"Azəriqaz" və bitib-tükənməyən problemlər
Tarix: 15-04-2015, 10:42 | Çap et
"Azəriqaz" və bitib-tükənməyən problemlər
Qış aylarında vətəndaşların qaza, istiliyə olan tələbatı birə-beş artan bir zamanda "Azəriqaz" İB-nin mətbuatda tez-tez məlumatları yayılırdı ki, bir neçə rayon ərazisində qaz olmayacaq. Artıq qışı geridə qoysaq da, günü bu gün havalar azacıq soyuyan kimi, yenidən qazın verilişində fasilələr yaranır və yaxud da qaz elə zəif verilir ki, heç verilməsə ondan yaxşıdır.

Ümumiyyətlə, son bir neçə ildir ki, ölkənin qaz operatoru müntəzəm olaraq "təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi" kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır. Bu kimi durumlar da bildiyimiz kimi, ya zəhərlənmələrlə, yaxud da partlayışlarla nəticələnir. Lakin belə hadisələrin yaşanması da, heçnəyi dəyişmir. Bu kimi durumlarda qurum, vətəndaşı günahkar edir, özü isə, necə deyərlər, sudan quru çıxmağı bacarır. Bütün yaşananlar, baş verən hadisələr bir daha göstərmiş olur ki, "Azəriqaz" bu gün öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Nəinki layiqincə, hətta icra etməli olduqları işi bacara bilmirlər. Lakin nə işdirsə, abonent qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir "təmir-quraşdırma" işlərini müşahidə edə bilmir. Görəsən, "Azəriqaz"ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Bu qurum barədə daxil olan şikayətləri ümumiyyətlə, bütün xəbər portallarında görmək olar. Elə bizim redaksiyamıza da dəfələrlə bu qurumla bağlı şikayətlər daxil olub ki, bizlər də hər dəfə işıqlandırmağa, həmin şikayət və problemləri gündəmə gətirməyə çalışırıq. Ama onu da qeyd edək ki, sözügedən qurum barədə yazılanlara baxmayaraq, həmin problemlərin aradan qaldırılması istiqamətində heç bir işlər görülmür. Əksinə, "Azəriqaz"dakı problemlər günü-gündən daha da artaraq, geniş vüsət almış olur. Tez-tez qaz kəsilmələri, qaz sızmaları, qazın fasilələrlə verilməsi demək olar ki, hər gün daxil olan şikayətlərdəndir. Bakıətrafı rayonlarda vəziyyət daha acınacaqlı olsa da, paytaxt onlardan geri qalmır. Sözügedən problem media və telekanallar tərəfindən işıqlandırılsa, gündəmə gətirilsə də, görünən odur ki, həlli istiqamətində hansısa addımlar atılmır. Əgər belə olsaydı, mənzillərə normal qaz verilişi bərpa olunardı. Ümumiyyətlə, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə obyekti olub. Müxtəlif fikirlər səsləndirilib və həlli istiqamətində müzakirələr edilib. Amma çox təəssüflər olsun ki, bu gün ölkədəki mövcud qaz problemi hələ də, davam edir. Artıq qazdan zəhərlənmələr getdikcə daha geniş vüsət alır desək yanılmarıq. Zəhərlənmələr olmasa belə, vətəndaşlar qazın təzyiqinin zəif olduğu, yaxud olmadığı zamanlarda əziyyət çəkirlər. Mütəxəssislərin sözlərinə görə, indi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli maddələr var. Bu maddələr də istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Yanmayan zəhərli qaz sızması mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net