“Akkord”un sifarişlərini Avropadan Azərbaycana piyada gətirirlər?
Tarix: 1-04-2015, 11:00 | Çap et
“Akkord”un sifarişlərini Avropadan Azərbaycana piyada gətirirlər?
“Abşeron gənclər şəhərciyi”ndə yaşayan bir qrup sakin redaksiyamıza şikayət məktubu göndərib. Sakinlər “Akkord”un məsuliyyətsiz işçilərindən şikayətçidirlər. Məktubu olduğu kimi dərc edirik:

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının baş direktoru Göksel Aybekə.

Hörmətli Göksel bəy!
Sizi rəhbərlik etdiyiniz şirkətin inşa etdiyi “Abşeron gənclər şəhərciyi”nin bir qrup sakini narahat edir.

Bildirmək istəyirik ki, şəhərcikdə 4 ildən artıqdır tikintisi başa çatmış sonuncu binalardan birində - 74 saylı blokda kommunal şərait bərbad gündədir. 3 ildən çoxdur bu bina yaşayırıq. Binanın blokundakı pəncərələrin əksəriyyətinin ya özü, ya da şüşələri yoxdur. Şüşəsi olanlar isə bina təhvil verildikdən bəri bir dəfə də olsun silinməyib, çirk içindədir. Bloka tozdan girmək mümkün deyil. 3-4 mərtəbəni süpürürlər, yerdə qalanına baxan yoxdur. Pilləkənlərə düzülmüş plitələr elə blokun girişindən tutmuş sonuncu mərtəbəyə qədər qırıq-qırıqdır. Azacıq diqqət edilməsə, hər an yıxılmaq təhlükəsi var.

Bina quraşdırılmış liftdən isə xəbər-ətər yoxdur. Təxminən bir il əvvəldən quraşdırılmasına başlanılan liftə bu günə kimi hələ istifadəyə verilməyib. Əvvəlcə lift quraşdırılan zaman qapılarını sındırdılar, 2-3 ay onu gözləməli olduq. Daha sonra qapını quraşdırdılar, indi də məlum oldu ki, liftin düymələri yoxdur. Soruşduqda isə bildirdilər ki, “liftin düyməsini başqa binada lift düyməsi xarab olubmuş, ora istifadə ediblər.” Maraqlıdır ki, 10 mərtəbəli binada quraşdırılmış 9 lift çıxışının hamısının düymələri necə eyni anda başqa yerə quraşdırıla bilər?

Dəfələrlə müraciət etməyimizə baxmayaraq, rəhbərlik etdiyiniz şirkətin rəsmmi nümayəndələri düymələrin sifariş verildiyini və hələ də gəlib çıxmadığını bildirirlər.
Sizcə də maraqlı deyilmi, dünyanın ən ucqar nöqtəsindən sifarişlər ən çoxu 20 günə Azərbaycana çatdığı halda, Almaniyadan 2-3 aya lift düyməsinin gəlib ölkəmizə çatmaması?

Bəlkə xəbərimiz yoxdur, lift düyməsini gətirənlər piyada gəlirlər? Əgər piyada gətirirlərsə, onda sözümüz yoxdur, ola bilsin Ukraynadakı böhranlara görə, Donetskdə, Luqnaskda ilişib qalıb.

Çox xahiş edirik, ən inandığınız şəxsi göndərin, gəlib bu şəhərcikdəki bərbad durumu görsünlər.”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net