"Aqrolizinq"in xəttilə alınan azot gübrəsi qara bazarda satılır
Tarix: 7-05-2015, 11:40 | Çap et
"Aqrolizinq"in xəttilə alınan azot gübrəsi qara bazarda satılır
Bildiyiniz kimi, ölkə rəhbərliyi kənd təsərrüfatı sektorunun inkişafını prioritet vəzifə hesab edir. Bu məqsədlə 2015-ci il "Kənd təsərrüfatı ili" elan olunub. 2004-cü ildə "Aqrolizinq" ASC-nin yaradılması və dövlət vəsaitləri hesabına kənd təsərrüfatı texnikasının alınaraq lizinq yolu ilə fermerlərə satılması bu sahəyə göstərilən diqqətin əsas nümunələrindən biridir. Qeyd edək ki, hökumət hər il kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin zamanı sərf etdiyi gübrə və yanacaq xərclərini önləmək üçün hər hektara görə fermerlərə 40 manat həcmində birdəfəlik yardım da verir. Dövlətin aqrar sektorda məhsuldarlığın artırılmasına göstərdiyi dəstəyin maliyyə məsrəfləri milyon manatlarla ölçülür.

Ötən illər ərzində dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" ASC-yə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılıb. 2009-cu ildə isə "Aqrolizinq"ə ayrılmış 37,5 milyon manatın 29,1 milyon manatı traktor, kombayn və digər kənd təsərrüfatı texnikasının, 3,9 milyon manatı texnoloji avadanlıqların, 4,5 milyon manatı isə mineral gübrələrin alınmasına sərf olunub. Bununla belə, "Aqrolizinq" vasitəsilə xaricdən alınıb ölkəyə gətirilmiş kənd təsərrüfatı texnikasının heç də hamısının lizinqə verilmədiyi, həmçinin yerli filiallarda fermerlərin incidildiyi barədə məlumatlar var. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bəzi filiallarda aparılan yoxlama və həbslər də bunu təsdiqləyir. Məlumat üçün bildirək ki, "Aqrolizinq" dövlət büdcəsi hesabına alınan texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərtilə lizinqə verir. ASC həmçinin gübrələri - superfosfat, azot gübrəsi və pestisidlər - damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmaq səlahiyyətinə sahibdir. Di gəl ki, qurumun bəzi filiallarının rəhbər şəxsləri işlərinə istənilən səviyyədə məsuliyyət göstərmirlər. Elə bu səbəbdən bəzi rayonlarda məhsuldarlıq ildən-ilə aşağı düşür. Saatlı rayon Aqroservis filialının müdiri Ələsgər Əhmədovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakininin sözlərinə görə, "Aqrolizinq" ASC-nin Saatlı rayon filialında fermerlərə əməlli-başlı zülm olunur: "Lizinq yolu ilə texnika almaq üçün filiala müraciət edən vətəndaşların əksəriyyəti süründürməçiliyə məruz qalır. Hər dəfə bir bəhanə gətirirlər. Rayona gətirilən texnikalar bir qrup şəxsin əlində cəmləşib. Onların xeyir-duası olmadan heç kim texnika ala bilmir. Rusiya istehsallı traktorlar 57-60 min manata satılır. Finlandiya istehsalı olan kombaynların qiyməti 80 min manat, Almaniyadan gətirilən eyni texnika isə 120-150 min avrodur. Filial rəhbərliyi texnikaları lizinqə vermək üçün vətəndaşlardan nəysə umur. Bundan imtina edənləri isə get-gələ salırlar. Lazımi sənədləri toplasan da, bir faydası yoxdur. Gərək mütləq filial rəhbərinə "hörmət" edəsən. Bu cür qeyri-rəsmi ödəmələr, bürokratik əngəllər sadə fermerlərin lizinq yolu ilə texnika almaq imkanlarını məhdudlaşdırır. Sözsüz ki, bu əngəllər rayonun aqrar sektorunun inkişafına maneçilik törədir. Saatlıdakı aqroservis xidmətlərində müxtəlif markalı kombayn və traktorlar, otbiçən, otbağlayan, otyığan, çiyidsəpən, taxılsəpən, gübrəsəpən, çiləyicilər və digər aqreqatlar olsa da, hamı onlardan istifadə edə bilmir. Çünki rayon rəhbərliyinə yaxınlığı ilə seçilən şəxslər bir neçə ad altında kəndli-fermer aqroservis xidmətləri yaradaraq texnikaları öz əllərində cəmləşdiriblər. Bu aqroservis xidmətləri isə həmin texnikaları digər fermerlərə və pay torpaqlarını əkib-becərənlərə yüksək qiymətə icarəyə verib özləri üçün pul qazanmaq məqsədi seçiblər". Bundan başqa, "Aqroservis" ASC-nin Saatlı filialının istismarında olan texnikalarda tez-tez baş verən nasazlığın aradan qaldırılması həmin texnikanı bir neçə müddətə icarəyə götürən kəndlilərin üzərinə düşdüyü bildirilir: "Filialın rəhbərliyi texniki qulluq işləri, maşın mexanizmlərin işlək, tam hazır vəziyyətdə olması ilə maraqlanmır. Digər tərəfdən, fermerlərə çatmalı olan azot gübrəsi qara bazarda satılır. Məhsulların üzərindəki etiketdən açıq şəkildə görünür ki, onlar ölkəyə "Aqrolizinq"in xəttilə gətirilib. Fermerlərin bəziləri məcbur olub azotu elə bu satış nöqtələrindən alır. Fermerlərə güzəştli şərtlərlə məhsulun satışı ona görə ləngidilir ki, adamlar məcbur olub onu qara bazardan alsın. Burada isə məhsul dəyərindən 30% baha satılır. Müəssisədəki özbaşınalıqların sayı-hesabı yoxdur. Həmçinin torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanan zaman da süründürməçiliyə yol verilir. Kəndlilər müqavilə üçün tələb olunan sənədləri hazır etsələr də, filialın rəsmiləri hər dəfə bir maneə yaradırlar. Onlar vətəndaşları nəysə verməyə məcbur edirlər". Xatırladaq ki, ASC-nin sabiq sədri Əli Bayramovun dövründə də Saatlı Aqroservis filialının fəaliyyəti ilə bağlı xoşagəlməz məlumatlar yayılırdı. Görünür, Elşən Məmmədovun quruma rəhbər təyin olunması belə filialda vəziyyəti dəyişməyib. Amma yaxşı olardı ki, cəmiyyət sədri Saatlıda yaşanan problemlərə münasibət bildirsin və işinə biganə yanaşan Ələsgər Əhmədovu layiqli şəkildə cəzalandırsın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net