Absurd: Bir vaxtlar iqtidarın əleyhinə danışan şəxs indi yüksək vəzifə tutur
Tarix: 2-04-2015, 11:37 | Çap et
Absurd: Bir vaxtlar iqtidarın əleyhinə danışan şəxs indi yüksək vəzifə tutur
Prezident İlham Əliyevin səhiyyə sektorunun inkişafına göstərdiyi diqqət göz qabağındadır. Məhz ölkə başçısının səmərəli fəaliyyəti nəticəsində son illər həm paytaxtımızda, həm də bölgələrdə müasir xəstəxana binaları tikilərək əhalinin istifadəsinə verilib. Əsaslı şəkildə təmir olunan, eləcə də yeni tikilən səhiyyə mərkəzləri müasir tibbi avadanlıqlarla təchiz edilib.

Təbii ki, bunlar alqışlanası işlərdir. Lakin səhiyyə naziri Oqtay Şirəliyevin yerində olmaması, başqa sözlə desək, səhiyyəmizin irəli getməsi üçün can atmaması bu sahədə kifayət qədər problemin yaranmasına səbəb olub. Bir çoxları Əli İnsanov vəzifədən azad edilərkən səhiyyəmizdə yeni mərhələnin başlanacağını və rüşvətsiz səhiyyənin olacağını gözləyirdi. Təəssüf ki, Oqtay Şirəliyev əhalinin ona bəslədiyi inamı doğrultmağı bacarmadı. Nazirin vəzifəyə təyin etdiyi bəzi şəxslər dövlətin maraqlarını yox, öz şəxsi mənafelərini daha üstün tuturlar. Elə buna görədir ki, hazırda ölkə ərazisində yerləşən bir sıra tibb müəssisələrində acınacaqlı vəziyyət hökm sürür. Bildiyiniz kimi, keçən ilin yanvar ayında prezident İlham Əliyevin iştirakı ilə Bakı Sağlamlıq Mərkəzi istifadəyə verildi. Ötən ilin aprel ayında isə yeni tikilən səhiyyə müəssisəsinə Tərlan Bəbirov direktor təyin edildi. Bakı Baş Səhiyyə İdarəsinin rəsmiləri mərkəzdə göstərilən bütün növ tibbi xidmətlərin ödənişsiz olacağını açıqladılar. Qeyd edək ki, bir neçə gündən sonra Tərlan Bəbirovun mərkəzə rəhbər təyin edilməsinin bir ili tamam olacaq. Görəsən, Tərlan Bəbirov geridə qalan bu müddət ərzində hansı işləri görüb, ona bəslənən ümidləri doğrultmağı bacarıbmı? Apardığımız qısa araşdırmalar göstərir ki, Tərlan müəllim 1 saylı Şəhər Kliniki Xəstəxanasında işlədiyi illərdə həyata keçirdiyi qanundan kənar əməllərini Bakı Sağlamlıq Mərkəzində davam etdirir. Bu barədə redaksiyamıza məlumat verən və adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, hər cür şəraitlə təmin olunan mərkəzdə sistem düzgün qurulmayıb: "Bakı Sağlamlıq Mərkəzi 1,2 hektar sahədə yerləşir. Xəstəxana 550 çarpayılıqdır. Tibb ocağı on iki, beş, altı mərtəbəli üç binadan ibarətdir. Altı mərtəbəli binada əsasən əməliyyatxanalar, cərrahiyyə, reanimasiya, qəbul, şüa diaqnostika şöbələri yerləşir. Beş mərtəbəli korpusda isə endokrinologiya, lor, nevrologiya, terapiya şöbələri fəaliyyət göstərir. On iki mərtəbəli blokda doğum şöbəsi yerləşir. Ümumilikdə mərkəzin 9 əsas, 7 yardımçı şöbəsi var. Doğum şöbəsinin isə, özünün ayrıca 9 yardımçı bölməsi fəaliyyət göstərir.

