Dövlət maraqları və əhalinin təhlükəsizliyi Razim Məmmədov üçün önəmli deyil?
Tarix: 18-03-2015, 15:54 | Çap et
Dövlət maraqları və əhalinin təhlükəsizliyi Razim Məmmədov üçün önəmli deyil?
Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovun qeyri-qanuni əməlləri bitib-tükənmək bilmir. Əksər hallarda adı qanunsuz maliyyə əməliyyatlarında, büdcə vəsaitlərinin mənimsənilməsində və torpaq satışında hallandırılan məmur demək olar ki, vəzifədə oturduğu illər ərzində yerli əhalinin etimadını qazana bilməyib. Belə ki, Xətai rayon sakinləri mütəmadi olaraq icra başçısının törətdiyi özbaşınalıqlarla bağlı ya mətbuat vasitələrinə, ya da aidiyyəti dövlət qurumlarına müraciət edirlər. Təəssüf ki, Razim Məmmədovun fəaliyyətindəki boşluqlar haqqında indiyə qədər səsləndirilən tənqidlərə heç bir reaksiya verilməyib. Cəzasız qalan icra başçısı isə hər keçən gün yeni bir özbaşınalığa imza atır. Qəzetimizin ötən sayında icra başçısının razılığı əsasında rayon ərazisində aparılan "yaşıl soyqırım"dan danışmışdıq. Açığı biz gözləyirdik ki, əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri Xətaidə yaşanan rəzalətə görə Razim Məmmədovu cəzalandıracaqlar.

Amma başçının barəsində hələ də heç bir tədbir görülməyib. Məhz bunun nəticəsidir ki, rayonun əksər qəsəbə və küçələrində yaşıllıqların məhv edilməsi geniş vüsət alıb. Yeni Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi, 33 saylı binanın sakinləri mətbuata müraciət edərək başçının qanunsuz işlərindən şikayət ediblər: "Parkı şumlayıb yerində göydələn tikirlər. Uzun illərdir burada yaşayırıq, binamızın qarşısındakı bu park uşaqlarımızın, özümüzün istirahət məkanımız olub. Kimsə pullu birisi çıxıb, bu boyda binaların sakinlərinin istirahət yerinə qənim kəsilib. Bir səhər oyandıq ki, parkdakı idman qurğularını, yelləncəkləri yerindən qoparıb atıblar kənara. Təsəvvür edin ki, biz bir ay bu özbaşınalığı edən şirkətin adını, kimə məxsus olmasını aydınlaşdırmağa çalışdıq. Bu gün bir qrup fəhlə gəlir, sabahı gün başqa bir qrup fəhlə. İş icrasının adını da öyrənə bilmirdik. Nəhayət, verdik məhkəməyə. işi dayandırdılar. Gördük iş dayanıb, biz də şikayətimizin dalınca getmədik. İki aydan sonra gördük ki, yenə tökülüşüblər əraziyə. Yenə ağır texnikaları gətirdilər, başladılar davam etməyə. İş orasındadır ki, bunlar təkcə parkla kifayətlənmirlər, binamızın həyətinə də giriblər". Sakinlərin bildirdiyinə görə, yeni tikinti ilə 33 saylı binanın arasında məsafə qoyulmayıb: "Tikililər arasında ara məsafələr haqqında qanunvericiliyə görə, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin". 33 saylı binanın sakinləri həmçinin onu da bildirib ki, mövcud problemin həll edilməsi ümidi ilə yuxarı instansiyalara müraciət ediblər, amma gəlib məsələ ilə maraqlanan olmayıb: "Müraciətlərimiz cavabsız qalır. Hansı qapıya üz tuturuqsa, bizi başlarından edirlər. Belə başa düşürük ki, Razim Məmmədovun ağacları məhv etməsinə bəzi yuxarı qurumlar tərəfindən bilərəkdən şərait yaradılır. Əks halda, icra başçısı törətdiyi özbaşınalıqlara görə çoxdan cəzalandırılmalı idi". Onu da qeyd edək ki, Xətai rayonunda "yaşıl soyqırım"la yanaşı, qanunsuz tikililər də ciddi problemə çevrilib. Belə ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi əksər vətəndaşlara qadağan olunmuş ərazilərdə fərdi yaşayış evi, eləcə də obyekt tikməyə icazə verib. Hətta buna görə bir neçə il əvvəl Xətai Rayon Prokurorluğu Xətai Rayon İcra Hakimiyyətini (RİH) və bir neçə fiziki şəxsi eyni iş üzrə məhkəməyə verib. Məlumata görə, iddiaya Xətai Rayon Məhkəməsində baxılıb. Xətai Rayon Prokurorluğuna rayon ərazisindəki çoxlu sayda evin yüksəkgərginlikli elektrik xətlərinin qanunla müəyyən olunmuş məsafədən qısa yaxınlıqda tikilməsi barədə "Bakıelektrikşəbəkə" ASC-dən məlumat daxil olub. Prokurorluq həmin evlərin tikintisi barədə sərəncamın Xətai RİH tərəfindən verildiyini öyrənib. Qurum bununla bağlı müvafiq araşdırma aparmaqla sərəncamların əsassız və qanunsuz olaraq verildiyini müəyyənləşdirib. Bundan sonra isə Xətai Rayon Prokurorluğu dövlət maraqları və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə Xətai Rayon Məhkəməsinə müraciət edib. Belə ki, prokurorluq Xətai RİH-in həmin evlərlə bağlı verdiyi sərəncamın ləğv olunmasını istəyib (bu zaman qarşı tərəf qismində Xətai Rayon İcra Hakimiyyəti və mənzil sahibləri olan fiziki şəxslər göstərilib). Məhkəmə prokurorluğun iddiasını təmin edib. Buna baxmayaraq, həmin evlərin heç biri sökülməyib. Bu isə o deməkdir ki, Razim Məmmədov və tabeliyində olan şəxslər məhkəmənin qərarına, ümumilikdə isə ölkəmizin mövcud qanunlarına qarşı hörmətsizlik göstərirlər. Bu arada, mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, Razim Məmmədovun qanunsuz əməlləri ilə bağlı yuxarılara ünvanlanan şikayətlər rəsmi dairələrdə ona olan münasibəti dəyişib: "Bir neçə il əvvələ kimi Xətainin icra başçısı sanki toxunulmazlıq statusuna malik idi. Lakin son vaxtlar başçının haqqında ardı-arası kəsilməyən şikayətlər, o cümlədən rayon ərazisində yaşıllıqların sürətlə məhv edilməsi xəbəri yuxarı instansiyalarda da narahatlıqla qarşılanıb. Və buna görə də rayonun icra başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Düzdür, Razim Məmmədovun vəzifədən kənarlaşdırılması məsələsi bundan əvvəl də gündəmə gəlmişdi. Amma hansısa sehirli əllər onu qoruyurdu. Deyilənə görə başçı artıq onu müdafiə edən bəzi şəxslərin himayəsindən məhrum olub. Bütün bu amilləri nəzərə alsaq deyə bilərəm ki, Xətai İcra Hakimiyyətinin aparatında tezliklə kadr islahatları aparıla və Razim Məmmədov görəvdən alına bilər". Rayon sakinləri isə bildirirlər ki, icra başçısının vəzifədən azad ediləcəyi günü toy-bayram kimi qeyd edəcəklər.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net