Oqtay Şirəliyev buraları tam unudub...
Tarix: 29-04-2015, 10:48 | Çap et
Oqtay Şirəliyev buraları tam unudub...
Respublika səhiyyəsində çatışmazlıqların sayı günü-gündən artır. Xüsusilə də regionlarda tibbi xidmətin səviyyəsi həddən artıq aşağıdır. Çox zaman xəstələr regionlardakı tibbi xidmətin keyfiyyətinə inanmadıqlarına görə paytaxta üz tuturlar. Belə rayonlardan biri də Ağstafa rayonudur.

Bu rayonun səhiyyəsi acınacaqlı durumdadır. Xüsusilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaşanan özbaşınalıqlar rayon sakinlərini cana yığıb. Heç kəs sözügedən xəstəxananın fəaliyyətindən razı deyil. Ora müraciət edənlər isə paytaxta gəlməyə imkanı olmayan şəxslərdir. Bütün bunları Vertikal.az-a daxil olan şikayət məktubları əsasında demək mümkündür. Belə ki, bizə verilən məlumata görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayevin qanunsuz əməlləri ucbatından sözügedən tibb müəssisəsində keyfiyyətli xidmətdən söz belə gedə bilməz. Belə ki, həkimlər maaşlarını vaxtlı-vaxtında ala bilmədiklərinə görə göstərdikləri xidmət sıfıra bərabərdir. Verilən məlumata görə, xəstəxanın həkimləri baş həkimə söz deyə bilmədiklərinə görə hirslərini xəstələrdən çıxırlar. Xəstələrə pis münasibət göstərirlər. Onlara qarşı kobud rəftar edirlər. Baş həkim isə hər dəfə müəyyən bəhanələr gətirir. Bu isə onu göstərir ki, baş həkim Səhiyyə Nazirliyi tərəfindən rayon xəstəxanasına ayrılan pulları mənimsəyir. İlham Mustafayev tibb işçilərinin haqqını gecikdirmək və kəsməklə yanaşı dövlət tərəfindən xəstəxanaya ayrılan dərman preparatlarını da apteklərdə satmaqla məşğuldur. Baxmayaraq ki, ölkə başçısı vətəndaşların sosial rifah halını yaxşılaşdırmaq üçün səhiyyə sistemində müayinələrin pulsuz aparılması ilə bağlı sərəncam verib, İlham Mustafayev isə ölkə başçısının sərəncamına heç bir məhəl qoymur. Hətta şikayətdə o da qeyd olunur ki, diabet xəstəsi olan xəstələrə dövlət tərəfindən ayrılan dərmanlar verilmir. Xəstələr isə bunu tələb etdikdə baş həkim dövlət tərəfindən belə dərmanların pulsuz verilmədiyini deyərək vətəndaşları aldatmağa çalışır. Bir qism xəstə bu iddiaya inansa da, bəziləri buna inanmırlar. Lakin hara müraciət edəcəklərini isə bilmirlər.

Bundan başqa sözügedən tibb müəssisəsi korrupsiya və rüşvətin məkanına çevrilib. Baş həkim başda olmaqla, bütün tibb işçiləri xəstələri soğan kimi soyurlar. Xəstə görən kimi ilk növbədə pulu düşünürlər.

Bundan başqa sözügedən tibb ocağında peşəkar kadrlar yox dərəcədədir.

Savadsız həkimlər səhv diaqnozlar qoymaqla əhalinin ölümünə yol açırlar. Səhv diaqnozlar səhv müalicə deməkdir. Səhv müalicə isə ya xəstənin şikəstliyinə, ya da ölümünə səbəb olur. Çox təəssüf ki, səhv diaqnoz üzündən həyatını itirənlər çoxlu saydadır. Xəstəxana müəyyən maraqlar naminə savadsız kadrları işə götürür. Bu da sözsüz ki, pasiyentlərin həyatı ilə oynamaq deməkdir. Amma çox təəssüf ki, bu cür savadsız həkimlər cəzalandırılmırlar. Həmin xəstəxananın həkimləri xəstələrə resept yazarkən öz ad və soyadlarını və telefon nömrələrini həmin respetin üstünə yazırlar. Bu yolla da pul qazanmağa çalışırlar. bir sözlə Ağstafa səhiyyəsi uçurumun kandarındadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net