İcra başçısı rayona kortejlə qayıdıb
Tarix: 3-04-2015, 15:46 | Çap et
İcra başçısı rayona kortejlə qayıdıb
Gədəbəy rayonunda tüğyan edən çeşidli məmur özbaşınalıqlardan doğan şikayətlərlə dolu məktublar redaksiyamıza daxil olmaqda davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyəti ilə bağlı yaranmış bu gərgin vəziyyət yerli sakinləri rahat işləmək və yaşamaq imkanından məhrum etmişdir. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, Ramiz Yediyarovun Gədəbəydə əsas hədəf kimi seçdiyi insanların böyük əksəriyyəti bu rayonda sahibkarlıq fəaliyyəi ilə məşğul olan iş adamlarıdır. Qəzetimizin səhifələrində biz dəfələrlə bu insanların başlarına gətirilən olmazın müsibətlərlə bağlı materiallar dərc etmiş, onların şikayətlərini müvafiq instansiyaların diqqətinə çatdırmağa çalışmışıq. Bu iş adamlarından biri də Nizami Əbilovdur. Lakin mətbuata və yuxarı instansiyalara ünvanlanan şikayətlər bu gün Gədəbəydə tamamilə əks reaksiyaya səbəb olur. Belə ki, bir müddət əvvəl Ramiz Yediyarovun tapşırığı ilə Nizami Əbilov da icra hakimiyyətinə çağırılmış və Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyev tərəfindən təhdidlərə məruz qoyulmuşdur. Bu söhbətin qeydə alındığını iddia edən mənbə bildirir ki, Elxan Vəliyev iş adamını hədələyərək, şikayətlərə son qoymayacağı təqdirdə onu da mərhum Əli Abdullayevin aqibəti gözlədiyini bildirmişdir. Xatırladaq ki, Əli Abdullayev də digər sahibkarlar kimi Ramiz Yediyarovun təqiblərinə məruz qalmış iş adamı idi. Lakin mülkiyyətində olan obyektləri qeyri-qanuni olaraq dağıdılan və nəticədə tamamilə müflisləşən Əli Abdullayevin ürəyi bu haqsızlıqlara tab gətirə bilməmiş və nəticədə sahibkar dünyasını dəyişmişdir.Göründüyü kimi Ramiz Yediyarovun özbaşınalıqları təkcə rayon iqtisadiyyatının məhvinə deyil, həmçinin insanların da ölümünə birbaşa səbəb olan amil olmuşdur. Lakin bu rayonun rəhbərliyi insanların ölümündən sonra da onları rahat buraxmır. Mənbə bildirir ki, hazırda Gədəbəy şəhərində yerləşən və Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyət göstərdiyi bina da guya ki, Əli Abdullayevin dağıdılmış obyektlərinin əvəzinə kompensasiya olaraq ona təqdim olunmaq üçün inşa edilmişdi. Həm də bu bina dövlət vəsaitləri hesabına deyil, rayonun idarə və müəssisələrindən Ramiz Yediyarovun tapşırığı əsasında yığılmış pullar hesabına tikilib. Lakin istənilən halda bu bina da nə öz sahibinə, nə də onun hüquqi varislərinə verilmədi. Əvəzində isə, Ramiz Yediyarov burada Uşaq Yaradıcılıq Mərkəzini yerləşdirməklə, büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha bir imkan əldə etmiş oldu. Amma elə düşünmək lazım deyil ki, icra başçısı hər dəfə növbəti belə bir imkanı əldə etmək üçün çoxgedişli və mürəkkəb kombinasiyalar qurmaq məcburiyyətində qalır. Əslində rayonun sosial-iqtisadi inkişafı məqsədilə həyata keçirilən istənilən layihə büdcə vəsaitlərinin mənimsənilməsi, rayonun və ya hətta ölkənin ictimai-siyasi həyatında baş verən hər hansı bir hadisə isə Gədəbəyin müəssisə və təşkilatlarında pul yığımlarının həyata keçirilməsi üçün yetərli əsas olur. Məsələn, Gədəbəy şəhərində kanalizasiya xətlərinin çəkilişi zamanı layihədə “kiçik” bir düzəliş aparılır. Boruların relyef baxımından şəhərin daha hündür ərazisində yerləşən Göyyurd massivindən daha aşağı ərazidə olan Qumlu massivinə çəkilməli olduğu halda, işlər əks istiqamətdə aparılır. Təbii ki, bu zaman layihənin smeta xərcləri bir neçə dəfə artmış olur. Bu isə öz növbəsində “silinmələrin” və mənimsəmələrin də həcmini bir o qədər artırır. İctimai hadisələrə gəlincə isə, mənbə bildirir ki, artıq az bir müddətdən sonra paytaxt Bakıda start götürəcək I Avropa Oyunlarının keçirilməsinə də Gədəbəyin dövlət qulluqçuları öz “tövhələrini verməyə” vadar olunmuşlar. İddiaya görə hazırda bu inanılmaz və gülünc bəhanə ilə Gədəbəyin idarə və müəssislərinin sıravi əməkdaşlarından 10 manatdan, rəhbər işçilərindən isə 200 manatdan olmaqla vəsait yığımı həyata keçirilir. Nə deyəsən bu rüsvayçılığa?.. Digər tərəfdən isə rayon rəhbərliyi törətdiyi bütün bu əməllərdən xeyli məmnun olduğunu günü-gündən daha böyük təmtəraqla nümayiş etdirməkdən belə qətiyyən çəkinmir. Belə ki, rayondan aldığımız son məlumata görə, Novruz bayramı münasibətilə elan olunmuş tətillərdən sonra istirahətdən qayıdan Ramiz Yediyarovu Gədəbəy RİH-nin digər əməkdaşları və bir çox idarə rəhbərləri hər kəs öz xidməti avtomobilində olmaqla qonşu Şəmkir rayonunun ərazisində olan Çənlibel kəndi yaxınlığında qarşılamışlar. Bundan sonra isə icra başçısı böyük bir avtomobil kortejinin müşayiəti ilə Gədəbəy rayonuna daxil olmuşdur. Görəsən Ramiz Yediyarov bu izdiham və təntənəni Gədəbəydə imza atdığı hansı uğur və nailiyyətlərin şərəfinə təşkil edir?!






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net