Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Tarix: 18-04-2015, 10:42 | Çap et
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
“Bakı-2015” I Avropa Olimpiya Oyunlarının başlanmasına iki aydan da az vaxt qalıb. Bununla əlaqədar paytaxtın bütün qəsəbələrində abadlıq və quruculuq işləri aparılır. Belə ki, paytaxtın mərkəzi küçə və prospektləri asfaltlanır, park və xiyabanlarda isə quruculuq və bərpa işləri aparılır. Təəssüf ki, bu bərpa və yenidənqurma işləri heç də bütün əraziləri əhatə etmir. Əvəzində isə bəzi ərazilərdə hətta şəhidlərin və Milli Qəhrəmanların adlarını daşıyan parklar belə baxımsızlıqdan dağılır. Belə istirahət güşələrindən biri də Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində salınmış Azərbaycanın Mili Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov adına istirahət parkıdır.

“Həftə içi”nin əməkdaşı olaraq həmin ünvanda olduq. Sakinlərlə söhbətdən məlum olur ki, Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlunun adını daşıyan park 3 ildir təmir adı ilə hasara alınıb. Vaxtilə çəkilmiş su xətləri çürüyüb, sıradan çıxdığından su parkın ərazisinə axaraq burada bataqlıqlar, gölməçəliklər əmələ gətirib. Ağacların kökü isə uzun müddət bataqlıq və su içərisində qaldığından quruyaraq tələf olub. Hazırda parkın ərazisində 10-dan yuxarı iri gövdəli sərv ağacları gölməçəlik içərisində qaldığından yerə yıxılıb. İstirahət guşəsinin ərazisindəki attraksionlar, yelləncəklər, uşaqların əylənməsi üçün burada qurulan avtodrom və tramvay xətləri tamamilə məhv edilib. Həmçinin, parkın ərazisində ana və uşaq abidəsi dağıdılıb. Bu abidənin bir neçə metrliyində isə böyük və dərin bir gölməçəliyə də rast gəldik.

Parkda Milli Qəhrəmanın abidəsi dağılıb. Abidənin arxa tərəfində mərmər-qranit daşda bir neçə yerdən xırda deşiklər açılıb. Təmir üçün gətirilmiş tikinti materialları parkın içərisində dağınıq halda idi. Amma parkda az da olsa, müəyyən təmir işləri aparılıb. Belə ki, parkın ərazisindəki səkilərə tamet daşlar düzülüb. Lakin bu təmir işləri də yarımçıq qalıb. Vaxtilə Dövlət Neft Şirkətində işləyən Sirac adlı təqaüdçü deyir ki, işlədiyi dövrdə hər gün evə gələndən sonra bu parkda gəzintiyə çıxaraq dincəlirdi. Onun sözlərinə görə, o vaxt Qaraçuxur İstirahət Mərkəzi adlanan bu park sonradan Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyıb:

“Vaxtilə bu park Azərbaycan Dövlət Neft Şirkətinin balansında olub. Artıq 6 ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. Düz 3 ildir ki, park bu gündədir. Halbuki bu park əvvəllər Bakı şəhərində ən gözəl istirahət güşələrindən biri idi. Şəhərdə bu gözəlliyində ikinci bir park olmayıb. Burada uşaqlar üçün oyuncaqlar, karusellər, attraksionlar, yelləncəklər, avtomobillər vardı. Uşaqlar avtodromda, attraksionda əylənər, böyüklər təmiz və abad parkda gəzişib dincələrdilər. Burada azyaşlı uşaqlar üçün hətta tranvay şəhərciyi salınmışdı. Uşaqlar qatarlara minib park boyu gəzərdilər. Artıq şəhərciyin dəmir relsləri də dağıdılıb. Parkda uşaq heykəli, əsgər heykəli, çarhovuzlar vardı. Şir heykəlləri sınıb tökülür”.

