Ağdaşın torpaqları suya həsrət qalıb
Tarix: 24-04-2015, 11:51 | Çap et
Ağdaşın torpaqları suya həsrət qalıb
Ağdaşdan yeni daxil olmuş şikayət məktublarında yerli fermerlər bu rayonda fəaliyyət göstərən Pirəzə Mexaniki Suvarma İdarəsinin işində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi İlham Əliyev tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlum olduğu kimi, Ağdaş rayon sakinlərinin ənənəvi məşğuliyyətləri əsasən heyvandarlıq təsərrüfatları ilə bağlı olub. Yalnız son illər məhz əkinçilik mədəniyyətinin yüksəldilməsi yönümündə dövlət tərəfindən bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. Ağdaşın mülayim-isti, quru-subtropik iqlimə malik olması və həmçinin nəqliyyat qovşağının mərkəzində yerləşməsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün olduqca əlverişli şərait yaradır. Aqrar sahənin inkişafı ilə bağlı ildən–ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması məhsul istehsalının artırılmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb ola bilər. Əlbəttə ki, bu baxımdan rayonun 11 kəndinin 9650 hektar sahəsini mexaniki yolla suvarma suyu ilə təmin edən Pirəzə Mexaniki Suvarma İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Lakin aldığımız məlumatlarda bu idarənin fəaliyyətində bir sıra neqativ halların müşahidə olunduğu bildirilir. İddia olunur ki, idarə müdiri öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradır. Bu xüsusda aldığımız məlumatlarda mənbələr İ.Əliyev tərəfindən həyata keçirilən bəzi maxinasiyalar barədə daha ətraflı açıqlamalar təqdim edirlər. Bildirilir ki, Pirəzə Mexaniki Suvarma İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən idarə müdirinin özünə qaytarılır. Təbii ki, müəssisə rəhbərləri də bu maxinasiyalardan öz faizlərini alırlar. Məsələn, bir müddət əvvəl “Tikinti Təchizat Dizayn” MMC-nin hesabına ehtiyyat hissələrinin alınması məqsədilə köçürülmüş 123 min manat və “Şirvan İnşaat” MMC-nin hesabına binaların təmiri məqsədilə köçürülmüş 108 min manat məbləğində vəsaitlərin də aqibəti məhz belə olmuşdur. Həmçinin mənbələr iddia edirlər ki, kanalların təmizlənməsində iştirak etməli olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da İ.Əliyevin maxinasiyaları sayəsində “yoxa çıxır”. Belə ki, yuxarıda təqdim olunan sxem yanacaq-sürtgü materialları ilə həyata keçirilən maxinasiyalarda da tətbiq olunur. Həm də məlumatlara görə İlham müəllim bu maxinasiyaları idarənin keçmiş müdirindən ona “miras” qalmış mühasiblə bigə həyata keçirir. Digər tərəfdən isə Pirəzə Mexaniki Suvarma İdarəsinin rayon mərkəzindən bir qədər uzaqda yerləşməsi İ.Əliyevin tez-tez işdə olmaması üçün əsil bəhanəyə çevrilmişdir...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net