Gömrüyün “Boz kardinal”ı niyə vuruldu? – QALMAQAL
Tarix: 25-04-2015, 12:24 | Çap et
Gömrüyün “Boz kardinal”ı niyə vuruldu? – QALMAQAL
Dövlət Gömrük Komitəsində qeyri-rəsmi iyerarxiyanın təyini və səlahiyyətlərin bölgüsü məsələsində sensasiyalı dəyişiklik baş verib. Bu barədə mötəbər mənbələrdən AzPolitika.info-ya daxil olan məlumatda bildirilir ki, Komitənin rəsmi ikinci, əslində isə ƏSAS ADAMI (“Boz kardinalı”) hesab olunan Səfər Mehdiyev “vurulub” – onun bütün səlahiyyətləri əlindən alınıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev uzun illərdir Komitədə faktiki olaraq, əsas söz sahibi hesab olunur. Gömrük Komitəsində kadrların seçilməsi və yerləşdirilməsi, qeyri-rəsmi büdcənin idarə olunması kimi mühüm işlər məhz Səfər Mehdiyevin müstəsna səlahiyyətləri çərçivəsində idi. Lakin o, gözlənilmədən “yuxarıların”, konkretləşdirsək – Kəmaləddin Heydərovun (Gömrük Komitəsinin K.Heydərovun nəzarəti altında olduğu heç kimə sirr deyil – müəll.) yanında etibarını itirib və hətta, bizə verilən məlumatlara görə, istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Müəyyən səbəblərdən S.Mehdiyevin istefası qəbul olunmasa da, hazırda onun Gömrük Komitəsində birinci müavin postunu tutması tamamilə formal xarakter daşıyır.
Təfərrüata gəlincə, məlumata görə, Səfər Mehdiyevin ona göstərilən böyük etimaddan sui-istifadə etdiyi barədə faktlar K.Heydərovun qarşısına qoyulub. Bu işdə isə Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun böyük xidməti olub. Məhz V.Novruzov S.Mehdiyevin ona göstərilən etimaddan sui-istifadə etdiyini sübut edib. Mənbəmiz bildirir ki, faktların aydınlaşdırılması zamanı nazirin kabinetində psixoloji atmosfer o qədər ağır olub ki, Səfər Mehdiyevin əsəbləri bu ağırlığa tab gətirməyib…
Bundan sonra bütün səlahiyyətləri əlindən alınan S.Mehdiyev, istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, müəyyən səbəblərdən onun istefası qəbul olunmayıb.
Məlumatın ən maraqlı qismi isə ondan ibarətdir ki, Səfər Mehdiyevin əlindən alınmış bütün rəsmi, qeyri-rəsmi səlahiyyətləri, K.Heydərovun yanında etibarını daha da gücləndirmiş Vüsal Novruzova dövr edilib. Hazırda V.Novruzov gömrük sistemində əsas söz sahibidir. K.Heydərov onun sədaqətini belə mükafatlandırıb.
Qeyd edək ki, həm Səfər Mehdiyev, həm də Vüsal Novruzov əslən Naxçıvan MR-in Nehrəm kəndindəndilər. Nehrəm, həm də Kəmaləddin Heydərovun doğma yurdudur.
42 yaşlı S.Mehdiyev 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Prezident Heydər Əliyevin Türkiyədə azərbaycanlı tələbələrlə görüşündə fəallıq edərək onun diqqətini cəlb etməyi bacaran S.Mehdiyev, ölkəyə qayıtdıqdan sonra (1999-cu il) Gömrük Komitəsində işə götürülüb. Lakin heç şübhəsiz ki, onun Komitədə sürətli yüksəlişinin (5 il ərzində sədr müavini postuna yüksəlib) əsas səbəbkarı K.Heydərovdur. Ancaq görünür ki, qısa müddət ərzində karyerasında nail olduğu başgicəlləndirici uğur, bir çox insanlar kimi, S.Mehdiyevə də sonrakı qərarlarında mənfi təsirini göstərib.
Təxminən 2 ay əvvəl Gömrük Komitəsində BÖYÜK DƏYİŞİKLİYƏ yol açan gizli qalmaqalın təfərrüatlarını öyrənməyə çalışırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net