
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ciddi problemlərlə üzləşib. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan daxil olan məlumatlardan anlaşılır.
Xəbəri verən mənbənin iddialarına görə, ölkənin baş gömrükçüsü «yuxarılarla» münasibətində problem yaşayır: «Əslində bu məsələ bir dəfə mətbuatda qabardıldı. Amma nədənsə proseslə bağlı əlavə bilgilər ictimailəşdirilmədi. Əslində isə Aydın Əliyevin durumu olduqca gərgindir».
Mənbə bildirir ki, Aydın Əliyev gömrük rüsumunun yığılması prosesilə bağlı verdiyi hesabatlarında «böyük xətaya» yol verib ki, bu xəta naticəsində də keçən ilin yekunları üzərə təxminən 12 milyon manat həcmində çatışmamazlıq var.
Dia.az-a verilən informasiyaya görə, məhz bu səbəbdən ona olan etimadı itirən Aydın Əliyev hazırda vəzifəsini itirmək kimi bir aqibətlə üz-üzə qalıb.
Qeyd edək ki, Aydın Əliyevə qarşı buna qədər də eyni səpgili ittihamlar səsləndirilmişdi, lakin baş gömrükçü həmin ərəfədə «problemləri dəf etməyə» müvəffəq olmuşdu.
İndi isə situasiyanın fərqli olduğunu qeyd edən məlumatlı mənbə Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişikliyi istisna etmir: «Yaxın günlərdə şahidlik edəcəksiniz. Vəziyyət bu qədər ciddidir».