Füzuli təhsilində tender oyunları
Tarix: 2-04-2015, 12:27 | Çap et
Füzuli təhsilində tender oyunları
Nə qədər acınacaqlı olsa da etiraf etmək lazımdır ki, bu gün ölkənin təhsil sistemi respublika üzrə rüşvətxorluq və korrupsiyanın daha çox yer aldığı sahələrin siyahısında hələ də ilk yerlərdən birini, bəlkə də birincisini tutr. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında isə hələ də illərdən bəri rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edir. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Füzuli Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda xəbər verilir. Əlbəttə, təhsil problemlərindən danışarkən, tam və ya qismən işğal altında olan rayonlarımızda bu strateji əhəmiyyətə malik sahənin durumuna xüsusi diqqət yetirmək lazımdır. Aydındır ki, işğal faktoru mövcud obyektiv problemləri bu ərazilərdə daha da dərinləşdirir və onların həlli yollarında əlavə çətinliklər yaradır. Digər tərəfdən isə bu vəziyyət həmin rayonlarda bu və ya digər sahəyə, o cümlədən təhsil sisteminin işləkliyinə görə cavabdeh olan şəxslərin məsuliyyətini bir qədər də artırmalıdır. Amma təəssüflər olsun ki, bəzi hallarda işğal faktoru həmin bölgələrdə təhsil sahəsinə rəhbərlik edən şəxslərin manipulyasiya alətinə çevrilir. Bu zaman həmin məmur tərəfindən həyata keçirilən bir çox maxinasiya və mənimsəmə hallarına, hətta onların davamlı olaraq təkrarlanmasına baxmayaraq, yuxarı instansiyalar “xüsusi vəziyyəti nəzərə alaraq” göz yumurlar. Bu isə həmin rayonda təhsilimizin göz görə-görə tənəzzülə uğradılmasından başqa bir şey deyildir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Füzuli RTŞ-nin yarıtmaz fəaliyyətinə və şöbənin müdiri Almaz Həşimovanın öz işində yol verdiyi ciddi qanun pozuntularına dair faktlar öz əksini tapmaqdadır. Mənbələrin açıqlamalarına görə son bir neçə ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Belə ki, müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər və bir çox hallarda hətta özləri belə dərslərə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Mənbələrin iddiasına görə bir çox məktəblərdə elə müəllimlər var ki, il boyu məktəbə ayaq basmırlar. Təbii ki, Almaz Həşimovanın ilkin vəzifələrindən biri də bütün bu özbaşınalıqlara son qoymaqdır. Lakin mənbələr iddia edirlər ki, RTŞ müdiri özü bu qanunsuzluqların təşəbbüskarı və təşkilatçısıdır. Səbəb isə həmin müəllimlərin “ölü canlar” qismində çıxış etmələrindən əldə olunan gəlirlərdir. Belə ki, bu müəllimlərin dərs saatları hətta artıqlaması ilə yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Məhz buna görə də Almaz Həşimova demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Digər tərəfdən də mənbələrin təqdim etdikləri açıqlamalara görə Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilir. Belə ki, bu tenderlərin əksəriyyətini məhz Almaz Həşimovaya məxsus olan “Valeh-H” MMC, “Ülkər-H” MMC, “Vüsal 84” MMC, “Nəfs-RR” MMC firmaları qazanır. Aldığımız məlumatlarda xüsusilə diqqəti cəlb edən bir məqam da budur ki, mənbələr Füzuli RTŞ-də yer almış maliyyə mənimsəmələrindən yuxarı instansiyaların da xəbərdar olduqlarını bildirirlər. Belə ki, iddialara görə bir müddət əvvəl ölkənin Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlanmışdı. Lakin buna baxmayaraq Almaz Həşimova yenə də tutduğu vəzifədə qalmaqla, tam cəzasızlıq şəraitində rayon təhsilini tənəzzülə uğratmaqla məşğuldur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net