Bu icra başçısı əlillərə qənim kəsilib
Tarix: 5-05-2015, 14:43 | Çap et
Bu icra başçısı əlillərə qənim kəsilib
Artıq bir ilə yaxın bir müddətdir ki, Bakının Suraxanı rayonu ərazisində yaşayan 186 nəfər Qarabağ qazisinin torpaq problemləri öz həllini tapa bilmir. Bu xüsusda ötən ilin avqust ayında aldığımız məktubda qeyd olunmuşdu ki, Qarabağ müharibəsi əlilləri bir neçə il bundan əvvəl əlillər cəmiyyətinə məxsus torpaq sahəsini (beş hektara yaxın ərazi) qanuni əsaslarla cəmiyyətin adına özəlləşdirmiş və bu cəmiyyətə üzv olan 186 nəfər əlil arasında, hərəyə 2 sot olmaqla bölmüşlər. Həmin adamların da qanuni sənədləri var. Lakin Suraxanı Rayon İcra Hakimiyyəti qazilərə orada tikinti aparmağa imkan vermir. Məktubda deyilirdi: “Biz, Qarabağ əlilləri problem içində yaşayırıq. Əlillərin əksəriyyəti ailəlidir. Övladları da var. Hər birimizin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyacımız var. Bu gün, Suraxanı rayonunun hər yerində qanunsuz evlərin tikildiyi bir vaxtda, nədənsə rayon rəhbərliyi başda cənab İlqar Abbasov olmaqla bizə qanuni hüquqlarımızdan istifadə etməyə imkan vermirlər. Bu barədə biz Bakı Şəhər İcra Hakimiyyətində, cənab Hacıbala Abutalibovun qəbulunda olmuşuq. O, bizim yanımızda İlqar Abbasovla telefon əlaqəsi saxlayıb. Sonra bizə bildirib ki, narahat olmayın, bu iş qısa vaxtda öz həllini tapacaq. Amma tikinti işlərini aparmağa bizə yenə icazə vermirlər. Biz tikirik, onlar gəlib sökürlər. Hətta 7 ay öncə, RİH əməkdaşları orada növbəti dəfə tikintini sökərkən, məni özünə qəsd həddinə belə çatdırmışdılar. Belə ki, mən maşınıma özüm qarışıq od vurub yandırdım. Lakin Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi (Hövsan qəsəbəsi) məni bu ölümdən qurtardı... Bizə əlavə problemlər açmaq kimin nəyinə lazımdır? Bəlkə bunlar belə hərəkətlərlə bizi dövlətə, dövlətçiliyə və prezidentimizə qarşı çıxarmaq istəyirlər? Ancaq biz prezidentimizi də, dövlətimizi də hədsiz dərəcədə sevirik və bu sevgimizi, lazım gələrsə bir daha sübuta yetirərik! Amma bizə maraqlıdır ki, görəsən cənab İlqar Abbasov Qarabağ qazilərinə bu əziyyəti verməklə kimə və nəyi sübut etmək istəyir..?”Bu xüsusda yeni aldığımız məlumatda isə hazırda mövcud problemin artıq Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində həllini gözlədiyi bildirilir. Belə ki, qazilər hazırda Suraxanı RİH və digər müvafiq qurumlar tərəfindən artıq bütün lazımi sənədlərin təqdim edildiyini söyləyirlər. Lakin indi də bütün bu sənədlər Bakı ŞİH-də yığılıb qalıb. Sənədlərin verilməməsinin səbəbi kimi isə məmurlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasını göstərirlər. Digər tərəfdən isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qazilərin üzləşdikləri oxşar problem məktubda bir daha diqqət mərkəzinə çəkilir. Bu xüsusda məktubda deyilir: “Hörmətli redaksiya, bizim yaşadığımız Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində Qarabağ əlilləri üçün nəzərdə tutulmuş binanın yaxınlığında yerləşən obyektdə illərlə işləyərək özümüzü bir təhər dolandırmışıq. Özümüz də əlil arabasında, çətin və çox ağır həyat tərzi keçiririk. Bir müddət əvvəl icra hakimiyyətindən bizə dedilər ki, işlətdiyimiz obyektin də düşdüyü ərazidə park salınacaq. Əlbətdə ki, biz orada gözəl bir parkın olmasını çox istərdik. Lakin son zamanlar həmin ərazini təmizləyib orada bina tikməyə başlayıblar. Artıq ərazini hasarlayırlar və bizim dolanışıq yerimiz olan obyekti də həmin hasarın içərisinə salıblar. Bunlar öz bildiklərini yəqin ki, həyata keçirəcəklər. Həm də özləri bizə qarşı çox hörmətsiz, ədalətsiz yanaşırlar...” Bütün bu haqsızlıqlarla üz-üzə qalmış Qarabağ qaziləri bir daha ölkə prezidentinə müraciət edərək, ondan bu məsələnin həllində kömək istəyirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net