Aydın Əliyev və Vüsal Novruzov vəzifədən çıxarılır
Tarix: 24-04-2015, 11:54 | Çap et
Aydın Əliyev və Vüsal Novruzov vəzifədən çıxarılır
Dövlət Gömrük Komitəsində (DGK) sular durulmaq bilmir. Komitənin sədri Aydın Əliyevin tezliklə vəzifədən azad olunacağı haqda xəbərlər son günlər daha intensiv xarakter alıb. Müxtəlif qəzet və saytlar DGK-da mövcud olan problemləri işıqlandırmaqla sədrin fəaliyyətindəki çatışmazlıqlara diqqət çəkirlər. Sözsüz ki, mətbuatda gedən yazılar yuxarıların nəzərindən yayınmır və onlar sözügedən qurumla bağlı yazılan məsələləri araşdırmaqda israrlıdır.

Xatırladaq ki, hələ keçən ilin ortalarında Dövlət Gömrük Komitəsinin fəaliyyətində yer alan nöqsanlar barədə ictimaiyyətə maraqlı faktlar açıqlanmışdı. Belə ki, iqtisadçı-ekspert Qubad İbadoğlu korrupsiya faktları ilə bağlı sensasion açıqlamaları ilə yadda qalıb. O bu barədə sosial şəbəkədəki səhifəsində yazıb və cədvəl yerləşdirib. "Mən də öz növbəmdə Azərbaycanda korrupsiyanın azaldılması işinə töhfəmi vemək üçün 2013-cü ilin məlumatlarını da daxil edib güzgü statistikası metodologiyası əsasında yeniləşdirdiyim heablamalarımın nəticələrini təqdim edirəm. Hesablamalar Azərbaycanın əsas ticarət tərəfdaşları olan 15 ölkədən idxal məlumatları əsasında aparılıb. 2008-2013-cü illəri əhatə edən bu hesablamalara görə, son 6 ildə qarşı tərəfin verdiyi məlumatlarla bizim rəsmi statistik məlumatlar arasında fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard dollar təşkil edir. Son 6 ilin trend təhlili göstərir ki, fərqin dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb - 4,9 milyard dollar", deyə ekspert bildirib. Aparılan hesablamalar göstərir ki, idxalın gizlədilməsi və ya malların dəyərindən dəfələrlə aşağı qiymətə rəsmiləşdirilməsi nəticəsində 2008-2013-cü illərdə büdcə təxminən 10 milyard dollar itirib. Başqa sözlə büdcəyə çatası bu həcmdə vəsait şəxsi ciblərə gedib. Mütəxəssislərin fikrincə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. "Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur", deyə Q.İbadoğlu bildirib. Məlumata görə, təkcə gömrükdə dövriyyənin gizlədilməsi hesabına ildə büdcə 2,3 milyard dollar itirir. Əksəriyyət isə gömrük sistemində bu kimi xoşagəlməz halların meydana gəlməsini Aydın Əliyevlə bağlayır. Və iddia edirlər ki, komitə sədri ölkə rəhbərliyinin onun qarşısında qoyduğu vəzifə və tapşırıqları istənilən səviyyədə icra edə bilmir. Broker fəaliyyətinin genişlənməsi isə gömrük sistemində daha ciddi problemlər yaradıb. Əldə etdiyimiz məlumatlarda deyilir ki, bu fəaliyyətlə məşğul olan şirkətlər iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. Təsadüfi deyil ki, əvvəllər idxal olunan mallara görə şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın vergisini nağd ödəməlidir. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca "şirinlik" kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Məsələn, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu "hörmət"lə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar. Son illər bu tip faktların ortaya çıxması komitə sədrinin karyera durumunu xeyli qəlizləşdirib. Hətta son vaxtlar Dövlət Gömrük Komitəsində nüfuz savaşı güclənib və qurumun əsas söz sahiblərindən olan Səfər Mehdiyev "vurulub". Bu barədə "AzPolitika.info" saytı məlumat yayıb. Saytın yazdığına əsasən, birinci müavinin bütün səlahiyyətləri əlindən alınıb: "Gömrük xidməti general-leytenantı Səfər Mehdiyev uzun illərdir komitədə faktiki olaraq əsas söz sahibi hesab olunur. Gömrük Komitəsində kadrların seçilməsi və yerləşdirilməsi, qeyri-rəsmi büdcənin idarə olunması kimi mühüm işlər məhz onun müstəsna səlahiyyətləri çərçivəsində idi. Lakin o, gözlənilmədən yuxarıların yanında etibarını itirib və hətta istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Müəyyən səbəblərdən istefası qəbul olunmasa da, hazırda onun Gömrük Komitəsində birinci müavin postunu tutması tamamilə formal xarakter daşıyır. Deyilənə görə, onun haqqında müvafiq qurumlara Bakı Şəhər Gömrük İdarəsinin rəisi Vüsal Novruzov məlumat ötürüb. Həm Səfər Mehdiyev, həm də Vüsal Novruzov əslən Naxçıvan MR-in Nehrəm kəndindəndilər". Özəl mənbələrdən aldığımız məlumatlarda isə bildirilir ki, DGK-da atmosferin ürəkaçan səviyyədə olmaması islahat məsələsini gündəmə gətirib: "Deyilənə görə, yaxın vaxtlarda Aydın Əliyev də daxil olmaqla komitənin rəhbərliyində yer alan bəzi şəxslər vəzifədən kənarlaşdırılacaq. Hətta qurumun ləğvi məsələsi də gündəmdədir. Odur ki, komitə sədrinin və müavinlərinin, eləcə də adı saysız-hesabsız qanun pozuntularında hallandırılan Vüsal Novruzovun gələcək karyerası sual altındadır". Növbəti saylarımızda oxuyacaqsınız:

- Aydın Əliyevi "Novco" Şirkətlər Qrupunun, eyni zamanda Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ilə hansı tellər birləşdirir?

- Sözügedən şirkətin beynəlxalq investisiya layihələrinə komitə sədrinin dəstəyi nədən ibarətdir?

- Vüsal Novruzov kimdən kimə məlumat ötürür?

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini Vertikal.az-da yaymağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-07-2020 11:56
 
 
 
 
15-07-2020 03:16
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net