"Avromed" şirkəti və onun deputat sahibi ilə bağlı iddialar...
Tarix: 21-04-2015, 11:56 | Çap et
"Avromed" şirkəti və onun deputat sahibi ilə bağlı iddialar...
Artıq heç kimə sirr deyil ki, ölkəmizə xaricdən dərman vasitələri gətirən əsas əczaçılıq şirkəti məhz Milli Məclisin üzvü Cavanşir Feyziyevin təsisçisi olduğu "Avromed" MMC-dir. Belə ki, 2002-ci ilin aprel ayında fəaliyyətə başlayan şirkət dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Onu da qeyd edək ki, Cavanşir Feyziyevin sahibi olduğu MMC ölkənin dərman bazarında inhisarçı mövqeyə sahiblənib.

Diqqət yetirsəniz görərsiniz ki, şəbəkələşmiş dərman satışı ilə məşğul olan şirkətlərin heç biri "Avromed"lə rəqabət apara biləcək gücdə deyil. Çünki millət vəkili əlində olan imkanlardan yararlanaraq digər dərman firmalarının qarşısında süni sipərin çəkilməsinə müvəffəq olub. Elə bu səbəbdən də ölkənin ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən apteklərin əksəriyyəti dərman preparatlarını məhz "Avromed"dən almağa məcbur qalıblar. MMC-nin deposu isə dərmanları real dəyərindən xeyli baha qiymətə satışa çıxarır. Bu səbəbdən də dərmanı yuxarı qiymətə alan apteklər də onu daha baha qiymətə satırlar. Başqa sözlə desək, "Avromed" şirkətinin eyniadlı dərman deposu ölkəmizdəki dərman bahalığının başlıca səbəbkarlarındandır.

Şübhəsiz dərman bazarında yaranmış hazırkı vəziyyət bu ticarətlə məşğul olan sabibkarların da ciddi narazılığına səbəb olur. Görünür, ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşaraq vəziyyətin nəzarətdən çıxmasını bir növ əngəlləyən tədbirlərin gerçəkləşməsini lazım bilir. Dərman bazarının nəzarətdən kənar qalması barədə dövlət başçısının Nazirlər Kabinetinin cari ilin I rübünün yekunlarına həsr edilmiş iclasında dedikləri uzun illər bu sahədə hökm sürən vəziyyəti əks etdirir. Belə ki, prezident məsələni dəyərləndirərək "Bu dözülməz haldır. Bizə məlum oldu ki, bu sahədə çox ciddi pozuntular var", deyə qeyd edib. Pozuntularda adı daha çox hallanan isə gözlənildiyi kimi Cavanşir Feyziyevin təsisçisi olduğu "Avromed" MMC olub. Bir qədər öncə də bildirdiyimiz kimi, sözügedən şirkət ölkənin ən iri əczaçılıq şəbəkələrini özündə birləşdirir. Əsas regionlarda filiallar açmış şirkət Azərbaycanda 200-dən artıq xarici şirkətin dərmanlarını satır. Xariclə sıx əlaqələri olan "Avromed"in fəaliyyətinə gəlincə, artıq onun əməlləri qanunların əndazəsinə belə sığmır. Lakin şirkət rəhbərliyi ciddi cəhdlə deyilənləri təkzib etməyə çalışır. Məsələn, çıxışlarında daim mövcud iqtidarın yeritdiyi siyasi kursu dəstəklədiyini bəyan edən, lakin çətinə düşən kimi müxalifət qəzetlərindən yardım uman, onların vasitəsi ilə üzləşdiyi bəzi problemləri yoluna qoymağa çalışan Cavanşir Feyziyev bu günlərdə "Yeni Müsavat"a geniş müsahibə verib və bu zaman sahibi olduğu şirkətin çulunu sudan quru çıxarmağa cəhd göstərib. Belə ki, o, ölkədə dərman preparatlarının baha olduğunu etiraf etsə də, "Avromed"in bu sahəni inhisara aldığını qəbul etmək istəməyib. "Azərbaycanın əczaçılıq bazarında monopoliya nəinki yoxdur, hətta bundan danışmaq belə mümkün deyil" deyən deputat iddia edir ki, guya sahib olduğu şirkətdə qiymətlər 3 il qabaq necə idisə, bu gün də elədir. Halbuki ağ yalandır. Çünki məhz "Avromed"in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Ekspertlər tərəfindən bununla bağlı aparılan tədqiqatlar ölkəmizdə dərmanların qiymətinin Türkiyə və İranla müqayisədə müvafiq olaraq təxminən 2, hətta 3 dəfəyə qədər yüksək olduğunu göstərir. Bu isə bir daha onu təsdiqləyir ki, Cavanşir Feyziyevin rəhbərlik etdiyi şirkət artıq neçə ildir dərman biznesini tam olaraq ələ keçirdiyindən bazara öz qiymətləri ni diqtə edir. Elə bu səbəbdən də hazırda "Avromed"in müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir. Bir sözlə, dərman bazarı tam şəkildə adıçəkilən şirkətin nəzarətində cəmlənib. Cavanşir Feyziyev isə sözügedən müsahibəsində bunu inkar etməklə yanaşı, dolların məzənnəsinin qalxmasından sonra belə, "Avromed"in qiymətləri qaldırmadığını bəyan edib. Sizcə buna inanmaq olar? Təbii ki, xeyr. Hər şey göz qabağında cərəyan edir və görünən odur ki, qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Odur ki, deputat nə qədər səy göstərsə də, lap yüz belə müsahibə versə də, heç kimi dediyi yalanlara inandıra bilməz.

