Bərdə rayon bələdiyyəsi sakinlərə problemlər yaradır
Tarix: 5-05-2015, 11:24 | Çap et
Bərdə rayon bələdiyyəsi sakinlərə problemlər yaradır
Bələdiyyə seçkilərindən sonra bu sahədə vəziyyətin yaxşılaşacağına inam olsa da, hələ ki, vəziyyət olduğu kimi qalıb. Ölkənin bir sıra regionunda məmur özbaşınalığı hökm sürür. Belə rayonlardan biri də Bərdə rayonudur. Dəfələrlə sözügedən rayonda yaşanan problemlərlə bağlı məlumat verilsə də, rayonda vəziyyət kritikləşməyə doğru gedir.

Bərdənin bələdiyyə sədri Hikmət Sadıqovun fəaliyyətsizliyi ucbatından rayonda vəziyyət pisləşməyə doğru gedir. Belə ki, bələdiyyə sədri vaxtlı-vaxtında işini görmədiyindən rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Bu şəxsin işləməməsi rayon sakinlərinə problemlər yaradıb. Rayonda abadlıq və yenidənqurma işləri aparılmır. Bundan başqa rayonda yolların təmir olunmasından, parklarda abadlıq işlərinin aparılmasından və bələdiyyənin öhdəliyinə düşən digər mühüm işlərin həyata keçirilməsindən söhbət gedə bilməz. Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır. Rayon sakinlərinin rifahı bələdiyyə sədrini qətiyyən düşündürmür. Bizə verilən məlumata görə, bu şəxs vətəndaşlara məxsus torpaqları dəyər-dəyməzə satır. Əldə olunan gəliri isə öz problemlərinə sərf edir. Ona görə də rayonda boş torpaq sahəsi tapmaq mümkün deyil.

Sakinlər iddia edirlər ki, Bərdə Şəhər Bələdiyyəsinin sədri Hikmət Sadıqov səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox torpaq alverilə məşğul olur və bu zaman külli miqdarda gəlir götürür.

Ümumiyyətlə, sakinlər ev tikməyə belə torpaq tapa bilmir. Əldə etdiyimiz məlumata görə, sakinlər su sarıdan da əziyyət çəkirlər. Dəfələrlə bələdiyyə sədrinin qəbulunda olsalar da, heç bir nəticə hasil olunmayıb. Təəssüfedici hal budur ki, sədr sakinlərin problemlərinə qarşı biganə münasibət sərgiləyir. Sakinləri boş-boş vədlərlə yola salır. Artıq vətəndaşlar sədrin özbaşınalığından cana yığılıblar. Kimə və hara müraciət edəcəklərini bilmirlər.

Hər kəsə bəllidir ki, hər il dövlət büdcəsindən bələdiyyələrə kifayət qədər maliyyə vəsaiti ayrılır. Amma bələdiyyələrin fəaiyyəti hələ ki, heç kəsi qane etmir. Həm vətəndaşlar, həm də dövlət onların fəaliyyətindən narazıdır. Buna baxmayaraq, JEK-ləri ləğv edib onların səlahiyyətlərini bələdiyyələrə vermək istəyirlər. Bələdiyyələr özünü doğrultmadığından belə addımın atılması heç də yaxşı şeylər vəd etmir.

Bələdiyyələrin yetərincə maliyyə imkanları olmasına baxmayaraq, infrastruktur problemi həllini tapa bilmir.

Yaşayış ərazilərinin abadlaşdırılması, yol infrastrukturunun qurulması regionların sosial-iqtisadi inkişafına bağlı proqramlarda da təsbit olunub. Burada öhdəlik götürən təşkilatlardan biri də bələdiyyələrdir.

Lakin aparılan müşahidələr göstərir ki, bələdiyyələrin gördükləri işlər keyfiyyətsizdir. Məsələn, çəkilən yollar tez bir zamanda sıradan çıxır.

Yolların təmiri həmişə problem kimi gündəmdə olub.

Bu kimi məsələlərlə bağlı bələdiyyə sədri camaata hesabat vermir. Halbuki bələdiyyənin gəlirlərinin hara, necə və nə üçün xərclənməsinə dair müvafiq hesabat verilməlidir. Əgər aidiyyəti qurumların nümayəndələri yollarını Bərdə rayonundan salsalar, o zaman yolların dağıldığını, həmçinin əhalinin mavi yanacaq sarıdan əziyyət çəkdiyini, zibillərin vaxtı-vaxtında daşınmadığını görəcəklər. Ümid edirik ki, tez bir zamanda Bərdəki mövcud problemlər öz həllini tapacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net