
Ötən ilin yekunları ilə bağlı hökumətin hesabatlarından dərhal sonra dövlət qurumlarında ciddi narahatlıq yaşanmağa başladı.
Belə ki, Hesablama Palatası 2014-cü ilin sonu, 2015-ci ilin ilk aylarında bir sıra dövlət qurumlarında və icra hakimiyyətlərində yoxlamalarla bağlı qərar verdi.
2014-cü ilin dekabr ayında Hesablama Palatasının Kollegiya iclasından sonra sözügedən rayonlardan biri də Cəlilabad rayonu idi ki, bu rayonda ciddi korrupsiya faktlarının olması ilə bağlı zaman-zaman şikayətlər və iddialar səsləndirilir. Amma rayonda yoxlamaların necə və hansı şəraitdə aparılması bu vaxta qədər bəlli olmadı.
Arqument.Az-a daxil olan ilginc məlumata görə, Hesablama Palatası daha iki rayonda - Cəlilabad və Biləsuvar rayon İcra Hakimiyyətlərində yoxlamalar aparacaq. İndiyə qədər bu rayonlara ayrılan vəsaitin şəffaf xərclənmədiyini və hər iki rayonda külli miqdarda mənimsəmə faklarının olduğunu deyən mənbə iddia edir ki, yoxlamalar adıçəkilən rayonlarda ciddi səs-küylə yadda qalacaq. Belə ki, həmin rayonların İcra Hakimiyyətləri yoxlandıqdan sonra bu faktlar açıqlanacaq və icra başçıları ilə bağlı ciddi qərar veriləcək.
Qeyd edək ki, 2014-cü ilin yoxlamaları zamanı da Hesablama Palatası hər iki rayonda ciddi mənimsəmə faktlarının olduğunu açıqlamışdı. Belə ki, 29 aprel 2014-cü ildə Hesablama Palatasının dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Biləsuvar-Əsgərabad-Aşağı Cürəli-Amankənd-Ağalıkənd-Ovçubərə avtomobil yolunun, habelə obyektlərin təmir-tikintisinə ayrılan vəsaitin istifadəsində qanunsuzluqların aşkarlandığı bildirilirdi və mediada 7,6 milyon manat vəsaitin uçota alınmadığının müəyyən olunuduğu iddia olunurdu.
Cəlilabad rayonuna gəlincə, mənbə bildirir ki, artıq yoxlamalarla bağlı icra başçısı Əziz Əzizova xəbərdarlıq da olunub. Həmçinin onun şəxsi biznesinin də yoxlanacağı vurğulanır. Bildirilir ki, Fərhad Əliyevdən sonra bu rayonu tam öz nəzarətinə götürən Əmlak Komitəsinin sədri Kərəm Həsənovla icra başçısının böyük və ortaq biznes şəbəkələri var. Görünən odur ki, icra başçısının yoxlanılması həm də komitə sədrinə ciddi mesajdır.
Mövzunu diqqətdə saxlayacağıq.