Ramiz Yediyarov sahibkarı intihar həddinə çatdırıb
Tarix: 7-04-2015, 12:45 | Çap et
Ramiz Yediyarov sahibkarı intihar həddinə çatdırıb
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri bu rayonda sahibkarlıq fəaliyyəti göstərən daha bir şəxsi intihar həddinə çatdırmışdır. Bir müddət əvvəl qəzetimizin səhifələrində redaksiyamıza müraciət etmiş Oktay Qara oğlu Əliyev tərəfindən təqdim olunmuş faktlar əsaında bu xüsusda növbəti material dərc olunmuşdu. Şikayətçi bildirmişdi ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdur. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti rayon Məhkəməsinə həmin obyektin (bir çox digərləri ilə bigə) məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdir (10 fevral 2015-ci il tarixində). Artıq 12 fevral tarixində isə, Oktay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdir. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oktay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Dünən yenidən redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdir. Hal-hazırda maddi durumunun olduqca ağır olduğunu vurğulayan O.Əliyev son ümid yeri olaraq dövlət başçısına müraciət etmək qərarına gəldiyini bildirmişdir. Həmçinin sahibkar qeyd etmişdir ki, bu son ümidinin də doğrulmayacağı təqdirdə özünü Prezident Administrasiyasının binası qarşısında yandıraraq intihar etmək niyyətindədir. Oktay Qara oğlu Əliyevin ölkə prezidentinə müraciətini olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Sumqayıt şəhəri 6-ci m/r, mənzil 35, ev 132 ünvanda yaşayan Əliyev Oktay Qara oğlu tərəfindən

Müraciət

Möhtərəm cənab Prezident!
Bildirirəm ki, 08.07.2008-ci il tarixində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən (reyestr nömrəsi: 5050130000395-06301, qeydiyyat mömrəsi: 3108001461, seriya MH № 0001695) Gədəbəy şəhərinin ərazisində 38.5 kv.m-lik torpaq sahəsi mənim mülkiyyətimə verilmişdir. Mən həmin sahədə ticarət məqsədilə mağaza tikmişdim və çıxarışdan da aydın görünür ki, həmin mağaza mənim şəxsi mülkiyyətimdir. Lakin səhhətimlə bağlı mən 2014-cü ilin dekabr ayının əvvəli Sumqayıt şəhərinə müalicə üçün gəlmişdim. 12 fevral 2015-ci il tarixində mənə məlum oldu ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə mənə məxsus olan Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 2 nömrəli şəxsi mağazam, mənə xəbərdaqlıq edilmədən və mənimlə razılaşdırılmadan içərisində olan daşınan əmlak və ərzaq məhsulları ilə birlikdə ağır texnika ilə sökülmüş və məmə xeyli ziyan vurulmuşdur.

Bu barədə mən bir çox aidiyyatı olan orqanlara müraciət etmişəm. Lakin heç bir nəticə olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxsi mülkiyyət dəyəri ödənildikdən sonra özgəninkiləşdirilə bilər. Dövlət əhəmiyyətli torpaqlar-tikililər mülkiyyətçi ilə razılaşdırıldıqdan sonra, dəyəri ödənilməklə sökülə bilər. Lakin Gədəbəy Rayon İcra Hakimiyyəti mənimlə razılaşdırmadan mənə məxsus olan mülkü sökmüş və mənə xeyli zərər vurmuşdur.

Möhtərəm cənab Prezident!

Mənə məxsus olan mülkiyyət qiymətləndirmə eksperti tərəfindən 50.000 (əlli min) manat dəyərində qiymətləmdirilmişdir. Əlavə olaraq söküntü zamanı mənə mağazada olan daşınan əmlakımın və ərzaq məhsullarının məhv edilməsi səbəbindən xeyli miqdarda zərər dəymişdir. Lakin mən başa düşürəm ki, həmin sahədə İcra Hakimiyyətinin sərəncamı ilə şəhərin gözəlləşdirilməsi üçün park salınır. Ancaq bu o demək deyil ki, mülkiyyətçiyə zərər vurulmalıdır. Azərbaycan Respublikası qanunvericiliyinə görə mənim mülkiyyətimin qanuni dəyəri olan 50.000 (əlli min) manat mənə ödənilməlidir.Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Sizdən xahiş edirəm ki, mənə dəymiş 50.000 (əlli min) manat zərərin Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən mənə ödənilməsinə köməklik göstərəsiniz”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net