OMON hadisələrinə yenidən baxış: Nə baş vermişdi...
Tarix: 10-03-2015, 11:08 | Çap et
OMON hadisələrinə yenidən baxış: Nə baş vermişdi...
...Düz 20 il əvvəl baş vermiş 13-17 mart hadisələrindən danışarkən nədənsə, 8 mart tarixi mənim üçün daha maraqlı tarix kimi yadıma düşür və xatırlanır... Mən 8 mart Qadınlar bayramını deyirəm... Düz 20 il əvvəl-1995-ci ilin martın 8-i şənbə gününə təsadüf edirdi. Martın 7-ci isə həftənin sonuncu iş günü olduğundan "Təzadlar"da çalışan köçkün xanım əməkdaşları təbrik edərək, onları evə yola saldıq. Sonra isə "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas və həmin qəzetin baş redaktor müavini Nazim Ağamirov, bir də mən-üçümüz "Təzadlar"ın mən baş redaktor kimi əyləşdiyim (mən həmin vaxtlarda həm də "Ədalət" qəzetinin baş redaktorun 1-ci müavini idim) kabinetdə bayram süfrəsi ətrafında nahar edirdik. Bu vaxt qapı döyüldü. Açarla bağlanmış qapını açdım. Bir nəfər oğlan qapının ağzında dayanmışdı... Onu nahara dəvət etdim. Təşəkkür etdi. Amma hiss etdim ki, çox narahatdır, həyəcanlı idi... O, "Asif Mərzili lazımdır", dedi. Bildirdim ki, mənəm. Dərhal əlində kitaba oxşayan bir bükülünü mənə uzatdı, "Sizə çatacaq", -deyərək dərhal da çıxıb getdi. Mən onun arxasınca "Kim göndərib?", deyə soruşdum. Sualım cavabsız qaldı... Onun dərhal uzaqlaşması məndə şübhələr yaratdı. Lakin artıq gec idi, O, gözdən itmişdi. Qapını açarla bağlayıb süfrə arxasına keçdim.
Nahardan sonra həmin bükülünü açdım, içərisində bir videokaset var idi. Amma həmin illərdə bu lentli kasetə işdə baxmaq mümkün deyildi... Axşam evə gedəndə birinci olaraq video-pleyeri qoşub həmin kasetə baxmalı oldum... Keçmiş müdafiə naziri Rəhim Qazıyev kasetdə mənə müraciət edirdi.
Kaseti sonadək diqqətlə izlədim. R.Qazıyev həmin dövrdə MTN-nin təcridxanasından qaçırılmışdı (Arif Paşayev, Baba Nəzərli və digərləri ilə birlikdə) və axtarışda idi. R.Qazıyev həmin vaxtlarda "Təzadlar"da dərc olunmuş bir yazıdan qəzəblənərək mənə müraciət edirdi, həmçinin Prezident H.Əliyev, Cəlal Əliyev və digər yüksək vəzifəli məmurlar barədə sərt ifadələr işlədirdi...
Səhər işə gedərək X.Məmmədov Xeyriyyə Cəmiyyətinin sədr müavini (qəzet həmin dövrdə cəmiyyətin təsisçiliyində idi) Ş.Hüseynoğlunu axtarıb tapdım, kaset barədə ona danışdım. Sədr müavini həyəcanlandı və kaseti təcili olaraq cəmiyyətin sədri Rövşən Cavadova çatdırmağın vacibliyini dedi. Amma məlum oldu ki, R.Cavadov idmanda ayağını əzdiyindən (DİN nazirinin müavini idi) işə çıxmır və evdədir. Mən mərhum Komandirin (O, həm də "OMON"nun komandiri idi) evinə yollandım. Evlərində xeyli qonaqlar var idi. Çeçenistandan gələn səhra komandirləri və başqaları idilər. Binanın həyətində isə "OMON"çular dayanmışdılar. "OMON"nun Qazax bölməsinin rəhbəri Elçin Əmiraslanovu da ilk dəfə orada gördüm. Tanıdıqlarımla söhbətlərdən məlum oldu ki, Qazaxda sərhəddə ermənilər fəallaçıb, silah çatışmır, bunun üçün Bakıya gəlib... Həmçinin hansısa vəzifəli şəxslərdən birinə məxsus olan və Gürcüstana aparılan metalla bağlı gömrükçülərlə nəsə problemlər yaşanıb.
Mühafizəçilər məni tanıdığından dərhal R.Cavadovun binanın, səhv etmirəmsə, 4-cü mərtəbədəki mənzilinə buraxdılar. Qonaqlarının olmasına baxmayaraq, Rövşən Cavadov məni başqa bir otaqda qəbul etdi. Kaset məsələsini ona danışdım və bükülünü ona verdim. R.Cavadov R.Qazıyevin ciddi şəkildə axtarışa verildiyi bir vaxtda video çıxış yazdıraraq redaksiyaya göndərməsindən çox təəccübləndi. Evdə Çeçenistandan qonaqlarının olduğunu bildirərək, dedi ki, sabah, yaxud birisi gün yenə evə gəlim, ona qədər də o, kaseti izləsin, lazım gələrsə redaksiyaya mühafizə göndərsin: "Bu, təxribat da ola bilər. Kimsə təxribat edib sonra bizi R.Qazıyevlə üz-üzə qoymağa, aranı qarışdırmağa çalışar", söylədi. O, çox narahat olmuşdu. Hətta bir az gülümsəyərək "Qorxmamısan?", deyə soruşdu... Mən də gülümsəyərək "Yox..." dedim. Sonra onunla xudahafizləşdim... Arxamca "Lazım gəlsə, prezidentə məlumat verərəm, narahat olma...", -dedi... Lakin bir neçə gündən sonra Qazaxda məlum 13 mart hadisələri baş verdi, Rövşən Cavadov və DİN müavini Zahid Dünyamalıyev, DİN-nin idarə rəisi Fətulla Hüseynov... Qazaxa getdilər...
(Ardı var)
Asif Mərzili - "Təzadlar" qəzeti





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net