Elman Türkoğlunun qohumu insan ölümündə günahlandırılır - MƏHKƏMƏ PROSESİ
Tarix: 11-03-2015, 15:11 |
Çap et
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə açılan cinayət işinin ilkin məhkəmə prosesi keçirilib.
İstintaqı aparılan hadisə isə 13 noyabr 2014-cü il tarixində baş verib. Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbə sakini 22 yaşlı Əfqan Mahmudzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən Xətai rayon sakini 50 yaşlı Əlibala Əliyev adlı şəxsi avtomobillə vurub. Daha sonra Əfqan Mahmudzadə yaralını idarə etdiyi avtomobillə xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkmiş bir neçə saatdan sonra xəstəxanada dünyasını dəyişib.
Hafta.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanov 15 dəqiqəlik məhkəmə prosesində ilkin hazırlıq mərhələsi olduğu üçün heç bir sübuta qiymət verilməyəcəyini deyib. Məhkəmədə yalnız saxlanılan şəxsin yaxınları iştirak edib. Hakim R.Salmanovun bildirdiyinə görə, zərərçəkmiş tərəf məhkəmə prosesində iştirak etməyiblər. Ancaq həmin tərəfə də ədalət səlahiyyətliləri tərəfindən hüquqi çağırış göndərilib. İlkin proses olduğundan məhkəmə tərəflərə çağırış göndərməklə növbəti prosesi 17 mart 2015–ci il saat 16:30-a təyin edib.
Məlumat üçün qeyd edək ki, ittiham edilən Əfqan Mahmudzadə tanınmış bayraqdar Elman Türkoğlunun yaxın qohumudur. O, da əmisi nəvəsinin ilkin məhkəmə prosesində iştirak edib.
Ehtiyatsızlıqdan adam ölümündə suçlanan 1992–ci il təvəllüdlü Əfqan Mahmudzadənin atası İlham Mustafayev Hafta.az-a açıqlamasında hadisənin necə baş verdiyi haqda danışıb:
“Ötən ilin noyabrın 13-də oğlum bu hadisəni törədib. Hadisə Xətai rayonu Ramiz Quliyev küçəsində baş verib. Səhər saat 8 olardı. Oğlumun sürdüyü “Daevo Gentra” maşını olub. Özünün dediyinə görə, maşının sürəti qırxla gedirmiş. Birdən qarşısına bu adam çıxıb. Yola baxmırmış. Mən oğluma inanıram. Çünki hadisə baş verən ərazi döngədə olub. Döngədən 20 metr aralıda isə vurduğu adam içkili halda gəlib bunun maşınına dəyib. Başı “podpresə” dəyib yerə düşüb. Sonra oğlum bunu təcili tibbi yardım xəstəxanasına çatdırıb. Bir neçə saatdan sonra orada keçinib. Sizcə döngədən 20 metr sonra nə qədər sürət yığa bilər ki?”.
Tanınmış bayraqdar Elman Türkoğlu isə qarşı tərəfin şikayəti geri götürmədiyini bildirib:
“Əfqan mənim əmim nəvəsidir. Biz onlarla görüşdük. Üzrxahlıq üçün getmişdik. Barışıq istədik. Amma onlar bu hadisə ilə qətiyyən razılaşmadıqlarını bildirdilər. Bizdə olan məlumata görə, mərhumun ailəsi ilə münasibətləri o qədər də yaxşı olmayıb. Aralarında narazılıq olub. Ölməmişdən bir neçə gün əvvəl deyib ki, ailəm məndən üz döndərib. Məni küçələrə atıb. Yataqxanalarda qalıram. İnanırıq ki, məhkəmə ədalətli qərar çıxaracaq”.
Qeyd edək ki, zərərçəkmişin yaxınları məhkəmə prosesində iştirak etmədiyindən qarşı tərəfin fikrini öyrənə bilmədik.
Xatırladaq ki, 1992–ci il təvəllüdlü Xəzər rayon sakini Əfqan Mahmudzadə Azərbaycan Respublikasının 263.1.3–cü maddəsi ilə təqsirləndirilir.