Ana Sayfa > Xəbər > “Evimin bəzəyi Ülkərim” – Hamlet İsaxanlı
“Evimin bəzəyi Ülkərim” – Hamlet İsaxanlı17-03-2015, 16:04. Yazar: admin |
Bu gün Azərbaycan mətbuatının gündəminə qızı Ülkərin döyülməsi ilə düşən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı həm də şeirləri ilə tanınır. “Qafqazinfo” belə bir məqamda nəğməkar şairin bir neçə şerini oxucuların diqqətinə çatdırır. Tez gəlin Sirr deyil keçənim, ötənim, Titrəməz qorxudan bədənim, Qəlbimsə titrəyər hər səsdən, Xoş xəbər umaram hər kəsdən. Nəğmələr dərdimə həyandır, Çağlayır görüşə həvəsdən Könlümü üzməyin, amandır, Tez gəlin, hay salın, ay mənim Dünyanı fəth edən ləşkərim: Aygünüm, Zeynəbim, Aytənim, Evimin bəzəyi Ülkərim. Saçımda parlayan ağ dənim Yox olan günlərimdir mənim. Ayrılıq dərdinə düçaram, Sizləri röyamda qucaram. Qanadlı yel kimi əsərəm, Ellərdən ellərə uçaram. Tez gəlin, qurbanlar kəsərəm, Sevinər, əl çalar vətənim, Ey ruhum, ey canım‐cigərim: Aygünüm, Zeynəbim, Aytənim, Evimin bəzəyi Ülkərim. Qızdırma içində Üşütdüm, titrətdim, deyən, “hazıram”, Ağrı üstələyir, yolu azıram, Qızdırma içində şer yazıram, Bitəcəkmi bu silsilə, bilmirəm? Göylərin yerlərə töhməti varmış, Hər iki dünyanın vəhdəti varmış, Əzrailin mənlə söhbəti varmış, Yetəcəkmi bir hasilə, bilmirəm? Fələyin işi Bu günümdən bezib qaçsam, yox olsam ilim‐ilim, Dünyanın o başında da mənimlədir nisgilim. Yara yetmək müşkül imiş, bu, fələyin işidir, Xəyalım yetəcək sənə, oxşa onu, sev, gülüm. Xəyal ilə gerçək həyat tutuşaydı əl‐ələ, Yerlə göy öpüşən yerdə görüşəydik, sevgilim. Göydən ulduz qoparaydım, solmaz ilahi çiçək, Sən yerdən çiçək dərəydin, solar, solmaz, nə bilim? Duydum fələyin işini, gah bağlayar, gah açar, Açılsın bağlı qapılar, eşqdən tutulsun dilim. Düyməciyin olaydım Kaş sinəndə düyməciyin olaydım, Gah örtülü, gah da açıq qalaydım. Sığınaydım həyəcanlı köksünə, Sinən üstə eşq havası çalaydım. Gur saçların rəqs edəndə şur ilə, İlişəydim, tellərini yolaydım. Kaş sinəndə düyməciyin olaydım, Gecə‐gündüz səndə qonaq qalaydım. Növrəstə ay göy üzündən baxanda Nurlanaydım, nəşə ilə dolaydım. Odlu günəş canı oda yaxanda Özüm yanıb sənə kölgə salaydım. Geri dön |