Həmsöhbətimiz bu parkda az qala hər metrdən bir oturacaqların qoyulduğunu da xatırlayır. Amma indi nə oturacaqlardan əsər-əlamət var, nə də yaşlı insanlar üçün qurulmuş “söhbətgah”lardan. Sirac kişinin dediyinə görə, bu park Mədəniyyət və Turizm Nazirliyinin balansına veriləndən sonra istifadəyə yararsız hala salınıb: “Burada çoxlu sayda ağaclar əkilmişdi. Hər gün yaşıllıqlar suvarılır, ağaclara qulluq göstərilirdi. Amma indi nəzarətsiz qaldığından axar su parkı cənginə alıb, ağaclar kökündən qopub yıxılır”.

Parkın ətrafında gəzişən təqaüdçülər - Tahir Əhmədov və Cahangir Əliyev də buranın vaxtilə Bakının ən yaxşı parkı olduğunu söyləyirlər. Onlar deyirlər ki, 3 il əvvəl parkın ərazisini hasara alaraq burada təmir işlərinin aparılacağını söyləyiblər. Hətta müəyyən müddət təmir işləri aparılıb da. Ancaq bu təmir işləri ərazidəki ağacların bir hissəsinin kəsilməsi, parkda cüzi təmizləmə işlərinin aparılması ilə yekunlaşıb: “Əslində təmir adı ilə bu gözəl və abad parkı dağıdıblar. Bu, Milli Qəhrəmanımıza qarşı hörmətsizlikdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və köməkliyi ilə Qaraçuxur qəsəbəsi ərazisində şəhidlərin adına abidələr ucaldılıb, parklar salınıb. Köhnələrində isə təmir-bərpa işləri aparılıb. Amma Milli Qəhrəmanımız Cavanşir Rəhimovun abidəsi olan bu park baxımsız qalıb. Üç ildən çoxdur ki, təmir etmək istəyirlər, amma təmir işləri başa çatdırılmadı. Cavanşir Qarabağda qəhrəmanlıq göstərib, adla deyilərdi. Amma qəhrəmanın adını daşıyan park xarabalığa çevrilib. Parkın içərisində yalnız kafe-çayxanalar fəaliyyət göstərir”.

Yeri gəlmişkən, bu istirahət parkının ərazisində Qurban Abbasov adına Mədəniyyət Sarayı da fəaliyyət göstərir. Hətta bəzi sakinlər bu parkın Mədəniyyət Sarayının balansına verildiyini də söyləyirlər. Mədəniyyət Sarayının direktoru Məmməd Rzayev “Həftə içi”nə açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Milli Qəhrəmanın adını daşıyan park təxminən iki-üç ay əvvəl Mədəniyyət Sarayının balansına verilib: “Bu parkda əvvəllər təmir işləri aparılsa da, sonradan bizə məlum olmayan səbəblərdən yenidənqurma işləri dayandırılıb. Avropa Olimpiya Oyunları başa çatdıqdan sonra park təmir ediləcək. Bu barədə rayon icra hakimiyyəti, hətta yuxarı dairələrdə məlumatlıdırlar. Park müasir tələblərə cavab verən səviyyədə təmir olunacaq”.

Milli Qəhrəmanın abidəsi ətrafındakı natəmizliyə gəlincə, Məmməd Rzayev deyib ki, bu istirahət parkı, xüsusən də Cavanşir Rəhimovun abidəsinin arxa hissəsi indikindən daha pis vəziyyətdə idi. Onun sözlərinə görə, park Mədəniyyət Sarayının balansına verildikdən sonra ərazidə az da olsa təmizlik işləri aparılıb: “Milli Qəhrəmanın abidəsi yaxınlığında Azərbaycanın üçrəngli bayrağını da mən asdırmışam. Bu ərazidən indiyədək 10 maşından çox zibil daşımışıq. Ağacların kəsilməsi, bəzilərinin isə kökündən aşması barədə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişik. Hətta həmin idarənin əməkdaşları da bu parkda olublar, ağacları öz gözləri ilə görüblər, yıxılan və quruyan ağacların qeydiyyatını aparıblar. Qərara almışıq ki, Olimpiya Oyunları başa çatandan sonra bu parkın əsaslı
təmirinə başlayaq”.

Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq
Əbülfəs Qarayevdən Milli Qəhrəmanımızın ruhuna sayğısızlıq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net