Bakı Sağlamlıq Mərkəzi dövlət xəstəxanası olsa da, burda xidmətlər pulludur. Analizlərin, əməliyyatların hərəsinin öz qiyməti var. Mərkəzə daha çox endokrinoloji və nevroloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müraciət edir. Amma onların bir çoxu burda göstərilən tibbi xidmətlərin səviyyəsindən razı deyil. Ona görə ki, Tərlan Bəbirovun rəhbərliyi altında işləyən həkimlərin əksəriyyəti xəstələrdan nəsə umurlar. Əgər vətəndaşlar həkimlərin "tələb"ini ödəmirlərsə, o zaman xəstələrə normal münasibət göstərilmir. Sağlamlıq Mərkəzində ən son tibbi avadanlıqlar quraşdırılıb, di gəl ki, bəzi həkimlərin savadı həmin aparatlardan istifadə etmələrinə imkan vermir. Bu isə Tərlan Bəbirovun kadr islahatlarını düzgün aparmamasından irəli gəlir. Mərkəzdə çalışan həkim və tibb bacılarının bir neçəsi nəyinsə müqabilində işə düzəliblər. Bu səbəbdən onlar vətəndaşlara istənilən səviyyədə xidmət göstərə bilmirlər. Məlum olduğu kimi, son illər ölkəmizdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı artıb. Dövlət səviyyəsində bu kateqoriyadan olan xəstələrin pulsuz dərman və zəruri tibbi ləvazimatlarla təmin olunması üçün hər cür qayğı göstərilir. Buna baxmayaraq, Bakı Sağlamlıq Mərkəzində şəkərli xəstələr süni əngəllə üzləşirlər. Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan endokrinoloji şöbədə dəhşətli vəziyyət mövcuddur. Burda xəstələrə nə düz əməlli yemək verilir, nə də normal tibbi xidmət göstərilir. Mərkəzdə əhaliyə tam pulsuz tibbi xidmətin göstərilməsi ilə bağlı deyilənlər yalandan başqa bir şey deyil". Mənbənin verdiyi məlumata əsasən, mərkəzdə çalışan şöbə müdiri və həkimlərin əsas hissəsi Tərlan Bəbirovun tətbiq etdiyi "qaydalar" çərçivəsində fəaliyyət göstərirlər: "Doğum şöbəsinin fəaliyyəti ürəkaçan səviyyədə deyil. Doğuş şöbəsinin həkimləri hamilə qadınları qeysəriyyə yolu ilə əməliyyata təhrik edirlər. Normal doğuşla az uşaq dünyaya gəlir. Bu isə, şöbənin rəhbərliyinə sərf edir. Çünki, adi əməliyyatla müqayisədə qeysəriyyə kəsiyi ilə doğuş daha bahadır. Hamilə qadınların yaxın qohumları doğuşa hazırlıq dövründən başlayaraq, əməliyyat başa çatana qədər bir xeyli "tərləməli" olurlar. Bundan başqa, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya, rentgenoqrafiya aparatlarından keçmək də bahadır. Bu aparatlarda xəstələrin müayinəsi bəzi maraqların qarşılığında aparılır". Araşdırmalar nəticəsində onu da öyrəndik ki, Tərlan Bəbirovun dövlət hesabına maliyyələşən mərkəzdə özündən "qaydalar" tətbiq etməsinin, ümumiyyətlə direktorun qanunsuz əməllərinin arxasında bəzi səbəblər dayanır: "Tərlan Bəbirov səhiyyə nazirinin müavini Nigar Əliyevaya arxayındır. O özü də bir neçə dəfə bunu dilinə gətirib. Deyilənə görə, onun mərkəzə direktor təyin edilməsində Nigar Əliyevanın böyük rolu olub. Nazir müavininə güvənən Bakı Sağlamlıq Mərkəzinin direktoru ürəyi istədiyi qanunsuzluqları həyata keçirir. Buna görə də bir il əvvəl istifadəyə verilmiş mərkəzdə tibbi xidmətin təşkili çox aşağı səviyyədədir. Tərlan Bəbirov özü haqda nə qədər müsbət fikir yaratmağa çalışsa da, onu yaxından tanıyanlar hər şeyi yaxşı bilir. Bu həmin Tərlan Bəbirovdur ki, bir vaxtlar xarici ölkədə oturub başqa ad altında xalqımızın ümummili lideri Heydər Əliyevin yürütdüyü siyasətin əleyhinə bəzi fikirlər səsləndirirdi. Belə bir adam hazırda Bakı Sağlamlıq Mərkəzinə rəhbərlik edir".

Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net