7 icra başçısı təşvişdə... - İDDİA
Tarix: 13-04-2015, 09:09 | Çap et
7 icra başçısı təşvişdə... - İDDİA
Qarşıdan gələn aylarda hökumət daxilində ciddi kadr islahatlarının həyata keçiriləcəyi gözlənilir. Artıq bunun anonsu da verilməkdədir. Son günlər Hesablama Palatasının yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında aşkarladığı maliyyə pozuntuları ilə bağlı cəmiyyətə verdiyi informasiyalar belə deməyə əsas verir. Hesablama Palatası Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Neftçala, Ağsu və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb.

Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə – smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib.

Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti – quraşdırma işlərinin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub.

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətindən (RİH) verilən cavabda üç obyekt üzrə yerinə yetirilməmiş 27364,91 manat məbləğində tikinti işlərinin yerinə yetirildiyi, iki obyekt üzrə podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tikinti – quraşdırma işləri hesabına 201,4 min manat məbləğində debitor borcun bağlandığı və baş memara xəbərdarlıq edildiyi bildirilib.

Ağstafa RİH-dən verilən məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməmiş 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib. Eyni zamanda bununla bağlı 3 nəfər, o cümlədən İcra Hakimiyyətinin birinci müavininə, 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edilib.

Goranboy RİH-dən baş verən nöqsanlarla bağlı tədbirlərin görüldüyü və 1 böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Gədəbəy RİH-dən verilən məlumatda da baş vermiş nöqsanlarla bağlı tədbirlərin görüldüyü və böyük məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib.

Zərdab RİH-də 2 aparıcı məsləhətçiyə töhmət verildiyi, baş mühasibə və böyük məsləhətçiyə xəbərdarlıq edildiyi vurğulanıb. Bu məlumatlardan belə aydın olur ki, Hesablama Palatasının nöqsan aşkarladığı icra hakimiyyətləri əsasən aşağı vəzifəli şəxslərin barəsində tədbir görüblər. Amma biz tam əminliklə deyə bilərik ki, icra başçılarının xəbəri olmadan şöbə müdirləri, yaxud baş məsləhətçi vəzifəsində işləyən insanlar hansısa işi görməzlər. Digər tərəfdən, baş məsləhətçi, şöbə müdiri dövlətin büdcəsini talan edəndə, icra başçısı hara baxırdı? Burda təzadlı məqam var. Sözsüz ki, üzə çıxarılan maliyyə pozuntularının əsas səbəbkarı məhz icra başçılarıdır.

Məlumata görə, Hesablama Palatasının açıqladığı məlumatlar Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Neftçala, Ağsu və Balakən rayonlarının icra başçılarını əməlli-başlı təşvişə salıb: “Lütfəli Babayev, Ramiz Yediyarov, Nizaməddin Quliyev, Məhərrəm Quliyev, İsmayıl Vəliyev, Ənvər Seyidəliyev və İslam Rzayev son günləri həyacan içində keçirir və hər an işdən azad olunacaqları qorxusu ilə yaşayırlar. Adları çəkilən rayonlarda qanunsuz tender əməliyyatlarının keçirilməsi və nəticədə büdcədən ayrılan milyonların mənimsənilməsi barədə mətbuatda dəfələrlə məlumat verilib. Nədənsə icra başçıları yazılanlardan bir nəticə çıxarmayıb. Hesablama Palatasının açıqladığı hesabat isə hər şeyi tam aydınlığı ilə göz önünə sərir. Heç bir məmurun dövlət əmlakını mənimsəməyə haqqı yoxdur. Bəzi icra başçıları deyir ki, mənim arxamda filankəs dayanıb. Bu, dövlət büdcəsinin mənimsənilməsi üçün əsas ola bilməz. Müəyyən məqamlarda icra hakimlərini himayə edən şəxslər də geriyə addım atmaq məcburiyyətində qalırlar.

Siyahıda yer alan icra başçıları büdcədən abadlıq-quruculuq işləri məqsədilə ayrılan vəsaitlərin bir hissəsini qanunsuz yollarla mənimsəməklə özlərinə sərvət yığıblar. Buna görə də hazırda Zərdab, Gədəbəy, Goranboy, Ağsu, Balakən, Ağstafa və Neftçala rayonlarında acınacaqlı vəziyyət hökm sürür, əhali üzləşdiyi məmur özbaşınalıqlarından narazılıq edir. Artıq dövlətdən oğurlanan pulların, var-dövlətin geri qaytarılmasının vaxtı çatıb. Buna görə də Hesablama Palatası son zamanlar bu sahədəki fəaliyyətini daha da genişləndirib. Aprelin 17-də Hesablama Palatasının icra hakimiyyətlərində üzə çıxardığı nöqsanlar Milli Məclisə təqdim ediləcək. Ehtimallara əsasən, Lütfəli Babayev, Ramiz Yediyarov, Nizaməddin Quliyev, Məhərrəm Quliyev, İsmayıl Vəliyev, Ənvər Seyidəliyev və İslam Rzayev bu ayın sonunda tutduğu vəzifədən azad edilə bilər. Hətta onların barəsində cinayət işinin açılacağı da bildirilir”.

Yazıda adı hallandırılan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.///gündəlik-bakı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net