Dekan tərəfindən döyülən müəllimə nazirdən kömək istədi... - DƏHŞƏT
Tarix: 8-04-2015, 09:25 | Çap et
Dekan tərəfindən döyülən müəllimə nazirdən kömək istədi... - DƏHŞƏT
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova

Yevlax rayon Natəvan kuçəsi 16 sayli evdə yaşayan AMI-nin Mingəçevir filialının müəllimi Gülüstani Zəminə Xosrov qizi tərəfindən Ərizə

Cənab nazir!

Sizin təhsildə yeniliklərin tətbiqi, maddi-texniki bazasının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görduyünüz işləri bir müəllim kimi mən də dəstəkləyirəm. Amma bu gün də təhsildə səriştəsiz, idarəcilik bacarığı olmayan, müəllim etikasından belə xəbəri olmayan, rüşvət və digər çirkin əməlləri ilə təhsil sisteminə ləkə gətirən kadrlar da az deyil. Buna nəzarət edən bəzi qurumların etinasızlığı, biganəliyi çox acınacaqlı haldır və təhsilimizi uçuruma yuvarladır...

Sizə bu müraciətimdən bir ay öncə ünvanınıza cavablı məktub göndərsəm də bu günə qədər nəinki tədbir görülməyib, məktubumun çatması ilə bağlı cavab da almamışam.

Yazıb Sizə təkrar olaraq bildirirəm ki, mən AMİ-nin Mingəçevir filialında Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Fevralın 23-də AMİ-nin Mingəçevir filialının dekanı Həqiqət Qədimova məni kabinetində döyərək bədən xəsarətləri yetirmişdir. Səbəb mənim dekanın sessiya imtahanları zamanı saxtakarlıq və korrupsiya əməllərinə etiraz etməyim olub. Cünki dərslərə davam etməyən tələbələrə ən yüksək bal və imtahanda yüksək qiymət yazmağımı tələb etməklə məni də bu çirkin əməllərinə cəlb etmək istəyirdi. Bundan sonra mənə qərəzli münasibət göstərən dekan 5 günlük iş gunu olduğu halda şənbə günü məni dərsə gətizdirirdi. Mən buna narazılıq etdim ki, bu, qanun pozuntusudur. Kabinetində dekan qəfil hucum edərək üzümü cırıb, bədənimə çoxsaylı zərbələr yetirib, saçımı yoldu. Bunu qəflətən etdiyindən muqavimət də göstərə bilmədim. Mən həmin hadisə günü dərhal həyat yoldaşım ilə əlaqə saxlayaraq onunla birlikdə polis şöbəsinə gəlib ərizə ilə müraciət etdim. Lakin Həqiqət Qədimova dekan olduğundan və bu olayın səbəbi saxtakarlıq və korrupsiya faktı olduğundan Mingəçevir şəhər prokurorluğuna ərizə verdim. Məni tibbi ekspertizaya da göndərdilər. Gələcəyin müəllimini yetişdirən bir ali təhsil ocağında saxtakarlığa getməyən müəllimin döyülməsi və müəssisənin rəhbərinin buna bu günə qədər baş verən rüsvayçılığa münasibət bildirməməsi, müxtəlif vasitələrlə mənə təzyiqlər edilməsi burda nələrin baş verməsindən xəbər verir. Dekanın qiymətlərini düzəltməyi söz verdiyi bir neçə tələbəyə görə mənim dərsim şənbə gününə salınmışdı. Onomalogiya fənnindən mühazirə və bir qrupun seminarı dərs cədvəlinə belə salınmamışdı. Mənim yerli prokurorluğa şikayətimdən sonra izi itirmək üçün dərs ilinin bitməsinə 2 ay qalmış 29 mart tarixindən cədvəli yenidən dəyişiblər. Amma dərs jurnallarında qeydiyyatlarımı, dərs sillabuslarında qeydlərimi dəyişə bilməyib. Beş günlük iş günü rejimi ilə fəaliyyət göstərən bir müəssisədə şənbə günü cədvələ salınmadan heç bir razılaşma aparılmadan dərs keçilməsi əmək qanunvericiliyinə zidd deyilmi? Bu mənim və tələbələrin hüququnun pozulması deyilmi?

Cənab nazir!

