İlham Əliyev vergilər nazirini niyə cəzalandırdı?
Tarix: 6-05-2015, 11:09 | Çap et
İlham Əliyev vergilər nazirini niyə cəzalandırdı?
Məlum olduğu kimi, Azərbaycanda təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyəti olacaq orqan müəyyənləşib. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən bu səlahiyyət Iqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Fərmanla “Təbii inhisarlar haqqında” qanununa dəyişlik edilib. Bu qərarın məcburi qaydada icrası “Icra haqqında” qanuna əsasən icra məmurları tərəfindən həyata keçiriləcək.
Qanuna əsasən indiyə qədər təbii inhisar subyektləri cərimələri qərar qəbul edildikdən sonra 30 gün ərzində dövlət büdcəsinə ödəməli idilər. Təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəyiblər. Fərmana əsasən qüvvəyə minən qanuna dəyişikliyə əsasən təbii inhisar subyektləri cərimələri vaxtında ödəmədikdə və ya qismən ödədikdə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5 faizi miqdarında peniya ödəməyəcəklər, əvəzində Iqtisadiyyat və Sənaye Nazirliyi bu cərimələrin məcburi qaydada ödənilməsini təmin edəcək. Bu cərimələrin miqdarı minimum əmək haqqının 600 mislindən 15 min mislinə qədərdir. Bu cərimələr təbii inhisar subyektinin nizamnamə kapitalını təşkil edən bütün səhmlərə düşən səslərin 10%-dən çoxunu əldə edən və onlara məxsus səslərin həcminin bütün hallarda dəyişməsi zamanı şəxs və şəxslər qrupu təbii inhisarları tənzimləyən orqana 15 gün müddətində məlumat verməməsi, təbii inhisarları tənzimləyən orqanlara düzgün olmayan məlumatın verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qiymətlərin (tariflərin) dəyişdirilməsi, qanunvericiliyə uyğun olaraq təbii inhisarları tənzimləyən orqanların qərarlarının pozulmasına görə tətbiq olunur.
İndiyə qədər cərimələrin, borclanmaların yığılmasına nəzarət edən qurum kimi indiyə qədər Vergilər Nazirliyi çıxış edirdi. Bundan başqa iri vergi ödəyiciləri ilə bağlı Vergilər Nazirliyində xüsusi iş departamenti fəaliyyət göstərirdi. Həmin departamentin fəaliyyəti hesabına iri vergi ödəyicilərindən həmin vəsaitlər yığılırdı.
Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a daxil olan məlumatlara görə, vergilər nazri Fazil Məmmədovun səlahiyyət dairəsinin məhdudlaşdırılması siyasi rəhbərliyin ona etimadının azalması ilə bağlıdır. Ölkənin ən böyük oliqarxlarından birinə çevrilən F.Məmmədov ölkə iqtisadiyyatının 80 faizindən çoxuna nəzarət edən təbii inhisarçı şirkətlərlə “anlaşmaya” gedərək büdcəyə çatacaq vəsitlərin büdcədən yayındırılmasına şərait yaradır. Neft gəlirlərinin azaldığı indiki dövrdə siyasi rəhbərliyin resurslardan səmərəli istifadə etmək barədə tapşırığına baxmayaraq F.Məmmədovun təbii monopolistlərlə “iş birliyinin” davam etdirməsi ciddi narazılıq yaradıb və cəza tədbiri olaraq sözügedən funksiya Vergilər Nazirliyindən alınaraq İqtisadiyyat və Sənaye Nazirliyinə verilib. İqtisadiyyat naziri Şahin Mustafayevin təmiz reputasiyası, korrupsiya qalmaqallarından uzaq olması və siyasi rəhbərliyin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməsi səbəbindən bu funksiyanın onun rəhbərlik etdiyi nazirliyə verilməsinə səbəb olub. İstiqlal.az xatırladır ki, ölkədə vergi daxil olmalarının 83 faizi təbii inhisarlardan yığılır. ARDNŞ, “Azərenerji”, “Azərişıq”, “Azərsu”, Metropoliten, Xəzər Dəniz Gəmiçiliyi, rabitə müəssisələri, dəmir, hava və su nəqliyyatları müəssisləri və s. iri dövlət müəssisləri təbii inhisarlara daxildir. Azərbaycanda bu sahələrdə ümumilikdə 141 təbii inhisar subyekti var. Təbii inhisarların dövlət büdcəsinə bir neçə milyard manat borcu var. Bu borclara cərimələr də daxildir. Hökumət neft gəlirlərinin azaldığı indi dövrdə yüz milyonlarla cərimə borcunu büdcəyə ödənilməsini təmin etmək istəyir. Vergilər Nazirliyi bu missiyanın öhdəsindən gələ bilməyəcəyindən cərimələrin yığılması İqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Bunu vergilər naziri F.Məmmədovun cəzalandırması kimi də qiymətləndirmək olar. Adətən siyasi rəhbərliyin qara siyahısında olan nazirlərin öncə səlahiyyətləri məhdudlaşdırılır, bir müddət sonra isə işdən çıxarılır. Məsələn, 2005-ci ildə Fərhad Əliyevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyinin ardıcıl olaraq iki funksiyası (sənaye və özəlləşdirmə) əlindən alındı, sonra isə işdən çıxarıldı və həbs edildi. Təbii ki, F.Məmmədovun eyni aqibəti yaşayacağını iddia etmək niyyətində deyilik. Ancaq yaxın keçmişin təcrübəsi göstərir ki, F.Məmmədovun etimad limiti bitib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net