Bu arada, əldə etdiyimiz məlumatlara görə, deyirlər ki, Bakı ətrafı qəsəbələrdə gizli dərman hazırlayan sexlər fəaliyyət göstərir. Xüsusi mühafizəçilər tərəfindən qorunduğu deyilən bu sexlərə giriş demək olar ki, mümkün deyil. Hesab edirik ki, bu xəbərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ehtiyac var.

Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən şirkət bir lisenziya ilə bir neçə aptek işlədir: "Rayonlardakı bütün apteklər məhz "Avromed"in lisenziyası ilə fəaliyyət göstərir. Dərman preparatlarını baha qiymətə də elə bu şirkət satır. Deyilənlərə görə, "Avromed"in dərman bazarında inhisarçı mövqeyi ələ keçirməsi bəzi firmaların öz mövqelərini itirməsindən sonra sürətlə artmağa başladı. Belə ki, şirkətin xaricdən gətirdiyi dərmanların öz nəzarətindəki apteklərdə nisbətən ucuz qiymətə satılması digər rəqiblərini demək olar ki, çətin vəziyyətə salıb. Bu amil dərman bazarında sıxışdırılmağa başlayan firmaların tərəfdaş apteklərinin xeyli hissəsini və əksər müstəqil fəaliyyət göstərən aptekləri istər-istəməz "Avromed"in çətiri altına yığıb. Odur ki, bu gün Cavanşir Feyziyevin sahibi olduğu şirkət faktiki olaraq ölkədə dərman bazarında yeganə lider sayılır. Şirkətin rəhbərliyi hətta Səhiyyə Nazirliyinin rəsmiləri ilə də hesablaşmır, bəzi situasiyalarda isə nazirliyin rəsmiləri tərəfindən aparılmış reydlərin effektini sıfra endirən hərəkətlərdən belə çəkinmir".

Bütün bunlarla yanaşı, "Avromed"in dövlətin vergi siyasətini də əngəlləyə biləcək əməlləri barədə xəbərlər dolaşmaqdadır. Belə ki, mənbənin iddiasına görə, şirkət inhisarçı imkanlarından istifadə edərək aptek fəaliyyəti ilə məşğul olan bir sıra fiziki şəxslərin himayədarlığını da boynuna götürüb: "Deyilənlərə görə, "Avromed"in himayəsi altında fəaliyyət göstərən apteklərin vergi hesabatları reallığı əks etdirmir. Lakin nədənsə müvafiq qurumlar olub-bitənlərə seyrçi mövqe sərgiləyirlər. Görünür, kimlərsə Cavanşir Feyziyevin özündən ehtiyat edirlər. Məhz elə bu səbəbdən də "Avromed" ilə bağlı mətbuatda yer alan tənqidi qeydlərə heç bir reaksya verlməyib. Yalnız vəziyyətin dözülməzliyinə ölkə başçısının diqqət yetirməsindən sonra əlaqədar qurumlar əl-ayağa düşməyə başlayıblar. Bu məmurlar axı nəyi gözləyirdilər? Şübhəsiz ölkəyə gətirilən dərmanların dövlət nəzarət mexanizmindən yayındırılması, bu dərmanlara pərakəndə satış zamanı apteklərdə qoyulan əlavə qiymətlərin fərqli olması bəzi məmurların nöqsanlı fəaliyyətindən xəbər verir…"

P.S. Mənbənin bildirdiyinə görə, bir müddət öncə Almaniyanın dərman istehsalı və satışı ilə məşğul olan şirkətlərindən biri ilə qiymətlərin aşağı salınması istiqamətində müzakirələr aparılıb. Lakin qarşı tərəf irəli sürülən şərtləri qəbul etmədiyindən qiymətlərin aşağı salınması mümkün olmayıb. Alman şirkətinin dediyindən dönməyəcəyini, yəni razılaşma əldə olunmayacağını görən bizim yerli şirkətimiz qarşı tərəfə maraqlı, əslində isə utancverici təkliflə müraciət edib. Belə ki, Azərbaycanda dərman satışı ilə məşğul olan həmin şirkət almanlara dərmanların tərkibini və keyfiyyətini aşağı salmağı, yəni bu yolla qiymətdə endirim etmələrini təklif edib. Bunu biz yox, həmin alman şirkəti ilə əməkdaşlıq edənlər deyirlər. Məhz elə bu səbəbdən də baş ağrısı üçün istifadə olunan dərmanı qəbul etdikdən sonra başımızın ağrısı kəsilməsi bir yana, hələ üstəlik digər yerlər də ağrımağa başlayır. Maraqlıdır, görəsən dara düşən kimi müxalifət qəzetlərinə üz tutan deputat Cavanşir Feyziyev bu barədə nə düşünür?..





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net