Mən yuxarıda qeyd etdiyim kimi hüquq-mühafizə orqanlarına və aidiyyatı üzrə Təhsil Nazirliyinə müraciət etmişəm. Cünki məsələ tək mənim fiziki xəsarət almağımda deyil. Mənim şərəf və ləyaqətim alçaldılıb. Müəllim şəxsiyyətim təhqir olunub. Hər kəs filialda bilir ki, mən intriqalardan uzaq, başımı aşağı salıb dərsimi deyən adamam. Yevlaxdan filiala dərs deməyə gəlirəm, Həqiqət Qədimova müəllim deyil. Filiala gələnədək bir gün də olsun auditoriya görməyib. Gəncə Kənd Təsərrüfati İnstitutunu şərabçılıq ixtisasi üzrə bitirib. AMİ-nin Gəncə filialının saxta Yenidənhazırlanma diplomu ilə AMEA-ya dissertantura şöbəsinə qəbul olub. Bu saxta sənəd olmasa onu şərabçı ixtisasından Azərbaycan dilçiliyi üzrə doktoranturaya qəbul etməzdilər. O bu sənədi əldə etdiyi zaman filialda 1 ştat laborant işləyib. Həmin sənəddə onun orada əyani təhsıl aldığı qeyd olunub. Bunun özu sənəd saxtakarlığıdır...
Bu gün də başdan ayağa saxtakarlıqla məşğuldur. Dərsə davam etməyən tələbələrdən pul alıb qiymət yazır, sessiya sənədləri yoxlansa, hər şey aydın olacaq. Yay imtahan sessiyasında bir qrupun imtahan cədvəlində bütöv qrupa mən qiymət yazmışam. Bir neçə tələbəyə mənim yerimə başqa müəllimə imza etdirib. Yazdıqlarımı sübut etməyə hazıram. Qış imtahan sessiyasında mənim mühazirə apardığım 4 qrupda imtahanları Afət Quliyevaya və orta məktəbdən təqaüdə çıxmış və filialda işə götürülmüş Gülarə Mahmudovaya yoxlatdırdı. Çünki mən o saxtakarlıqlara getmədim. Bunun özü ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnaməyə ziddir. Bu işlərdə ona yardımçı olan 0,5 ştat vahidi ilə işə götürülmüş Gularə Mahmudovanın dərs yükünə ilin əvvəlində mənim 1 ştat dərs yükümün 0,25 ştatını əlavə etdilər. Halbuki mən o filialda hər iki müəllimdən əvvəl çalışıram. Eyni zamanda Azərbaycan dilçiliyi üzrə dissertanturada təhsil alir və daima öz üzərimdə çalışıram, mütamadi olaraq elmi məqalələrim çap olunur.

Həqiqət Qədimova 2011- ci ildə kafedra müdiri işləyən zaman adıma mövcud olmayan dərsləri yazmışdır. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsində başqa müəllimlərimizlə yanaşı mən də sorğu-sual olundum. O zaman da buna narazılığımı bildirmisdim.

2008-ci ildə filialda keçirilən və hörmətli rektorumuz Aqiyə Naxçıvanlının da iştirak etdiyi iclasda filialın keçmış direktoru Aslan Dəmirov kimi bir ziyalının üzünə durdu ki, məndən bu qədər pul alıb ki, dekan qoyacam, indi də qoymur. Dekan keçdikdən sonra “mən bu qədər verib dekan gəlmişəm” deyir. Bizim günahımız nədir? Pul verib dekan keçməsi müəllimi döyməyə haqmı verir?
Dekan Həqiqət Qədimova bir neçə ay öncə saxtakarlıqla qaçqınlar şəhərciyinə yerləşib. Şəhərin mərkəzində evini satıb basqa yerdən qohumunun adına alaraq qaçqın şəhərciyindən ev alıb. Halbuki bir gün belə qaçqınlar məskunlaşan yerdə yaşamayib. Baxmayaraq ki, Mingəçevirdə uşaq bağçalarında, orta məktəblərdə, yataqxanalarda acınacaqlı durumda nə qədər məcburi köçkün ailələri var. Dövlət ali təhsil müəsisəsində rəhbər vəzifəsində çalışan Qədimova dövləti aldadaraq o evə ehtiyacı olan bir məcburi köçkün aıləsinin yerini tutub.

Cənab nazir!
Ali məktəbdə müəllim doyülürsə, şərabçı dekan olursa bu artıq SOS siqnalıdır!!! Müəllimin ali təhsil ocağında döyülməsindən biabırçı hal ola bilməz. Mən bir müəllim, bir ana, azərbaycanlı qadını kimi Sizdən bu qanun pozuntularını aşkarlanmasını, mənə fiziki və mənəvi zərbə vurmuş dekan Həqiqət Qədimovanın hərəkətlərinə hüquqi qiymət verilməsini və onun haqqında qanunauyğun ciddi tədbir görülməsini son dərəcə xahiş edirəm."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net