Dərman bahalaşmasının arxasında Əli İnsanovun adamı dayanır
Tarix: 14-04-2015, 15:44 | Çap et
Dərman bahalaşmasının arxasında Əli İnsanovun adamı dayanır
Dərman bazarında müşahidə olunan kəskin bahalaşma ölkə başçısının narazılığı ilə qarşılanıb. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələyə xüsusi toxunaraq dərmanların baha satıldığını bildirdi. Ölkə rəhbəri bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün Səhiyyə Nazirliyinin rəhbərliyinə tapşırıqlar verib.

Qeyd edək ki, dərman bazarında qiymətlərin bahalığı bu sahədə monopoliyanın olmasından və bəzi şəxslərin subyektiv maraqlarını önə çəkməsindən xəbər verir. Heç kimə sirr deyil ki, hazırda ölkəmizin dərman bazarının böyük hissəsi Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus "Avromed Company" MMC-nin nəzarəti altındadır. İddialara görə, bazarda bahalaşmanı yaradan da məhz deputata məxsus şirkətdir. Xatırladaq ki, manatın ilk devalvasiyasından sonra "Avromed Company" MMC depolarını bağlamış və nəticədə paytaxtda, eləcə də bölgələrdə yerləşən apteklərin bir çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Lakin dolların kursu nisbətən sabitləşən kimi apteklər kifayət qədər bahalaşmış preparatlarla doldu. Əldə etdiyimiz məlumatlara əsasən, dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olan "Avromed" bu sahədə vəziyyəti düzəltmək əvəzinə, əlavə problemlərin yaranmasına səbəb olur: "2002-ci ilin aprelində təsis edilən şirkət dünyanın aparıcı əczaçılıq istehsalçılarının ölkəmizdəki ən böyük idxalçısıdır. Bu şirkətin ölkəyə idxal olunan dərman preparatları, tibbi vasitələrinin sayı 15 mindən artıqdır. "Avromed"in infrastrukturuna Bakıda yerləşən mərkəzi ofisi, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. "Avromed"in müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir. Paytaxtda yerləşən Mərkəzi Klinik Xəstəxana, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumlarının nəzdində olan müalicə müəssisələri də "Avromed"in müştəriləridir. Dərman biznesində əsas satış monopoliyası son illər tam olaraq Cavanşir Feyziyevin sahibi olduğu şirkətin əlinə keçib". Milli Məclisin deputatının bu sahədə nəzarəti ələ almasının səbəbkarı isə səhiyyə nazirinin müavini Elsevər Ağayevdir: "Nazir müavini ilə deputatın münasibətləri ən yüksək səviyyədədir. Bu səbəbdən Elsevər Ağayev Cavanşir Feyziyevin sahibi olduğu şirkətin bazarda əsas söz sahibinə çevrilməsinə şərait yaradıb. O dərman satışı ilə məşğul olan digər şirkətlərin dirçəlməsinə imkan vermir. "Avromed"lə yanaşı, ölkəyə xaricdən dərman preparatları idxal edən digər şirkətlər də var. Amma onların illik qazancı "Avromed"in gəlirlərindən qat-qat azdır. Cavanşir Feyziyev dərman və siqaret biznesindən əldə etdiyi milyonlar hesabına özünə, habelə yaxın çevrəsindəki insanlara hər cür şərait qurub. Deputatın sahibi olduğu mülkləri, obyektləri saymaqla bitməz". Bildiyiniz kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəyə idxal edilən dərmanlar ƏDV və gömrük rüsumlarından azad edilib. Buna baxmayaraq, dərman bazarındakı monopoliya "Avromed"ə imkan verir ki, ölkəyə gətirdiyi dərman preparatlarına istədiyi qiymət təyin edərək satışa çıxarsın. Yadınızdadırsa, Milli Məclisdə "Dərman vasitələri haqqında" Qanuna dəyişikliklər zamanı bəzi deputatlar dərman bazarındakı acınacaqlı vəziyyətə toxunmuş və "Avromed"in fəaliyyətini sərt tənqid etmişdi: "Azərbafycanda dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar". Cavanşir Feyziyev isə ittihamlara cavab olaraq dərman sahəsində monopoliyanın olmadığını iddia etmişdi: "Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə nisbətdə bahadır. Bunu inhisarçılıqla əlaqələndirirlər. Amma belə deyil". Nazir müavini Elsevər