Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi korrupsiyada ittiham olunur
Tarix: 9-03-2015, 15:02 | Çap et
Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi korrupsiyada ittiham olunur
"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli şöbələrində acınacaqlı vəziyyət hökm sürür. Məsul şəxslərin yerində olmaması və ya işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi nəticəsində bir sıra rayonlarda əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər ortaya çıxıb. Son illər Biləsuvar rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib. Bu barədə redaksiyamıza məlumat verən və adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir: "Hazırda Biləsuvarın əksər kəndlərində əkin sahələri susuzluqdan quruyub məhv olmaqdadır.

Ərazilərə drenaj kanalları çəkilmir, suvarma sistemləri yenidən qurulmur, buna görə də əkin sahələri məhv olub gedir. İdarənin əsas vəzifəsi əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasını, sahələrin suvarma suyu ilə etibarlı şəkildə təminatını təşkil etməkdən ibarət olsa da, Ədalət Babayev işini bacarmır. Rəis və işçiləri mövcud su ehtiyatlarının idarə olunmasına, onlardan maksimum səmərə ilə istifadə edilməsinə, suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirmir. Qurumun balansında 44129 hektar sahə var. Amma bu ərazilərin suvarılması ürəkaçan səviyyədə deyil. İdarədə 63 nasos stansiyası, xeyli hidrotexniki qurğunun olmasına baxmayaraq, fəaliyyəti çox aşağıdır. Hidrotexniki qurğuların və elektrik mühərriklərinin yetərli hissəsi nasaz vəziyyətdədir. Ədalət Babayev yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə heç bir köməklik göstərmir". Məlumatlı mənbə iddia edir ki, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlər, eləcə də yanacağın böyük hissəsi mənimsənilir: "Ədalət müəllimin ən böyük biznesi yanacaq alveridir. O, bu alveri qaynı, Suvarma Sistemləri İdarəsinin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun əli ilə həyata keçirir. Dövlət qiymətindən xeyli aşağı satılan idarə benzini və dizel yanacağı alıcılar üçün daha sərfəli olduğundan daha tez satılır. Rayondakı yanacaq alverçiləri və müxtəlif adlar altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri də Ədalət müəllimin mülkiyyətində olan yanacaq və sürtkü materiallarını satmaqla məşğuldur. Digər tərəfdər, idarəyə istifadə üçün verilən elektrod, sement, üzərinə "Azmelsu" yazılmış fəhlə ayaqqabıları bazarda və ya xüsusi dükanlarda işbazlar tərəfindən satılır. Bütün bu qanunsuz işlər idarə rəisinin qohumları, əsasən də qaynı Nizami Rəsulov və digər yaxınları tərəfindən həyata keçirilir. Əvvəllər idarənin nəzdində fəaliyyət göstərmiş camışçılıq və qoyunçuluq təsərrüfatları bütün mülkiyyəti, yardımçı tikililəri və örüş sahələri ilə birlikdə idarə rəisi Ədalət Babayev tərəfindən özününküləşdirilərək mənimsənilib. İdarəyə məxsus 3 traktor isə rəisin şəxsi tapşırığı əsasında icarəyə verilib. Adları ştat cədvəlində gedən 30-40 fəhlə isə işə gəlmədiyi halda adları işçi kimi gedir, onların maaşı rəis tərəfindən mənimsənilir. Ədalət Babayev idarənin bəzi işçilərini öz şəxsi təsərrüfatında işlədir. Belə ki, onun "Promxor" yolunun üstündə tikdirdiyi möhtəşəm imarət uzaqdan diqqəti cəlb edir. Rayonda bu görkəmdə villa yoxdur. Müasir mühafizə sistemləri