Cəngəllikdə şir ovlayan azərbaycanlı: “Güllən boşa çıxsa...”
Tarix: 27-04-2015, 17:49 | Çap et
Cəngəllikdə şir ovlayan azərbaycanlı: “Güllən boşa çıxsa...”
“Ov üçün seçdiyimiz məkana daima Azərbaycan bayrağını sancıram. Düşünürəm ki, hər bir azərbaycanlı məşğul olduğu, tanındığı sahədə Vətənini, bayrağını özündən irəlidə tutmalıdır. Çünki bizi Vətən yetişdirib, məşhur edib və biz onu unutmamalıyıq.”

Bunu Faiq Babanlı deyir. Bir vaxtların sərbəst güləşçisi, daha sonra isə qaydasız döyüşlərin məğlubedilməz ulduzu, indi Afrikada, Amazon meşələrində, Boliviya çöllərində, Rusiyanın ucsuz-bucaqsız Tayqasında vəhşi heyvanlarla çarpışır.
Onunla görüşümüz də Bakıda çox qeyri- adi məkanda, daha dəqiqi Azərbaycanda ilk olan bir məkanda baş tutdu. “Safari” Beynəlxalq Ov Klubunda. İçəri girəndə sanki çəngəllikdəsən – şir, ayı, canavar, yaquar və sair vəhşi heyvan dəstəsi bor-boya verib səni “salamlayırlar”. Bu, ovlanmış heyvanların taksidermiyalarıdır.
F. Babanlı bizimlə söhbətdə özünün, ümumiyyətlə əməkdaşlarının taksidermiya ilə məşğul olmadığını deyir. O, bu heyvanların ovlandıqdan sonra Avropada bu formaya salındığını, daha sonra Azərbaycana gətirdiklərini bildirir. Faiq bəylə söhbətimiz isə başqa mövzudadır təbii.

- 2002-2003-cü illərdə qaydasız döyüşün Azərbaycanda dayandırılmasından sonra məndə belə bir təəssürat yarandı ki, artıq peşəkar idmanda davam edə bilmərəm. Bilirsiniz, mənim fikrimcə insan 30 yaşa qədər idmanda olmalıdır. 30 yaşdan sonra özüm üçün yeni və daha geniş fəaliyyət sahəsi axtarmağa başladım. İndiki məşğuliyyətimlə bağlı çoxdan xəyallar qurmuşdum. Elə həmin ərəfədə artıq qərar gəldim ki, bu ov növü ilə məşğul olum. İlk seçdiyim yer də elə Afrika oldu. Heç kimə xəbər eləmədən Afrikaya ova getdim. Doğulub böyüdüyüm Qazaxda da ova həvəsim olub. Amma Afrikaya səfər adi bir ovun yox, həyatımda yeni bir mərhələnin, fəaliyyətin əsasını qoydu. Azərbaycandan bu işi görən tək adamam. Bütün Afrika boyu timsahdan tutmuş, cəngəllik kralı şirə qədər neçə növ vəhşi heyvan ovlamışam. Sonra bu coğrafiya Cənubi Amerika, xüsusilə Amazon meşələrini, Rusiya çöllüklərini əhatə etməyə başladı. Əvvəl bundan ancaq kiçik biznes kimi istifadə etsəm də, sonradan bu böyük bir anlama, daha böyük miqyaslı mərhələyə gəldi mənim üçün. Düzdür, indi bu məşğuliyyət biznesimdə aparıcı yer olmasa da, amma həyatımın tam mənasıdır. İndi mənim üçün dünya ovcumun içindədir. Dünyanın ən təhlükəli məkanlarında ən təhlükəli varlıqlarının ovçusuyam. Bilirsiniz, bunu sözlə təsəvvür etmək bəlkə də yetərli deyil. Təsəvvür edin, heç nədən qorxmayan, özünü təbiətin hakimi hiss edən bir vəhşi heyvandır və sən onun məkanına, daha doğrusu evinin içinə girib onu ovlayırsan... Bunu sadəcə yaşamaq lazımdır...

- Adətən nə ilə ovlayırsınız?

- Ov üçün peşəkar silahlarla, amma çox vaxt xüsusi düzəldilmiş oxla... Amma elə vəhşi heyvanlar var ki, onları ovlayan zaman sənin güllən yayınmamalıdır, əks halda o səni məhv edəcək... Yəni bu qədər sərrastlıq lazımdır...
Adətən gecələr ova çıxıram. Xüsusi səslə onları açıqlığa çağırıram. Səslər isə heyvanın növünə görə dəyişir.

- Siz mahir qaydasız döyüşçü olubsunuz. Əvvəllər rəqibləriniz insanlar idi, indi cəngəllikdəki vəhşi heyvanlar. Hansı çətindir?

- Mən sualı belə qoyardım, hansı zövq verir? Əlbəttə, vəhşi heyvanlar. Çünki insanlardan fərqli, onlarda qorxu hissi yoxdur və təbiətin bu nəhənglərinə tələ qurub tutmaq, başqa aləmdir.

Həmsöhbətim deyir ki, Bakıda beynəlxalq ov üçün açdıqları klubda turlar da təşkil edirlər: “Bu səyahət, ediləcək məkana, ovların mənşəyinə görə qiymətləndirilir. Müştəriləri isə tək buraxmırıq, onları xüsusi bələdçilər müşayiət edir”.

Faiq Babanlı anons da verdi: “Qarşıda maraqlı sərgüzəştlərimiz olacaq, sizi də məlumatlandıracağam”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net