2 saylı Bakı Peşə Məktəbində nələr yaşanır?
Tarix: 11-04-2015, 10:41 | Çap et
2 saylı Bakı Peşə Məktəbində nələr yaşanır?
Məlum olduğu kimi, bu gün ölkə rəhbərliyi Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılmasını prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlayır. Digər tərəfdən isə bu məsələnin müsbət həlli də, bir çox hallarda olduğu kimi, konkret müəssisə və təşkilatlara rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir.

Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Elə bunun nəticəsidir ki, bəzi tədris müəssisələrinə rəhbərlik edən şəxslərin adı qalmaqallı məsələlərdə hallanır. Ümumiyyətlə, təhsilimizin bugünkü durumu barədə heç də xoş sözlər demək mümkün deyil. Bu gün təhsilimizin aşağı səviyyədə olması, lazımi səviyyədə tədris edilməməsi, istər-istəməz gələcək nəsillərin savadsız olması ilə nəticələnəcək. Təbii ki, bu durum heç kimi qane etməz. Lakin bunu bilə-bilə bu gün əksər tədris ocaqlarında təhsilə önəm verilmir, gələcək nəsillərin savadlı, bilikli olması nəzərə alınmır. Dəfələrlə olub ki, təhsil ocaqlarında baş alıb gedən qanunsuzluq barədə redaksiyamıza kifayət qədər şikayətlər daxil olub. Həmçinin media səhifələrindən də bəzi şikayətlərin şahidi olmuşuq. Əksər hallarda orta məktəblərdəki nöqsanlar müzakirə obyektinə çevrilsə də, peşə məktəbləri bir növ diqqətdən kənarda qalır. Orta ixtisas məktəblərində olduğu kimi, peşə liseylərində də, bir sıra qanunsuzluqlar, saxtakarlıqlar mövcuddur. Həm bölgələrdə, həm də paytaxtda. Ümumiyyətlə demək olar ki, peşə məktəblərinə üz tutanlar yox dərəcəsindədir. Peşə məktəblərində təhsil alanlar isə, oradakı durumdan heç də razı deyillər.

Bu gün hazırkı mövzunu işıqlandırmaqda məqsədimiz, redaksiyaya daxil olan şikayətlə bağlıdır. Belə ki, 2 saylı Bakı Peşə Məktəbində baş verənlər barədə redaksiyamıza bir neçə dəfə şikayətlər daxil olub ki, bizlər də hər dəfə daxil olan şikayətləri işıqlandırmağa çalışmışıq. Lakin görünən odur ki, bu kimi durumlar peşə məktəbinin direktoru Firudin Paşayevi heç də narahat etmir. Məlumat üçün qeyd edək ki, 2 saylı Bakı Peşə Məktəbi Nərimanov rayonu, Əhməd Rəcəbli, 5V ünvanında yerləşir. Onu da qeyd edək ki, Firudin Paşayev vaxtilə 9 saylı liseydə direktor vəzifəsində çalışmış və deyilənə görə, orada böyük bir rüsvayçılığa yol vermişdir. İndi isə eynilə həmin əməllərini 2 saylı Bakı Peşə Məktəbində davam etdirməkdədir. Deyilənə görə, məktəbdə hər bir şey Firudin Paşayevin "nəzarəti" altındadır. Necə deyərlər, 2 saylı Bakı Peşə Məktəbində ondan xəbərsiz quş belə, uçmur. Əldə etdiyimiz məlumatlara görə, Firudin Paşayev müəllimləri məcbur edib ki, tələbələrin təqaüd kartlarını yığsın. Məsələn, elə tələbələr var ki, dərslərə gəlmir, amma işləyirlər. Məhz həmin tələbələrin təqaüd kartı əllərindən alınır və yalnız bu şəkildə onların dərsə gəlməməsinə göz yumulur. Əldə edilən məlumatlara görə, Firudin Paşayevin əməllərindən yalnız tələbələr deyil, artıq müəllim kollektivi də cana yığılıb. Sadəcə olaraq, işlərindən olmamaq üçün tədris müəssisəsindəki haqsızlıqlara göz yumurlar. Sadalananlara əsasən deyə bilərik ki, bu gün 2 saylı Bakı Peşə Məktəbində vəziyyət heç də qənaətbəxş deyil. Tədris müəssisəsinə rəhbərlik edən Firudin Paşayev yalnız öz şəxsi mənafeyi üçün addımlar atır, həmçinin qanunları heçə sayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net