Vətəndaş Xətainin hüquq-mühafizə orqanlarından şikayətçi düşüb
Tarix: 27-05-2015, 11:46 | Çap et
Vətəndaş Xətainin hüquq-mühafizə orqanlarından şikayətçi düşüb
Redaksiyamıza daxil olmuş daha bir şikayət ərizəsində növbət dəfə ölkənin hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən vətəndaşın hüquqlarının kobud şəkildə pozulmasından bəhs olunur. Təəssüfləndirici haldır ki, son vaxtlar bu kimi şikayət ərizələri həm ölkə mətbuatına, həm də digər əlaqədar instansiyalara olduqca tez-tez ünvanlanmaqdadır. Bəzi hallarda isə iş hətta o yerə gəlib çıxır ki, şikayətçilər üzləşdikləri problemin həlli üçün artıq birbaşa ölkə rəhbərliyinə müraciət etməli olurlar. Elə nəzərdən keçirdiyimiz halda zərərçəkmiş tərəf kimi çıxış edən vətəndaş Şixmirova Şəhla Asəf qızı da surətini redaksiyamıza təqdim etdiyi ərizə ilə ölkə prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Həmçinin qeyd etmək istərdik ki, şikayətçi bu ərizənin surətlərini Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova da ünvanlamışdır. Öz ərizəsində Şəhla Şixmirova yol-nəqliyyat qəzası nəticəsində həyat yoldaşı İmran Şixmirovun həlak olduğunu, bundan sonra keçirilmiş istintaq və məhkəmə araşdırılması zamanı isə qeyri-obyektivliyə yol verildiyini iddia edir.Bu xüsusda ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, 12 iyul 2014-cü il tarixində vətəndaş Abbasov Xəqani Zahid oğlu idarə etdiyi avtomobillə qəza törədərək, həyat yoldaşım Şixmirov İmran Şərafəddin oğlunu həmin avtomobillə vurmuşdur. Hadisə nəticəsində həyat yoldaşım ağır xəsarətlər alaraq dünyasını dəyişmişdir. Baş verənlərdən güclü stress keçirdiyimə baxmayaraq, mən bu işlə dəfələrlə maraqlansam da, məni bir dəfə də olsun hadisə ilə bağlı aparılan instintaqa çağırmadılar. Bir nüddətdən sonra bu işlə yenidən maraqlandığımda isə bildim ki, bu iş artıq məhkəmədə həll olunub. Həmçinin öyrəndim ki, işə Xətai rayon məhkəməsində, hakim Nazim Hikmətovun sədrliyi ilə baxılıb. Həmin prosesdə zərərçəkmiş tərəf kimi mənim iştirakım da təmin olunmayıb. Hadisəni törətmiş Abbasov Xəqani Zahid oğluna isə çox yüngül cəza verilib: cəzasını məntəqə tipli cəzacəkmə müəssəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə.”Qeyd edək ki, hadisənin təfərrüatları ilə tanış olmasaq da, ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş şəxs üçün bu cəzanın həqiqətən yüngül olduğu dərhal diqqəti çəkir. Digər tərəfdən də ərizədə diqqəti cəlb edən daha bir məqam məhkəmə araşdırması zamanı hadisə nəticəsində dünyasını dəyişmiş İmran Şixmirovun hüquqi varisi kimi onun qardaşının qəbul edilməsi ilə bağlıdır. Halbuki, İmran Şixmirovun vəfatından sonra onun həyat yoldaşı və azyaşlı oğlu qalıblar ki, hüquqi varis kimi də məhz onların tanınmağı qanunlarımıza müvafiq olardı.Öz ərizəsində Şəhla Şixmirova bu xüsusda yaranmış vəziyyəti belə təsvir edir: “Mən və mənim az yaşlı oğlum qanuni varis ola-ola, məhkəmədə mərhum həyat yoldaşımın qardaşı Şıxmirov Ərzuman Şərafəddin oğlunu varis təyin ediblər. Açıq-aşkar həm instintaqda, həm də məhkəmədə mənim hüquqlarımı pozublar. Xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpasına kömək edəsiniz.”Ümid edirik ki, Şəhla Şixmirovanın müraciəti müvafiq instansiyalar tərəfindən diqqətə alınacaq və problem öz ədalətli həllini tapacaqdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net