“Bloomberg” Qarabağdakı döyüşlərdən yazır
Tarix: 27-04-2015, 15:50 | Çap et
“Bloomberg” Qarabağdakı döyüşlərdən yazır
ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi Dağlıq Qarabağ münaqişəsi zonasında getdikcə təhlükəli xarakter alan vəziyyət barədə yazır.

Virtualaz.org saytı xəbər verir ki, agentlik Rusiyanın cənub cinahında hərbi əməliyyatların “hər an bərpa oluna biləcəyini” qeyd edir.

Agentlik bildirir ki, Ermənistanla Azərbaycan arasında 21 il əvvəl əldə edilən atəşkəs münaqişəni dondurub. Bu müddət ərzində BP başda olmaqla Qərb neft şirkətləri Azərbaycana on milyardlarla dollarlıq yatırım qoyub. Azərbaycanı Türkiyə, İtaliya və Avropanın qalan hissəsi ilə birləşdirən neft-qaz kəmərləri çəkilib.

“İndi toqquşmaların artması bu investisiyaların bəzilərini təhlükə altında qoya və Rusiyanı İranla Türkiyədən ayıran bölgədə qeyri-sabitlik yarada bilər. “Royal Bank of Scotland Group Plc” bildirir ki, mayın 3-də Dağlıq Qarabağdakı separatçılar növbəti “parlament seçkiləri” keçirməyə hazırlaşır və bu, daha ciddi qarşıdurmalara səbəb ola bilər” - deyə “Bloomberg” yazır.

RBS konsaltinq şirkətinin Londondakı analitiki Anna Tokar da təsdiq edir ki, bu səsvermə münaqişənin daha da gərginləşməsinə səbəb olacaq və regionda daha genişmiqyaslı qarşıdurma risklərini artıracaq.

Analitik bu risklərin “Cənubi Qafqazdakı neft və qaz kəmərlərini təhlükədə qoya biləcəyini” də deyir.

“Bloomberg” ilin üç ayı ərzində Ermənistan silahlı qüvvələrinin onlarla əsgərini təmas xəttindəki döyüşlərdə itirdiyini bildirir. Qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı “hibrid müharibə” taktikasından istifadə etməkdə günahlandırıb.

Prezident Serj Sərkisyan isə hərbi əməliyyatların “istənilən vaxt” başlaya biləcəyini deyib.

Azərbaycan müdafiə naziri Zakir Həsənov isə əsgərlərinə əmr edib ki, düşmənin hərəkətdə olan istənilən hədəfini məhv etsinlər.

“Azərbaycan prezidenti İlham Əliyev isə çıxışlarında qətiyyətli şəkildə bildirib ki, işğal edilmiş ərazilər geri qaytarılacaq, ölkənin ərazi bütövlüyü təmin olunacaq” - deyə agentlik bildirir.

Qafqaz üzrə ekspert Lourents Şits isə münaqişə zonasındakı situasiyanı şərh edərkən deyib ki, müharibə istənilən vaxt başlaya bilər.

“20 il ərzində tərəflər atıcı silahlardan istifadə edirdi. İndi isə təyyarələr, vertolyotlar, pilotsuz aparatlar, artilleriya işə düşüb” - deyə L.Şits bildirib.

Agentlik hərbi əməliyyatların başlamasının Azərbaycan neftinin Rusiyadan yan keçməklə Qərbə nəqli üçün yeganə dəhliz olan energetika infrastrukturunu təhdid edə biləcəyini də qeyd edir. Belə ki, BTC kəməri təmas xəttinin təxminən 100 kilometrliyindən keçir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net