Daha bir tibb ocağında dövlətin qanunları ayaqlar altına atılır
Tarix: 8-04-2015, 11:44 | Çap et
Daha bir tibb ocağında dövlətin qanunları ayaqlar altına atılır
Dövlət büdcəsi hesabına maliyyələşən xəstəxanalarda tibbi xidmətlərin keyfiyyətinin aşağı olması özəl klinikalara olan tələbatı daha da artırıb. Son illər özəl səhiyyə ocaqlarının sayı durmadan artmaqdadır. Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyətə başlayan bəzi özəl klinikaların KİV-də mütəmadi reklamları gedir. Əhalinin müəyyən hissəsi isə məhz bu cür reklamlara inanıb, həmin tibb mərkəzlərinə üz tutur.

Ancaq özəl səhiyyə müəssisələrinin bir çoxunda keyfiyyətli xidmət göstərilmir. Həkimlər vətəndaşların inamından istifadə edərək onların cibinə girir. Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən " Lor Hospital"da da vəziyyət ürəkaçan deyil. Apardığımız araşdırmalar göstərir ki, qulaq, burun və boğazda yaranan problemlərlə bağlı hospitala müraciət edən insanların əksəriyyəti burda göstərilən xidmətlərdən narazı qalıblar. Məsələn, Bakı şəhər sakini Nazir Sabir oğlu Ramazanov " Lor Hospital"da qarşılaşdığı problemdən mətbuat vasitəsilə müxtəlif dövlət qurumlarına şikayət edib. "Boğazımda yaranan narahatlıqla əlaqədar müayinə olunmaq üçün Respublika Klinik Xəstəxanasına getmişdim. Aparılmış müayinənin nəticəsi olaraq səs tellərimdə polip (selikli qişada əmələ gələn şiş) aşkar edildi. Elə bu məqamda qarşıma Ramin adlı həkim çıxdı və bu əməliyyatın yalnız " Lor Hospital"da uğurla həyata keçirilə biləcəyini bildirdi. Mən isə ona əməliyyatı Respublika Xəstəxanasında keçirmək istədiyimi bildirdim. Lakin o, təkid elədi, əməliyyatı şəxsən özü aparacağını, 20 gün ərzində tam və rahat danışa biləcəyimi söylədi. Bir sözlə, məni əməliyyatın " Lor Hospital"da aparılmasına razı saldı. Ötən il dekabr ayının 7-də Ramin həkim " Lor Hospital"da məni boğazımdan (səs telləri hissəsində) əməliyyat etdi. Onu da qeyd edim ki, həkimin bildirdiyinə görə, ilkin əməliyyat zamanı guya narkozun yetərsizliyi səbəbilə mənə ikinci dəfə narkoz verilib. Aradan iyirmi gün ötdü, səhhətimdə heç bir irəliləmə müşahidə olunmadı. Yenidən həkimə getdim, o isə mənə əlavə olaraq yenə də iyirmi gün gözləməyi tövsiyə etdi. Bu müddət də başa çatdı, yenə də heç bir irəliləmə qeydə alınmadı. Həkimə yenidən müraciət etdikdə bu dəfə o, problemin sinirlə əlaqədar olduğunu bildirərək mənə nevropatoloqu məsləhət gördü. Mən də nevropatoloqa gedib müayinələrdən keçdim. Problemlərin sinirlə əlaqəsi aşkarlanmadı, əlləriminsə iflic olduğu bilindi. Bunları eşitdikdən sonra artıq bu ölkədə hansı həkimə müraciət edəcəyimi bilmədim və çarəsiz qalaraq 2014-cü ilin iyun ayında qonşu İran İslam Respublikasına üz tutdum", deyə şikayətçi bildirib. Nazir Ramazanov həmçinin qeyd edib ki, İranda olduğu yeddi gün ərzində müxtəlif müayinələrdən keçib və ona əməliyyatın doğru olmadığını söyləyiblər: "Əməliyyat nəticəsində nitqimi tamamilə itirmişəm. İnsanlara fikrimi ya işarələrlə, ya da yazmaqla çatdıra bilirəm. Əllərim iflic olub, əl hərəkətlərimin tamlığı pozulub. Özüm uzun müddət hüquq-mühafizə orqanlarında çalışmışam, hazırda təqaüddəyəm. Başıma gələnlərlə əlaqədar heç bir fəaliyyət göstərə bilmirəm. Hələ də belə həkimlərin səhiyyə orqanında işləməsi bu sahədəki islahatların məqsədyönlü aparılmasına şübhələr yaradır.

