İLHAM ƏLİYEV VƏ AZƏRBAYCANDA İKT-NİN İNKİŞAFI
Tarix: 4-02-2024, 21:01 | Çap et


Azərbaycanda İKT-nin inkişafı prioritet elan olunmuşdur, dövlət orqanları, universitetlər, məktəblər və bələdiyyələr İKT-nin tətbiqinin genişləndirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürmüşdür. İKT-nin inkişafı ölkənin iqtisadi göstəricilərinə müsbət təsir göstərir və bu, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətlə izah olunur. Bu siyasət və təşəbbüslər nəticəsində İKT-nin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Ölkəmiz müasir dövrdə sürətli və dinamik inkişafını hər sahədə davam etdirir. İllərlə aparılmış uğurlu siyasətin nəticəsi olaraq, siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələrdə böyük uğurlar əldə edilmişdir.
Telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişafı, genişmiqyaslı bir inkişaf prosesi ilə əhatə edilmiş və müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) təkmilləşdirilməsi, ölkəmizdə prioritet sahələr arasında yer almışdır. İKT sahəsində qabaqcıl tədbirlər təşkil edilməsi, bu sahəyə verilən diqqətin nəticəsidir.
Son 30 il ərzində Azərbaycanın inkişafına baxsaq,davamlı və sağlam inkişafın əsaslarının qoyulması, elm və texnologiyaların inkişafına diqqət yetirilməsi, iqtisadiyyatın hər sahəsinin inkişafına fokuslanılması və cəmiyyətin rifahına xidmət edən düşüncəli siyasətin nəticələrini müşahidə edirik. Azərbaycanda rabitə, elektron avadanlıqlar və informasiya texnologiyaları sahəsinin geniş vüsət alması, müstəqil dövlətimizin inkişafında əhəmiyyətli rolu olan Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin ən vacib məqamlarından biridir.
1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlər və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası sahəsində istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmişdir. Bu illərdə elektron avadanlıqların istehsalı, kosmik tədqiqatlar, neft-qaz avtomatizasiyası və s. sahələrdəki elmi-tədqiqat mərkəzləri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və inkişaf etdirilmişdir . "BESM-6" kimi ilk böyük elektron hesablama maşını ölkəyə gətirilmiş və "RASU Azərbaycan" və müxtəlif kompüter şəbəkələri quraşdırılmışdır. "OZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, Elektron Hesablama Maşınları Zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini sınaqdan keçirmək üçün "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor bürolarının fəaliyyətə başlaması da ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi böyük töhfələrdəndir.
Heydər Əliyevin liderliyi dövründə Azərbaycanda sosial-iqtisadi həyatın hər sahəsi kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) da uğurla inkişaf etmişdir. Ulu Öndər "Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır" demiş, ölkənin müstəqil telekommunikasiya, poçt və teleradio infrastrukturunun formalşdırılmasına xüsusi diqqət yetirmişdir. Ümummili lider Heydər Əliyev 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışına nail olmuşdur. Ölkəmizin beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya Poçt İttifaqına üzvülüyü ilə əlaqədar bir çox normativ hüquqi aktlar qəbul edilmişdir. 1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azərcell" birgə müəssisələri yaradılmış və beləliklə ölkədə mobil rabitənin inkişafının əsası qoyulmuşdur. 1995-ci ildə Azərbaycanda ilk beynəlxalq telefon stansiyası və elektron ATS-lər qurulmuş, 1996-cı ildən isə "AzEvroTel" və "Ultel" müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışdır.
Həmçinin Azərbaycan internetinin inkişafı, Ulu Öndərin səyləri ilə təşəkkül tapmışdır. 1993-cü ildə Azərbaycanın yüksək domen adı olan ".az" domeni İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İCANN) tərəfindən rəsmi qeydiyyata alınmışdır. 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi (indiki AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu) "Türksat" süni peyki vasitəsi ilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzinə qoşulmuş və Azərbaycan internetə çıxış imkanı əldə etmişdir. Ölkənin ilk veb-saytı olan www.ab.az isə 1995-ci ildə yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə radio-televiziya sahəsi möhkəm təməllər üzərində uğurlu inkişaf edərək, AzTV1 milli televiziya proqramı 1996-cı ildə "Türksat" süni peyki vasitəsilə yayımlanmağa başlamışdır.
