
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum sabiq səhiyyə naziri Əli İnsanovun adına “Banque de Luxembourg” kommersiya bankında aşkar edilmiş və 2000-2002-ci illərdə qoyulan 1,5 milyon ABŞ dollarının müsadirə olunması məsələsinə baxılması ilə əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatına baxılıb.
İclasda Əli İnsanovun hüquqlarını müdafiə edən vəkil Ağaveys Şahverdi “Banque de Luxembourg” bankına yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi “İnsanovin” dərmanının satışından yığılan vəsait olduğunu qeyd edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib. Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.
İnsanovun vəkilləri Turan-ın vəsaitlərin müsadirəsi mümkünlüyünü şərh etmək xahişinə cavabdan yayınaraq, onunla görüşdən sonra cavab verə biləcəklərini bildiriblər.
Öz növbəsində, hüquq sahəsində müstəqil ekspert Ələsgər Məmmədli Turan-a bildirib ki, Lüksemburq bankı, çətin ki, İnsanovun pulunu müsadirə etsin. İlk növbədə ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan məhkəmələri tərəfindən İnsanovun hüquqlarının pozulduğunu etiraf edib.
Xarici banklarda hesablara həbs qoyulması və vəsaitlərin təhvil verilməsi təcrübəsi var, lakin vəsaitin cinayət yolu ilə qazanıldığı sübuta yetirilməlidir.
“Belə məsələlər dövlətlərarası sazişlərlə tənzimlənir, bildiyim qədər, Azərbaycanın Lüksemburq və Avropa İttifaqı ilə belə sazişləri yoxdur”, deyə Məmmədli qeyd edib.
Xatırladaq ki, İnsanovun hesabında bir milyon yarım dollara yaxın vəsait olduğu haqqında məlumat mətbuata hesab sahibləri haqqında məlumat sızdıqdan sonra məlum olub. Maraqlıdır ki, hesab sahibləri arasında Azərbaycanın bir neçə nüfuzlu şəxsi və dövlət məmuru da var. Lakin hakimiyyət onların adlarını elan etməyə və bu vəsaitlərə həbs qoyulması tələbi ilə sorğu göndərməyə tələsmir.