Elsevər Dünyamalıyevə hansı əməllərinə görə vəzifə verilib
Tarix: 15-04-2015, 15:10 | Çap et
Elsevər Dünyamalıyevə hansı əməllərinə görə vəzifə verilib
Bir neçə gün bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları keçirildi. Daha dəqiq desək uzun müddət bu telekanalda işləyən bəzi vəzifəli şəxslər işlərindən uzaqlaşdırıldı. "İdman Azərbaycan" kanalının keçmiş baş direktoru Elsevər Dünyamalıyevin səlahiyyətləri isə artırıldı. AzTV-nin sədri Arif Alışanovun əmrinə əsasən Elsevər Dünyamalıyev aprelin 7-dən etibarən AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" kanallarında baş direktor vəzifəsində çalışacaq.

Məlumata görə, Elsevər Dünyamalıyevin iş funksiyasına hər üç kanalın bütün texniki heyəti və iş qrafikinə nəzarət, verilişlərin keyfiyyəti və qonorarların verilməsi daxildir. Bundan başqa, A.Alışanov tanınmış şair Hüseyn Kürdoğlunun Azərbaycan televiziyasında proqram direktoru vəzifəsində çalışan oğlu İlham Alışanovun səlahiyyətlərinin də bir hissəsini onun əlindən alaraq Elsevər Dünyamalıyevə həvalə edib. Mənbə bildirib ki, Alışanovun bu təyinatı AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayevin öz komandası ilə birlikdə işdən çıxması ilə nəticələnib. Xatırladaq ki, AzTV-nin 4 əməkdaşı - kanalın bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov, "Səhər" musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb.

Bəs Elsevər Dünyamalıyev kimdir? Niyə birdən-birə hər üç kanala rəhbər vəzifəyə gətirilir? Uzun müddət AzTV-də çalışan şəxslərin işdən azad olunmasına necə nail oldu? Bu kimi suallara cavab vermək üçün ilk öncə "İdman-Azərbaycan" telekanalının yaranması ərəfəsinə diqqət edək. Təqribən 7 il öncə Azərbaycan teleməkanında "İdman-Azərbaycan" fəaliyyətə başladı. Etiraf etmək lazımdır ki, bu kanalın yaradılması televiziya tamaşaçılarına böyük sevinc bəxş etdi. Çünki bu vaxta qədər qabaqcıl idman yarışlarını, dünya və Avropa çempionatlarını izləmək üçün min bir əziyyətə qatlaşan tamaşaçılar daha belə problemlə üzləşmirlər.

Digər tərəfdən, "İdman-Azərbaycan" kanalı dünyada pulsuz yayımlanan azsaylı idman kanallarındandır. Bu kanalda daha çox futbol matçlarının yayımlanmasını da başa düşmək olar. Hamıya məlumdur ki, futbol idmanın şahıdır və bu idman növünün pərəstişkarları daha çoxdur. "İdman-Azərbaycan" kanalı fəaliyyətə başladıqdan sonra azarkeşlər İtaliya, İspaniya kimi qabaqcıl ölkələrin çempionatlarına, həmçinin Avrokubokların oyunlarına sərbəst şəkildə tamaşa edə bilirlər. Halbuki buna qədər futbol həvəskarları əlavə xərc çəkərək oyunları ya müxtəlif kafe və restoranlarda, ya da peyk antenası alaraq evində izləyirdi.

Bildiyiniz kimi, "İdman-Azərbaycan" kanalına rəhbərlik vaxtilə Azərbaycan Dövlət Televiziyasının proqram direksiyasının şöbə müdiri vəzifəsində çalışmış Elsevər Dünyamalıyevə həvalə edildi. Qeyd edək ki, Elsevər Dünyamalıyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətində çalışır. AzTV-nin proqram direksiyasının redaktoru, baş redaktoru olub. 2009-cu ildən "İdman-Azərbaycan" telekanalına direktor təyin olunduğu vaxtadək AzTV-nin proqram direksiyasında şöbə müdiri işləyib. Onun ilk "parlaq" fəailiyyəti isə "İdman-Azərbaycan" kanalında özünü büruzə verməyə başladı. Lakin idman kanalında gəlir mənbələri çoxdur: müxtəlif yarışlar, portret verilişləri, xatirə toplantıları, beynəlxalq tədbirlər və s. Çox şeyə də "olar-olmaz" qərarını Elsevər Dünyamalıyevin özü verirdi. Nəzərinizə çatdıraq ki, hər il mayın ortalarında Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirləri keçirilir. Dövlət tərəfindən isə bu yarışlara xeyli miqdarda vəsait ayrılır. Həmin pullara isə birbaşa "İdman-Azərbaycan" kanalının direktoru Elsevər Dünyamalıyev sahib dururdu. Digər tərəfdən "İdman-Azərbaycan" kanalının keçmiş şefi klublardan da kifayət qədər pul alırdı. Verilən məlumatlara görə o klubların oyunlarını işıqlandırmaq üçün hər birinə müəyyən şərt qoyubmuş. Hətta bu məsələyə görə vaxtilə Neft Şirkətinin rəhbəri ilə Elsevər Dünyamalıyev arasında xoşagəlməz söhbətlər də olub. Beləki ARDNŞ və AFFA prezidenti klub yarışlarının AzTV və "İdman Azərbaycan" telekanallarında pulsuz yayımlanmasına cəhd ediblər. Və bunu hər iki kanalın dövlət tərəfindən maliyyələşdirilməsi ilə izah ediblər. Amma qarşı tərəfə bu işləri görmək üçün müyyən məbləğdə "pul oxuyub". Qarşı tərəf iddia edib ki, onların vəzifəsi dövlətin yürütdüyü siyasi xətti dəstəkləmək, onun reallaşmasına informasiya dəstəyi verməkdir. Dövlət buna görə onlara yetərincə geniş maliyyə vəsaiti ayırır. "İdman Azərbaycan" telekanalı isə 2009-cu ildə sırf idmanın təbliği və populyarlaşması məqsədilə yaradılıb. Amma nə o, nə də AzTV ölkədə futbolun inkişafını dəstəkləmək istəmir. Deyilənlərə və yazılanlara görə "İdman Azərbaycan"ın rəhbəri Elsevər Dünyamalıyev milli çempionatın oyunlarını translyasiya etmək üçün AFFA-dan pul tələb edib. AFFA isə hər oyun üçün 3 min manat, 192 oyun üçün üst-üstə 576 min manat "haqq" tələb etməsi ilə razılaşmayıb. Gördüyünüz kimi Elsevər Dünyamalıyev "İdman -Azərbaycan" telekanalında fəailiyyət göstərdiyi müddətdə kifayət qədər maliyyə toplaya bilib. Digər tərəfdən görünür o AzTV-nin təhbəri Arif Alışanovuda müəyyən qədər "razı salıb". Ki, o da göstərilən "etimadın" müqabilində birdən birə 3 telekanala nəzarət etməyi tapşırıb. Amma əslində Elsevər Dünyamalıyevin vaxtilə etdiyi əməllərə görə indi gətirilən posta layiq olmadığı bildirilir. Hətta adının çəkilməsini istəməyən AzTv əməkdaşı bildirdi ki, işçilər yaxın günlərdə Elsevər Dünyamalıyevin fəailiyyətinin araşdırılması üçün rəhbərliyə müraciət edəcəklər. Hər halda bu şəxsin fəailiyyəti araşdırılsa, nələrin ortaya çıxacağı gün kimi aydın olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net