TANAP VƏ TAP-a daha bir təhlükə - yunan böhranı...
Tarix: 1-07-2015, 10:23 | Çap et
 TANAP VƏ TAP-a daha bir təhlükə - yunan böhranı...
Avropa Birliyinin (AB) iqtisadi-maliyyə cəhətdən ən zəif həlqəsi olan Yunanıstanla bağlı vəziyyət kritik olaraq qalır. Dünən “The Wall Street Journal” qəzeti özünün twitter səhifəsində Yunanıstan hökumətinin iyunun 30-da defolt elan etməyə qərar verdiyi haqda təcili xəbər yerləşdirib (virtualaz.org). Qəzet bu xəbəri yüksək vəzifəli Yunanıstan hökumət rəsmisinə istinadən yayıb.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna (BVF) 1.6 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-nadək vaxtı var idi. AB bu tarixdən Afinaya növbəti yardım proqramını dayandırır, yeni kreditlər olmayacaq. Məlumatda o da bildirilir ki, Yunanıstan borcu ödəmək iqtidarında deyil və bu gün rəsmən defolt qərarını elan edəcək.

Bundan əvvəl - iyunun 26-da Yunanıstan hökuməti beynəlxalq kreditorlarla (BVF, Avropa Mərkəzi Bankı, Avropa Komissiyası) borcların restruktizasiyasına və maliyyə yardımı proqramının uzadılmasına dair razılaşma əldə edə bilməmişdi.

Hər iki tərəf neçə vaxtdır bir-birini ittiham eləməklə məşğuldur: belə ki, kreditorlar Yunanıstan hökumətini islahatlar aparıb borcların qapadılması üçün vəsaitlər tapmaq istəməməkdə suçlayırsa, Afina da qarşı tərəfi “Avropa dəyərləri ilə bir araya sığmayan” şantaj siyasəti aparmaqda ittiham edir.

*****
Vəziyyətdən çıxış yolunu isə baş nazir Aleksis Tsipris ölkədə iyulun 5-də referendum keçirməkdə görüb. Həmin gün ölkə əhalisi bir suala cavab verməlidir: kreditorların şərtləri və təklif edilən islahatlar planına razıdırlarmı? Plan əsasən 8 bənddən ibarətdir və vergi sistemində dəyişiklikləri, pensiya islahatını, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutur.
Siyasi müşahidəçilərə görə, 5 iyul referendumunda ölkə vətəndaşlarının “yox” cavabını seçəcəyi ehtimalı daha yüksəkdir. Bunun da səbəbi yunanların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıran “sərt iqtisadiyyat” tələblərindən imtina etməsidir.

Qeyd edək iyunun 28-də hökumət ölkədəki bankların fəaliyyətinin iyulun 6-dək dayandırılmasına dair qərar verib və bankomatlardan nağd pul çıxarılmasına sərt məhdudiyyət qoyulub. Xəbər verilir ki, təkcə son istirahət günləri ərzində ölkə sakinləri bankomatları təxminən yarıya qədər boşaldıblar. Odur ki, prosesi müəyyən müddətə durdurmaq lazım gəlib. Aparatlar işini bərpa etdikdən sonra isə sakinlər gündə 60 avrodan artıq vəsait çıxara bilməyəcəklər.

*****
Defolt dedikdə borclu tərəfindən borc öhdəliklərinin yerinə yetirilmədiyinin elan edilməsidir. Başqa sözlə, bu, borcalanın müflis olması anlamını verir. Yunanıstanın defolt elan etməsinin Avropadakı maliyyə və fond bazarlarında ciddi çaxnaşmalara səbəb olacağı gözlənilir.
Analitiklər hesab edir ki, Yunanıstan ətrafında baş verən dramatik proseslər yeni qlobal böhrana da gətirib çıxara, Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara bilər.
Yunanıstan üstəlik, həm “Türk axını” (keçmiş adı “Cənub axını”) həm də TANAP, TAP qaz kəmərləri layihələri üçün tranzit marşrutun ən önəmli və həssas ölkəsi sayılır. Demək, bu ölkə ətrafında cərəyan edən proseslər sözügedən layihələrə də təsirsiz ötüşməyə bilər.
Yada salaq ki, “Türk axını” da, TANAP da Yunanıstanla sərhədə eyni nöqtədə çıxmalıdır. Oradan da o, TAP kəmərinə birləşdiriləcək. “Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq habda müştərilərə təhvil verməyi planlaşdırır. Odur ki, xeyli vaxtdır Rusiya-Qərb qaz savaşı əslində daha çox Yunanıstan uğrunda gedirdi.

*****

Bəs Yunanıstanın xarici borclu ilə bağlı yaranmış böhran bu qaz kəmərlərinin taleyinə necə təsir edə bilər? Suala xarici iqtisadi ekspertlərin kifayət qədər maraqlı cavabı var. Onların fikrincə, Yunanıstanın defolt olması və ya ağır maliyyə durumu bu layihələrə güclü təsir etməyəcək, çünki kəmərləri ölkələr yox, qaz şirkətləri inşa edir. Yəni layihələri reallaşdırmaq üçün Yunanıstandakı pulları yox, başqa mənbələrin vəsaitlərini hesablamaq lazımdır.
“İndi defolt haqda çox danışırlar.

Çoxları düşünür ki, o halda Yunanıstan avrozonadan, perspektivdə isə hətta AB-dən çıxarılacaq. Əgər bu, baş verərsə, daha AB qanunvericiliyi Yunanıstana şamil olmayacaq. Demək, müvafiq surətdə kəmərlərin ölkə ərazisində tikintisi ilə bağlı müxtəliflilik planında işlər daha da sadələşə bilər”, - deyə rusiyalı iqtisadçı alim Vyaçeslav Kulaqin vestikavkaza-ya bildirib.

Bununla belə, analitik neqativləri də qeyd edib: “Bu, dolayı faktor hesab edilə bilər. Yəni əgər Yunanıstan iqtisadiyyatı ilə bağlı durum həqiqətən böyük ölçüdə pisləşsə, o zaman ehtimal böyükdür ki, Yunanıstanda enerji resurslarına, o sırada təbii qaza olan ehtiyac aşağı düşəcək. Kəmərlər isə həm də Yunanıstan ərazisi üçün qaz çatdırışına hesablanıb. Ehtiyac azdırsa və ya yoxdursa, o halda verilən qazın həcmi də azalacaq ki, bu da müəyyən narahatlıq doğurur”.

*****
Ancaq nəzərə alanda ki, TANAP (TAP) həm də “Cənub axını”na, faktiki, rəqib layihədir, o zaman Yunanıstanın Avropa Birliyi ilə pozulan münasibətlərinin bu kəmərə əlavə diskamfort yaradacağı istisna deyil. Çünki o zaman rəsmi Afina kəmərlərlə bağlı seçimini AB-nin maraqlarını ciddiyə almadan, daha sərbəst şəkildə də verə bilər ki, bu da ən əvvəl Rusiyanın maraqlarına uyğundur.

Yox, Yunanıstan Avropa Birliyində də, avrozonada da qalsa, TANAP-a, TAP-a təhlükənin minimum olacağını söyləmək olar. Çünki o halda Afina enində-sonunda kəmərlər məsələsində AB-nin mövqeyini ciddiyə almalı olacaq. Brüssel və Vaşinqton isə məsələdə “Türk axını”nın deyil, TANAP və TAP-ın tərəfindədir. Ona görə ki, Ukrayna böhranından sonra Avropanın Rusiya qazından asılılığını azaltmaq onun strateji hədəflərindən biridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net