Ağayev isə mətbuata açıqlamasında vurğulayıb ki, "Dərman vasitələri haqqında" Qanunla müəyyən edilən dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının qanunauyğunluğu, dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin, həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətlərinin müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə 2007-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb: "Mərkəz tərəfindən respublika ərazisində fəaliyyət göstərən həm topdansatış, həm də pərakəndə satış əczaçılıq təşkilatlarında qanunvericiliyin tələbləri gözlənilməklə mütəmadi olaraq planlı reydlər keçirilir. Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onlardan xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğulolma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 195 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə cərimə protokolları tərtib edilib, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100 min qutudan çox, istifadə müddəti bitmiş 2500 qutudan çox dərman preparatları aşkar olunaraq müsadirə edilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi tərəfindən müvafiq qaydada məhv edilib". Təəssüf ki, nazir müavininin açıqlamaları öz effektli təsirini hələ də göstərməyib. Yəni dərman bazarında monopoliya var və "Avromed" şirkəti bahalaşma yaradır. Onu da qeyd edək ki, bir neçə il əvvəl məhz Elsevər Ağayev əlində olan administrativ imkanlardan istifadə edərək ayrı-ayrı iş adamlarını bu sahədən uzaqlaşdırmağa nail olub. Hazırda ən iri dərman depolarının Elsəvər Ağayevin himayəsinə sığınaraq fəaliyyət göstərdikləri bildirilir. Çünki Elsevər Ağayev istədiyi zaman istədiyi aptekin lisenziyasını ləğv etmək imkanına sahibdir: "Əli İnsanovun kadrlarından hesab olunan Elsevər Ağayev ilk zamanlar bəzi problemlər yaşasa da, hazırda dərman bazarını tam kurasiyada saxlamağı bacarıb. Bəzi qüvvələr dərman satışı üzərində inhisarı ələ keçirməsində ona yardım edib. Hazırda Səhiyyə Nazirliyi bir neçə böyük dərman depolarına və aptek qruplaşmalarına lisenziya verir ki, bunların da başında Elsevər Ağayevə məxsus olan "Zəfəran" və "Odlar yurdu" aptekləri, həmçinin onun himayə etdiyi "Avromed" şirkəti gəlir". Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara görə isə ölkə başçısının dərman bazarındakı bahalığa toxunması həm Elsevər Ağayevi, həm də Cavanşir Feyziyevi bərk narahat edib. Mənbəmizin iddiasına əsasən yuxarılar dərman bazarında yaratdıqları problemlərə görə nazir müavini ilə deputatı cəzalandıra bilər: "Hazırda Elsevər Ağayevin vəzifədən uzaqlaşdırılması məsələsi gündəmə gəlib. Bu şəxs işdən azad edilsə, Cavanşir Feyziyevin dərman bazarındakı hegemonluğu avtomatik olaraq başa çatacaq. Belə bir ərəfədə isə Cavanşir Feyziyev "Avromed" şirkətində rəhbər vəzifədə işləyən qardaşı oğluna " Buta Palace"da dəbdəbəli toy keçirib. Halbuki, cənab prezident vəzifəli şəxslərə bu cür şənlik məclisləri təşkil etməkdən çəkinməyi tapşırıb. Cavanşir müəllim isə ölkə başçısının tapşırıqlarına rəğmən, qardaşı oğluna uzun müddət yaddaşlarda qalacaq toy edib. Toyda tanınmış şəxslərin və müğənnilərin iştirak etdiyi bildirilir. Deyilənə görə, bütün dəvətlilərə əvvəlcədən tapşırılıb ki, toyda hədiyyə və pul qəbul edilməyəcək. Bu faktın özü bir daha sübut edir ki, feyziyevlər dərman və siqaret satışının monopoliyasından külli miqdarda qazanc əldə edə biliblər". İnanırıq ki, dövlət səviyyəsində dərman bazarına nəzarət daha da gücləndiriləcək və bu sahədə problem yaradan şəxslər tezliklə cəzalandırılacaq. Bəli artıq səhiyyə naziri cənab Oqtay Şirəliyev bütün qüvvələri səfərbər edərək mövcud özbaşnalıqlara son vermək niyyətindədir.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net