Mobil operatorlar əsəblərimizi necə tarıma çəkir - PROBLEM
Tarix: 7-04-2015, 15:38 | Çap et
Mobil operatorlar əsəblərimizi necə tarıma çəkir - PROBLEM
“Ulduz olun. 66 nəfər 16 600 manatlıq hədiyyəsini artıq aldı. 24 qəpiyə sənin nömrən 20 min manat qazana bilər. Ulduz yaz, 55 85-ə göndər, ulduzu özündə saxla”. 8228-dən gələn mesaj: “Təbriklər! TOYOTA QAZANDIN sözlərini Sən də eşidə bilərsən. Elə isə TƏLƏS! 2729-a SMS göndər, cavabını izlə. 5 qəpik”. 8555-dən gələn mesaj: “Ən orijinal sevgi etiraflarını ilk siz əldə edin "Etiraf” yazın 8555-ə göndərin. Qiyməti 0.11 AZN”.

Reklam xarakterli belə SMS-lər hər kəsə bəllidir. Çünki gün ərzində hər bir mobil telefon istifadəçisinə bu xarakterli SMS-lər azı 5-6 dəfə gəlir. Maraqlıdır, belə dəvətsiz SMS-lərinn daxil olmasının insanlara hansı təsiri ola bilər, yaxud müştərinin razılığı olmadan belə SMS-lərin göndərilməsi nə dərəcə qanunidir? Millər vəkli Elmira Axundova qeyd edib ki, belə reklamların insanlara, xüsusən gənclərə mənfi təsiri qaçılmazdır: “Bu kimi reklamlar təkcə dünyagörüşlü, yetgin insanların telefonuna gəlsəydi, dərd yarı idi. Çünki, yetginlik yaşında olan insanlar belə reklamların nəyə xidmət etdiyini bilir və onları silir. Amma təsəvvür edin ki, belə SMS-lər minlərlə məktəblinin telefonuna gəlir. Mənim ətrafımda olan insanlara da çoxlu sayda belə SMS-lər gəlir. Valideyinlər bildirilər ki, artıq uşaqlarına kontur yükləməkdən təngə gəliblər. Gərək mobil operatorlar başa düşsünlər ki, bu yolla, yakan xarakterli mesajlarla insanların ailə büdcəsinə ciddi ziyan vurula bilər. Odur ki, mobil operatorlar insanların cibini boşaldan yalan xarakterli SMS-ləri göndərməyə son qoymalıdırlar”.

Millət vəkili bildirib ki, əslində belə mesajlar insanları bezdirir: “Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara yarışlara cəlb etmək hallları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş altı mobil telefon var. Onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Bu hal daha çox Bakcell Mobil operatorunda müşahidə olunur. Mən müraciət edirəm ki, mobil operator müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün əməli tədbirlər görsün”.

Yeri gəlmişkən qeyd edək ki, dünya ölkləri ilə müqayisədə Azərbaycanda mobil və stasionar telefonlardan çox istifadə edirlər. Belə ki, mobil telefondan istifadəyə görə azərbaycanlılar Avropada türklərdən sonra 2-ci yeri tuturlar. Belə halda mobel operatorların biznes maraqlarını başa düşmək elə də çətin deyil. Lakin mobil operatorlar gəlirlərini vətəndaşları aldatmaq yolu ilə deyil, biznesini inkişaf etdirməklə artırmalıdırlar. Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov mətbuata açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi nəzərdə tutulur: “Biz telekommunikasiya qanunlarına yeni düzəlişlər etmişik. Yəqin ki, bu dəyişikliklər parlamentin növbəti iclasında qəbul olunacaq. Bu dəyişikliklər həm keyfiyyətə, həm qiymətlərə, operatorların abunəçilər qarşısında olan öhdəliklərinin daha da sərtləşdirilməsi istiqamətində olacaq. O cümlədən son vaxtlar əhali arasında geniş yayılan lazımsız SMS-lərin göndərilməsi də qanuna dəyişikliklərdə əksini tapıb”. Bu arada əldə etdiyimiz məlumata görə, Azərbaycanda mobil rabitə operatorlarının ("Bakcell", "Azercell" və "Azerfon") göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən bildirilib ki, monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək. Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq."

Əslində, bu problem xeyli müddətdir ki, aktualdır. Ölkədə fəaliyyətdə olan mobil operatorların abunəçilərin nömrələrinə müxtəlif məzmunlu SMS-lər göndərməsi vətəndaşlar arasında haqlı narazılığa səbəb olur. Həqiqətən də, əgər mobil telefon fərdi xarakter daşıyırsa, özəldirsə, kiminsə parfüm mağazasından və ya ayaqqabı dükanından ora icazəsiz məlumat niyə daxil olmalıdır? Söhbət məhz məlumatların icazəli-icazəsiz olmasından gedir. Bəs, insanları təngə gətirən yuxuyozma, fallar, müğənnilərin geyimləri kimi SMS-lərin telefonumuza daxil olmasının qarşısını necə almaq olar? Maraqlıdır ki, mobil operatorların bu xüsusda cavabları adətən belə olur ki, kim SMS qəbul etmək istəmirsə, hansısa nömrəyə boş SMS göndərsin və ya şirkətə bildirsin. Təsəvvür edirsinizmi, eyni proses telekanallarımızda da davam etməkdədir: Bayağı musiqilər, zövqsüz, zəhlətökən verilişlər, şou proqramlara baxmaq istəmirsənsə, kanalı dəyiş”. Belə məlum olur ki, insanlar fərdi telefon, yaxud televizorları ilə öz istəyinə uyğun deyil, istehsalçıların istəyinə uyğun davranmalıdır. Sual olunur; niyə abonentin razılığı alınmadan telefonuna elan, reklam, məlumat daxil olmalıdır ki, o da bunun qarşısını almaq üçün hansısa addımlar atmaq məcburiyyətində qalsın? Axı vətəndaşlar mobil operatorların xidmətinə görə haqq ödəyir. Belə halda məntiq onu deməyə əsas verir ki, xidmət göstərən xidmət haqqı ödəyənin istəyi ilə ayaqlaşmalıdır, öz kommersiya məqsədləri üçün vətəndaşın asılılığından sui-istifadə etməməlidir. Əldə etdiyimiz məlumata görə, reklam xarakterli SMS-lər abunəçilərə mobil operatorlar deyil, onların əməkdaşlıq etdikləri piar şirkətlər tətəfindən göndərir. Ancaq bu variant da mobil operatorları məsuliyyətdən xilas etmir. Çünki piar şirkətlər bu işi mobil operatorıarla bağladıqları müqavilə əsasında həyata keçirirlər.

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında sözügedən məsələyə bir neçə dəfə aydınlıq gətirib. Qeyd edib ki, abonentlərin mobil telefonlarına onun razılığı olmadan hər hansı SMS-in göndərilməsi istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında düşünən yoxdur. Çünki kommersiya maraqları digər bütün hədəfləri üstələyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-07-2020 11:56
 
 
 
 
15-07-2020 03:16
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net