İcra başçısının şəriki 20 nəfəri xəstəxanalıq etdi
Tarix: 22-04-2015, 13:52 | Çap et
İcra başçısının şəriki 20 nəfəri xəstəxanalıq etdi
Dünən Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. JAM.AZ-a verilən məlumata görə, hadisə «Səma» Şadlıq Sarayında keçirilən toy məclisində qeydə alınıb.

Belə ki, rayon sakinlərindən biri övladına toy edib və orada qonaqlara verilən qida məhsullarından zəhərləniblər. Saatlı Mərkəzi Xəstəxanasına daxil olan şəxslərə yağdan zəhərlənmə diaqnozu qoyulub. Həmin yağın vaxtı keçdiyi və istifadəyə yararsız olduğu da aşkarlanıb.

Qeyd edilir ki, «Səma» Şadlıq Sarayının sahibi, rayonda tikinti materialları biznesinin monopolisti kimi tanınan, habelə rayon icra başçısı Siraqəddin Cabbarovun şəriki kimi ad çıxarmış Telman Mehdiyev isə işi ört-basdır etməyə çalışır. Elə bu səbəbdən də o və yaxın adamları zəhərlənən şəxslərin ailələri ilə görüşərək, onlardan şikayətçi olmamalarını istəyirlər.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Telman Mehdiyev Saatlıda güclü iş adamı kimi ad çıxarıb. Buna səbəb isə rayonda həyata keçirilən tikinti işlərinə zəruri olan bütün materialların ondan alınmasıdır. Daha doğrusu, icra başçısı Siraqəddin Cabbarovla şərikliyi böyük biznes qurmasına səbəb olub. Məlumatlara görə, Cabbarovun göstərişinə əsasən bütün təmir, tikinti, abadlıq və quruculuq işlərində istifadə olunan materialların hamısı məhz Mehdiyevin dükanlarından alınmalıdır.

Bundan başqa, Telman Mehdiyevin istifadəyə verdiyi «Səma» Şadlıq Sarayı ilə də bağlı ilginc məlumat var. JAM.AZ-a daxil olan bilgilərə görə, dünən gecəki toyda insanların zəhərləndiyi şadlıq evi lisenziyasız fəaliyyət göstərir. Buna səbəb isə həmin tikilinin istifadəyə yararsız olduğu və standratlara cavab verməməsi göstərilib. Həmçinin əsas yoldan 3-4 metr aralıda yerləşməsi də təhlükəsizlik qaydalarının pozulması halı kimi aktlaşdırılıb. Buna görə də, FHN və digər qurumlar «Səma»nın fəaliyyət göstərməsini məqsədəuyğun hesab etməyiblər.

Amma Telman Mehdiyevin icra başçısı ilə şərik olması və əlinin daha uzaq yerlərə gedib çatması bu qadağalardan yaxasını kənara çəkməyə imkan verib. Belə ki, «Səma» şadlıq sarayının fəaliyyət göstərməsi üçün iş adamının 20 min manat pul verdiyinə dair məlumatlar yayılıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net