“Evimin bəzəyi Ülkərim” – Hamlet İsaxanlı
Tarix: 17-03-2015, 16:04 | Çap et
“Evimin bəzəyi Ülkərim” – Hamlet İsaxanlı
Bu gün Azərbaycan mətbuatının gündəminə qızı Ülkərin döyülməsi ilə düşən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı həm də şeirləri ilə tanınır. “Qafqazinfo” belə bir məqamda nəğməkar şairin bir neçə şerini oxucuların diqqətinə çatdırır.

Tez gəlin

Sirr deyil keçənim, ötənim,

Titrəməz qorxudan bədənim,

Qəlbimsə titrəyər hər səsdən,

Xoş xəbər umaram hər kəsdən.

Nəğmələr dərdimə həyandır,

Çağlayır görüşə həvəsdən

Könlümü üzməyin, amandır,

Tez gəlin, hay salın, ay mənim

Dünyanı fəth edən ləşkərim:

Aygünüm, Zeynəbim, Aytənim,

Evimin bəzəyi Ülkərim.

Saçımda parlayan ağ dənim

Yox olan günlərimdir mənim.

Ayrılıq dərdinə düçaram,

Sizləri röyamda qucaram.

Qanadlı yel kimi əsərəm,

Ellərdən ellərə uçaram.

Tez gəlin, qurbanlar kəsərəm,

Sevinər, əl çalar vətənim,

Ey ruhum, ey canım‐cigərim:

Aygünüm, Zeynəbim, Aytənim,

Evimin bəzəyi Ülkərim.


Qızdırma içində

Üşütdüm, titrətdim, deyən, “hazıram”,

Ağrı üstələyir, yolu azıram,

Qızdırma içində şer yazıram,

Bitəcəkmi bu silsilə, bilmirəm?

Göylərin yerlərə töhməti varmış,

Hər iki dünyanın vəhdəti varmış,

Əzrailin mənlə söhbəti varmış,

Yetəcəkmi bir hasilə, bilmirəm?

Fələyin işi

Bu günümdən bezib qaçsam, yox olsam ilim‐ilim,

Dünyanın o başında da mənimlədir nisgilim.

Yara yetmək müşkül imiş, bu, fələyin işidir,

Xəyalım yetəcək sənə, oxşa onu, sev, gülüm.

Xəyal ilə gerçək həyat tutuşaydı əl‐ələ,

Yerlə göy öpüşən yerdə görüşəydik, sevgilim.

Göydən ulduz qoparaydım, solmaz ilahi çiçək,

Sən yerdən çiçək dərəydin, solar, solmaz, nə bilim?

Duydum fələyin işini, gah bağlayar, gah açar,

Açılsın bağlı qapılar, eşqdən tutulsun dilim.

“Evimin bəzəyi Ülkərim” – Hamlet İsaxanlı

Düyməciyin olaydım

Kaş sinəndə düyməciyin olaydım,

Gah örtülü, gah da açıq qalaydım.

Sığınaydım həyəcanlı köksünə,

Sinən üstə eşq havası çalaydım.

Gur saçların rəqs edəndə şur ilə,

İlişəydim, tellərini yolaydım.

Kaş sinəndə düyməciyin olaydım,

Gecə‐gündüz səndə qonaq qalaydım.

Növrəstə ay göy üzündən baxanda

Nurlanaydım, nəşə ilə dolaydım.

Odlu günəş canı oda yaxanda

Özüm yanıb sənə kölgə salaydım.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net