Artur Rasi-zadənin niyə vəzifədən getmədiyinin şok səbəbi
Tarix: 14-04-2015, 09:29 | Çap et
Artur Rasi-zadənin niyə vəzifədən getmədiyinin şok səbəbi
“Bir neçə gün öncə-aprelin 5-də mənim 79 yaşım tamam oldu. Bu gün mənə desələr ki, gəl baş nazir ol. Bunlara deyərəm ki, məni ələ salmısınız, 79 yaşda baş nazir işləmək olar? Baş nazir gərək 60-65 yaşdan çox olmasın. Əgər o doğrudan da dövlət xadimidirsə, özü desin ki, axı belə olmaz. Deməlidir ki, mənim yerimə elə bir adam qoyun ki, heç olmasa 10-15 il işləmək potensialı olsun”.

Bu sözləri Ayaz Mütəllibov dövründə baş nazir işləmiş Rəhim Hüseynov moderator.az saytına müsahibəsində deyib. O, baş nazir Artur Rasizadə haqda ilginc bir fakt açıqlayıb: “Bugünkü baş nazir məndən 5 yaş kiçikdir. Mən onu özümə müavin götürəndə özü anket yazmışdı ki, mən 1931-ci ildə anadan olmuşam. Amma deyirlər bu yaxınlarda 80 yaşı tamam olub. Bu qədər yalan olar? Mən də dedim ki, o ya özü yaşını düzəldib, ya da pasportunu dəyişdirib”. Sabiq baş nazir A.Rasizadə haqda fikirlərini belə tamamlayıb: “Gərək adamda bir qürur da olsun ki, hər şeyin vaxtını-vədəsini bilsin. Özü də bizdə bu gün o qədər peşəkar və orta yaşlı kadrlar var ki. Amma o bu yaşda baş nazirlikdən imtina etmək istəmir. Hərdən İlham Əliyevin iclaslarına, müşavirələrinə baxıram, prezident danışır, baş nazirimiz də oturub mürgü vurur”.

Baş nazir Artur Rasizadənin vəzifədən gedəcəyi ilə bağlı xəbərlər mediada dəfələrlə müzakirə mövzusu olsa da, 1996-cı ilin noyabrından bəri (2003-cü ildə cəmi bir neçə ay “gözlərindəki ağrı səbəbindən” işdən gedib) o, “əvəzedilməz” olaraq qalır. Baş nazir siyasi əhəmiyyətinə görə prezident vəzifəsindən sonra ikinci postdur və illərdir ki, heç bir ambisiyası olmayan Rasizadə hakimiyyəti tam qane edib. Onunla bağlı ən son məlumatlarda bildirilirdi ki, baş nazir mart ayında, nəhayət ki, fəxri təqaüdə göndəriləcək.

A.Rəsizadənin niyə getmək istəməməsi ilə bağlı bugünlərdə çox sensasion bir məlumat almışıq.

Sabiq baş nazirin A.Rasizadə haqda mövzunu gündəmə gətirməsi bu informasiyanı ictimailəşdirməyə şərait yaratdı.

Mötəbərliyinə şübhə etmədiyimiz mənbə deyib ki, baş nazir əslində getmək istəyindədir, amma onun yerinə gətirə biləcək isim baş naziri inadla dirəniş göstərməyə vadar edir. “Artur Rasizadənin baş nazirlikdən gedəcəyi təqdirdə onun yerinə baş nazirin birinci müavini Yaqub Eyyubovun təyin ediləcəyi daha çox deyilir. Bu postda öz adlarını və ya öz adamlarını görmək istəyən hakimiyyətdaxili qruplar üçün Yaqub Eyyubov keçərli namizəddir. Amma Artur müəllim səhhəti imkan verdikcə bu təyinata qarşı müqavimət göstərmək niyyətindədir” deyə, qaynağımız bildirib. Qeyd edək ki, Y.Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildən isə baş nazirin birinci müavinidir. A.Rasizadənin əsas funksiyasını Yaqub Eyyubovun yerinə yetirdiyi də deyilir. Y.Eyyubov 1945-ci ildə Mingəçevir şəhərində anadan olub, ixtisasca mühəndisdir, texnika elmləri doktoru, professordur.

Məlumatlarda o da deyilir ki, baş nazirlə birinci müavini uzun illərdir bir-birilərini tanısalar da, münasibətləri həmişə sərin olub, son illər isə ümumiyyətlə, gərginləşib. Y.Eyyubovun adının heç vaxt maliyyə qalmaqallarında hallanmaması və A.Rasizadə kimi iddiasız olması onun baş nazirlik yolunu həqiqətən də aça bilər. Ancaq həddən ziyadə ehtiyatlı olmasına rəğmən, onun Azərbaycana xaricdən bir çox strateji malların gətirilməsindən ciddi qazanc əldə etdiyi haqda da xəbərlər mövcuddur. Y.Eyyubovun oğlu da yüksək vəzifədə çalışır. Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net