ilə təchiz edilmiş bu topdağıtmaz sarayın qiyməti milyonlara bərabərdir. Amma ondan soruşan yoxdur ki, bu sarayı sən hansı pulla tikdirmisən. Villanın tikintisində idarənin işçilərinin əməyindən də istifadə olunub. Ki, bu da qanuna zidd haldır". Ədalət Babayevin törətdiyi digər xoşagəlməz əməlləri barədə danışan mənbə onu da qeyd etdi ki, idarə rəisi Biləsuvar kəndlərindən birində orta məktəbi bitirib, daha sonra ali məktəbə daxil olub: "Necə oldusa o birdən-birə Biləsuvar Suvarma Sistemləri İdarəsinə rəis təyin edildi. 12 ildən artıqdır ki, bu vəzifədə işləyir. O rəis təyin olunar-olunmaz ilk öncə öz rifahı haqqında düşünməyə başladı. Elə ilk gündən karyera, pul, var-dövlət qazanmağı öz həyat tərzinə çevirdi. Ədalət müəllim rayonun iqtisadi rıçaqlarından birinə, özü də ən böyüyünə, yəni suvarma suyu sektoruna rəhbərlik edir. Suvarma Sistemləri İdarəsi olmasa, rayonun suvarma şəbəkəsi iflic olar, iqtisadiyyatı əkinçiliyə söykənən rayon tənəzzül edər. Biləsuvarın bütün suvarma şəbəkəsinə sahib olan Ədalət Babayev rayondakı əkilən ucsuz-bucaqsız torpaq sahələrinin mülkiyyətçisi və ya icarədarıdır. Onun baş sayı minlərlə davardan ibarət qoyunçuluq, başı dönməyən naxırları olan heyvandarlıq təsərrüfatları var. Həmçinin "AMB Kredit" kredit ittifaqı ASC də idarə rəisinin nəzarətindədir. Deyilənə görə, bu təşkilat idarə rəisinin pullarının üstünə faiz gətirmək üçün təşkil olunub. Və qanunsuz maliyyə əməliyyatlarının həyata keçirilməsinin bir hissəsidir. İdarə rəhbəri geridə qalan dövr ərzində dövlət büdcəsinə vurduğu ziyanın hesabına böyük maliyyə kapitalına sahib çıxmağı bacarıb. Onun Astaraya gedən yolun Biləsuvar hissəsində, daha dəqiq desəm, Xırmandalı kəndinə çatmamış yolun sağında, dövlət torpaqlarında balıq vətəgələri var. Biləsuvar şəhərinin qərb qurtaracağında İrana gedən yolun sağında bələdiyyə torpaqlarından 60 sotu Ədalət Babayevin qohumlarının və ya idarəsindəki bəzi əməkdaşların adına rəsmiləşdirilib. İdarə rəisi bu torpaqlarda şadlıq sarayı tikdirməyi planlaşdırır". Aldığımız məlumatda o da bildirilir ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinə məxsus texnika idarənin işini görmək, yəni şor kanallarını və xəndəkləri lildən təmizləmək əvəzinə süni balıq vətəgələri inşa etməklə məşğuldur: "Rayondakı su nasoslarının adına yanacaq və sürtkü materialı silinir. Motorlar işləmədiyi halda işləyirmiş kimi rəsmiləşdirilir. Eşitdiyimə görə, idarə rəisi hesabdan silinmiş maşın və mexanizmləri də doğratdıraraq "metallom" kimi satdırıb, puluna isə "Dayman" markalı nəhəng traktor alıb. İndi bu "Dayman" Ədalət Babayevin xidmətindədir". Gələn saylarımızda Hesablama Palatasının idarədə apardığı yoxlamaların nəticəsində üzə çıxan şok yeyintilər, Ədalət Babayevin hansı pullarla Almaniya və Türkiyədə istirahət etməsi, həmçinin icra başçısı Mahir Quliyevi hansı formada razı salması barədə məlumat verəcəyik. Buyurun, hörmətli Əhməd Əhmədzadə, bu da sizə fakt. İdarə rəisi oliqarxlar səviyyəsində sərvətə sahibdir. Maraqlıdır, görəsən, o bu qədər mal-mülkü aylıq maaşı ilə əldə edib, yoxsa..? Fikrimizcə, aidiyyəti dövlət qurumları Biləsuvar Suvarma Sistemləri İdarəsində yoxlamalara başlasa, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilə bilər.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net