" Lor Hospital"da keçirilən əməliyyata 1500 manat, İran İslam Respublikasında müayinələrə isə 12000 manat xərcləmişəm. Çəkilmiş bu qədər xərc və əziyyətlərlə yanaşı, bundan sonra mən daha heç vaxt danışa bilməyəcəm". Şikayətçi həkimin əməlində Cinayət Məcəlləsinin 314.1 və 314.2 maddələrinin tərkibinin olduğunu vurğulayıb: "Vəziyyət barədə müxtəlif dövlət orqanlarına, o cümlədən Səhiyyə Nazirliyinə şikayət etmişəm. İşlə bağlı heç bir araşdırma aparılmayıb və indiyədək müraciətlərimə rəsmi cavab verilməyib". Vətəndaş Aygün Babayeva da "Lor hospital"ın fəaliyyətindən narazı qalıb. O aidiyyəti dövlət qurumlarına etdiyi müraciətdə tibb mərkəzində üzləşdiyi problemlərdən söz açıb: "Özümü hərdən söyürəm. Kaş ayaqlarım sınardı, " Lor Hospital"a getməzdim. Orda mənim ümüdlərim qırıldı, həyata qarşı inamım itdi. Depressiyaya düşdüm. Aldığım müalicəni də yarıda qoydum. " Lor Hospital"ı reklamlarda görərkən çox bəyənmişdim. Məndə elə təsəvvür yaranmışdı ki, dərdimin dərmanı məhz buradadır. Mən onları "facebook" səhifəsində izləyirdim və məlumatım var idi ki, pulsuz müayinə aksiyası olur. Maddi imkanım pis olduğundan pulsuz müayinə olarsa, mənə məlumat vermələrini xahiş etdim. Cavab gəldi ki, istədiyiniz vaxt 3 övladınız ilə pulsuz müayinəyə gələ bilərsiz. 3 oğlum və xalamla hospitala yollandım. Bu zaman mən və 1oğlumun müayinə ola biləcəyini bildirdilər. Halbuki, əvvəlcə 3 uşağımla birlikdə müayinə oluna biləcəyimi demişdilər. Bu mənə pis təsir etdi. Şikayətlər və təkliflər kitabına şikayət etmək istəyəndə məni söz verdikləri qaydada müayinə edəcəklərini dedilər. Həkim Aynurə xanım idi. O müayinənin pulsuz olacağını bilib, bizə öz baxışları və hərəkətləri ilə açıq şəkildə narazılığını bildirdi. Digər mərkəzdən müayinədən keçdiyim audiometriyanın surətini, qəbul etdiyim dərmanların reseptlərini həkimə göstərdim və başımda kəskin küy olduğunu bildirdim. Həkim onlara baxıb məni müayinə etməmiş, bu küydən heç vaxt azad olmayacağımı, get-gedə kar olacağımı söylədi. Həkimə "angina" olan zaman qulaqlarımın daha da tutulmasını bildirəndə isə üstümə qışqırıb, "Adama neçə dəfə demək olar, boğazın qulağa heç bir təsiri yoxdur. Siz karsız? Məni eşitmirsiz? Neçə dəfə 1 sözü deməliyəm axı?" dedi. Sonradan mənə aydın oldu ki, hospitalda pulsuz müayinə aksiyası yalandan başqa bir şey deyilmiş. İnsanların hissləri ilə oynayırlar". Qeyd edək ki, "Lor Hospital" haqda şikayətlərin sayı-hesabı yoxdur. Növbəti saylarımızda hospitalda aparılan bahalı əməliyyatlar, vergidən yayındırılan vəsaitlər, ictimaiyyətdən gizlədilən hadisələr, baş həkim Pərviz Aslanovun yerinə yetirdiyi qanunsuz işlər, klinikaya xaricdən dəvət olunan həkimlərin Səhiyyə Nazirliyinin şəhadətnaməsi və Dövlət Miqrasiya Xidmətinin əmək miqrasiyası olmadan işləmələri barədə dəhşətli faktları açıqlayacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net