərək SKMF vəsaitinə Samux rayon Sarıqamış kəndində ferma tikdirir. Məqsəd çirkli pulların yuyulması və varlanmaqdır.
Bildirək ki, “Gəncəbank” müdhiş maxinasiyalarla məşğul olan bankdır. Məcburi köçkünlərin dediyinə görə, bank rəhbərliyi SKMF və biznes kreditləri üzrə müştərilərdən "şapka" tələb edir. Bundan başqa regionda verilən ipoteka kreditlərindən də "şapka" yığılır.
Bütün bu maxinasiyalara Mərkəzi Bankda olan şəxslər, başda Elman Rüstəmov olmaqla Rəşad Orucov, Alim Quliyev və başqa aidiyyatı şəxslər aid edilir.
Bank tərəfindən əhalinin mülkiyyətinə əl qoyulur, müştərilərin pulları dövriyyəyə buraxılır”.