Travmatologiya və Ortopediya İnstitutunun direktoru ittiham olunur
Tarix: 1-05-2015, 10:56 | Çap et
Travmatologiya və Ortopediya İnstitutunun direktoru ittiham olunur
Heç kimə sirr deyil ki, ölkənin səhiyyə sistemində bir sıra problemlər var və nədənsə həmin problemlər səngimək bilmir. Doğrudur, bu sahədə müəyyən islahatlar aparılıb, lakin görünür bu, heç də yetərli deyil. Çünki bəzi tibb müəssisələri hələ də islahatlardan kənarda qalıb. Misal kimi, respublikanın baş travmatoloqu Vaqif Verdiyevin direktoru olduğu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu göstərmək olar.

Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən tibb ocağında bəzi neqativ hallara rast gəlmək mümkündür. Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Vaqif Verdiyev Travmatologiya və Ortopediya İnstitutuna ayda bir dəfə gəlir, o da öz işlərindən ötrü: "Burada çalışan həkimlərin sayı çoxdur. Amma qeydiyyatda olan həkimlərin əksəriyyəti özəl klinikalarda işləyirlər. Onu da əlavə edim ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kadrların işə qəbulu ilə əlaqədar ciddi nöqsanlara yol verilir. Məsələn, ixtisasları üzrə 5 ildən çox işləməyən, müvafiq hazırlıq keçməyən tibb işçilərinin işə qəbul olunması bu cür nöqsanlar sırasındadır. Bundan başqa, Travmatologiya və Ortopediya İnstitutunda işə qəbul üçün müvafiq komissiya yaradılmayıb, əvvəlcədən elan verilməyib, müsabiqə keçirilmədən tibb işçiləri işə götürülüb. Deyilənlərə görə, Vaqif Verdiyevin direktoru olduğu tibb müəssisəsində əksər hallarda hər vakant vəzifə üzrə alternativsiz, yalnız bir nəfərin sənədləri komissiyaya təqdim olunur. Əlavə müraciət edənlərin sənədləri isə müxtəlif bəhanələrlə geri qaytarılır. O da məlum olub ki, Səhiyyə Nazirliyinin qadağasına baxmayaraq, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda natamam ştat vahidləri üzrə işə qəbul aparılır".

Bu arada, Vaqif Verdiyevin Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən himayə olunduğunu vurğulayan mənbə iddia edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkimlər hər ay tibb müəssisəsinin direktorunun qəbulunda olmalı və ona müvafiq "hesabat" verməlidirlər: "Bildiyiniz kimi, dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olsa da, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkimlər məcbur edilirlər ki, xəstəxanaya müraciət edən vətəndaşlardan nəsə umsunlar. Bu isə tibb ocağına müraciət edən xəstələrin haqlı narazılığına səbəb olur. Lakin buna baxmayaraq, xəstələr və onların yaxınları narazılıqlarını bildirmək üçün xəstəxanada müraciət etməyə bir kimsə tapmırlar. Çünki Travmatologiya və Ortopediya İnstitutunda belə fikirlər yayılıb ki, Vaqif Verdiyev Səhiyyə Nazirliyində bir şəxs tərəfinden müdafiə edilir. Ona görə də o, heç kimi saymır, hətta işdə tapılıb əməkdaşlarına nəzarət etmir". Vaqif Verdiyevin oğlunun da ixtisasca tvarmatoloq olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, o da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda çalışır: "Vaqif Verdiyevin oğlu uzman doktordur. Belə ki, Fərhad Vaqif oğlu Verdiyev 1983-cü ildə Bakıda anadan olub. O, 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. 2007-ci ildən Türkiyənin Ege Universitetində ortopediya və travmatologiya ixtisası üzrə uzmanlıq təhsilinə başlayıb. 2012-ci ildə "Ortopediya və travmatologiya uzmanı" adını alıb. 2011-ci ildə ABŞ-ın Clevelandklinikasının Ortopediya və Revmatologiya İnstitutunda, 2012-ci ildə Nyu-York Hospitalının Xüsusi Cərrahiyyə üzrə klinikasında ixtisaslaşma keçib. 2013-cü ildən etibarən atasının yanında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda çalışır. Şübhəsiz Fərhad Verdiyevin qısa müddət ərzində karyerasında bu qədər irəliləməsində atasının müstəsna xidmətləri olub. Belə ki, Vaqif Verdiyev Səhiyyə Nazirliyində həmin şəxsin yardımları ilə oğlunun işlərini sahmana salıb və nəticədə hər yerdə Fərhad Verdiyevə yaşıl işıq yandırılıb".

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net