2003-cü ilin fevral ayının 17-də Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkədə İKT sahəsinin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu strategiya sayəsində Azərbaycan İKT sahəsinin inkişafının ölkəmiz üçün vacibliyini göstərmişdir.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Prezident seçildikdən sonra, Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Ümummilli lider Heydər Əliyevin düşünülmüş xarici və daxili siyasəti uğurla qorunub Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Bu gün Azərbaycan bütün sahələrdə özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edir.
Heydər Əliyev dövründə başladılan informasiya-kommunikasiya texnologiyaları sahəsindəki siyasət, 2003-cü ildən sonra hazırki dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2003-cü ilin dekabrında Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirak edərək Azərbaycanın bu sahəyə diqqətini bir daha nümayiş etdirdi.
2008-ci ildə rezident tərəfindən təsdiq edilən "2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması Üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında Ümumtəhsil Məktəblərinin Informasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı Proqramı (2005-2007-ci illər)" uğurla yerinə yetirilmişdir.
Bu siyasətin Ulu Öndər tərəfindən qoyulması və cənab İlham Əliyevin bu sahəyə diqqətini verərək uğurla davam etdirməsi, ölkəmizdə İKT sahəsində mühüm sənədlərin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, 2004-cü il 9 mart tarixli “Elektron imza və elektron sənəd haqqında”, 2005-ci il 14 iyun tarixli “Telekommunikasiya haqqında”, 2005-ci il 30 sentyabr tarixli “İnformasiya əldə etmək haqqında”, 2010-cu il 11 may tarixli “Fərdi məlumatlar haqqında” qanunlar qəbul edilmişdir. Həmçinin Dövlət Proqramları, 21 oktyabr 2005-ci il tarixli “Elektron Azərbaycan”, 2011-ci il 8 noyabr tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” və 2016-cı il 20 sentyabr tarixli “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" və digər mühüm sənədlər qəbul edilmişdir.
Həmçinin ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən 2013-cü il 2 aprel tarixində, İKT sahəsində innovasiyalar maliyyə dəstəyini təmin edən Informasiya Texnologiyalarının İnkişafı Dövlət Fonunun yaradılması, İKT inkişafında ölkəmiz üçün əhəmiyyətli bir addım oldu.
Prezident İlham Əliyevin Sərəncamı ilə "Elektron Azərbaycan" adlı "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" tətbiq edilərək ölkəmiz informasiya-kommunikasiya texnologiyaları sistemi müasir dünya standartları səviyyəsinə çatdırılmış və ümumdünya elektron informasiya məkanına inteqrasiya edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli sərəncamı və 2012-ci il 5 noyabr tarixli fərmanı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı"nın yaradılması qeyri-neft sektorunda İKT-nin qabaqcıl və aparıcı sahəyə çevrilməsinə, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, innovasiyaların tətbiqinə, habelə bu sahədə istehsalyönümlü fəaliyyətin dəstəklənməsinə, yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, uzunmüddətli, uğurlu və daimi iqtisadi inkişafın təmin edilməsi üçün informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasını əsas vəzifə kimi qarşıya qoymuşdur.
Digər tərəfdən 3 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hökumət buludu" adlı layihənin yaradılması və "bulud" xidmətlərinin təqdim edilməsi üçün tədbirlər haqqında fərman imzalayıb. "Hökumət buludu" (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzi infrastrukturunda yaradılmışdır.
19 aprel 2021-ci il tarixdə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Cənab İlham Əliyev sərancam imzalamışdır.
Həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 11 oktyabr 2021-ci il tarixində “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzaladı. Fərman rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin daha da genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılması, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunması məqsədi daşıyırdı.
Azərbaycanın İKT sahəsində dinamik inkişaf edən ölkəyə çevrilməsi ümummilli lider Heydər Əliyevin Milli İKT Strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilməsinin nəticəsidir. Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayır. Bizim hər birimiz möhtərəm Prezidentin yeni inkişaf konsepsiyalarının həyata keçirilməsi, ölkəmizin dayanıqlı və davamlı inkişafı naminə bütün imkanlarmızı səfərbər edərək əlimizdən gələni etməliyik. Ulu öndər Heydər Əliyevin ideyaları və əməlləri müstəqil Azərbaycanın yeni-yeni zirvələrini fəth etməsi üçün böyük imkanlar yaratmışdır və bu əbədi olacaqdır!

Məmmədova Arzu İmamverdi qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
"Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının dosenti





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net