Qəddafinin yük maşınları ilə dolu qızılları hardadır?
Tarix: 11-03-2015, 13:08 | Çap et
Qəddafinin yük maşınları ilə dolu qızılları hardadır?
2011-ci il martın 18-nə keçən gecə BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı hərbi əməliyyatların başlanması haqqında qərar qəbul etdi. Bu gecəyədək isə polkovnik Müəmmər Qəddafi dünyanın ən varlı adamı idi. Analitik.az xəbər verir ki, tanınmışların varidatını araşdıran “Selebrity Netuort” nəşri polkovnikin 4 il əvvəlki sərvətini 200 milyard dollar civarında qiymətləndirmişdi. Bu, amerikalı investor Uorren Baffet və "Microsoft"un banisi Bill Geytsin var-dövlətindən 3 dəfə çoxdur. Bu məbləğə qərb banklarındakı hesablar, Liviyanın qızıl ehtiyatı, xarici ölkələrdə 854 daşınmaz əmlak daxil idi.

Qəddafinin oğulları, "Fiat" avtomobil zavodunun, "Financial Times" qəzetinin, "Yuventus" futbol klubunun səhmlərinə sahib idilər. Həmçinin Toronto, Dubay, London, Honkonq və Nyu-Yorkda dəbdəbəli mənzilləri vardı. Lakin 1 fevral 2013-cü ildə Böyük Britaniyanın "Daily Mail" və "Selebrity Netuort" nəşrlərinə əsasən, İnterpol Qəddafinin 97 milyard dollarını taparaq dondurdu. Liviyanın qızıl ehtiyatı isə yoxa çıxdı. Ölən polkovnikin qalan pulları bəs hardadır? Xarici mətbuata müsahibə verən Misir maliyyəçisi Bəşir əl-Hüseyn bildirib ki, 2011-ci ilin aprelində Qəddafinin təkcə Tripolidəki iqamətgah bunkerlərində 143,8 ton qızıl saxlanılırdı, bu da o vaxtkı qiymət ilə 10 milyard edir. İki dəfə çox qızıl külçəsi isə Liviya Mərkəzi bankının zirzəmilərində vardı. Bundan əlavə, Qəddafinin oğulları - Seyf, Səədi, Xamis və Hannibalın qızılla dolu "mobil yükdaşıyan"ları vardı. Belə ağlasığmaz miqdarda qiymətli metal onlarda hardan idi? Qəddafi "ərəb baharından" bir qədər əvvəl möhtəşəm planını açıqlayıb: O, ölkədə "qızıl dinar" dövriyyəyə buraxmaq istəyirdi. Məhz bu valyuta, polkovnikin fikrincə, dünyada dollar və avronu əvəz etməli idi. Odur ki, yüz tonlarla qızıl Liviyaya gətirilirdi.

Liviya Mərkəzi Bankının keçmiş prezidenti Qasem Əzizin fikrincə, Qəddafinin bunkerlərindən qızıllar hələ 2011-ci ilin mayında yoxa çıxmışdı, özü də təkcə qızıl külçələr deyil, həm də Qəddafinin 12 milyard dollarlıq almazları da itmişdi. Qasem Əzizin versiyasına inansaq, Niger və Tunisə yük maşını ilə qızıl aparıblar, onların qorunmasını isə yerli muzdluların başçısı nigeriyalı Ağa Əli Alambo təşkil etmişdi. Qəribədir, axı Qəddafi Liviyadan qaçmağı düşünməmişdi. Və o, bunu doğma Sirt şəhərində gedən döyüşlərdə həlak olaraq sübut etdi. Görəsən nə üçün Müəmmər bu vəsaiti silah alınmasına və özünün müdafiəsi üçün muzdluların tutulmasına sərf etməyib, təcili xaricə göndərirdi? Analitik.az bildirir ki, xarici mətbuatda vaxtilə hadisələrin üç variantı müzakirə olunub.

Birinci versiya - Dünya maliyyə sisteminin dağıldılması

Misir qəzeti "Əl- Yaum" hesab edir ki, qızılın itkisi - polkovnikin ölümündən sonra "dünyanı cəhənnəmə döndərmək istəyi" planının bir hissəsidir. O, özünün inandığı şəxslər vasitəsilə dünya bazarlarına yüzlərlə ton qızıl çıxararaq, metalı qiymətdən salıb, dünya iqtisadiyyatında xaos yaratmalı
idi. Müəmmər Qəddafinin qəribəliklərini xatırlasaq, bu, ağlabatan sayıla bilər: başda Liviya olmaqla, Afrika imperiyası yaratmaq, Ayda baza tikmək, atom bombası əldə etmək, dolları məhv etmək - bütün bunlar Qəddafinin qəribə arzularının bir hissəsi idi.

İkinci versiya - Çörək imperiyasının yaradılması

Qəddafi çoxdan nitqində dünya əhalisinin sayının sürətlə artaraq, qlobal iqtisadi təhlükəyə çevriləcəyini, qida məhsullarının qiymətinin kəskin bahalaşacağını demişdi. 2008-ci ildə polkovnik inadla Ukraynadan 100 min hektar torpaq almaq istəyib, amma Kiyevdə Qəddafiyə torpaq satılması faktını təkzib edirlər. Lakin Misir və Tunis mətbuatına "sızan" informasiya bir xeyli müddət dünya informasiya vasitələrində müzakirə edilib: oz qətlindən əvvəl Qəddafi Ukrayna, Qazaxıstan və hətta Rusiyadan torpaq alınması üçün milyardlarla dollar vəsait sərf edib. O, düşünürdü ki, neft bir gün tükənəcək, lakin münbit torpaqlar Liviyanı Çindən də varlı dövlətə çevirəcək...

Üçüncü versiya- aldadılmış Qəddafi

Bu versiya çox sadədir: Təcrübəli siyasətçilər onu sadəcə aldatdılar. Məlumdur ki, bütün ölkələr Qəddafiyə sığınacaq verməkdən imtina etmişdilər - bəlkə də o, qızıllarla heç olmasa öz ailəsinin azadlığını almaq qərarına gəlmişdi. “Qəddafi özü getməyə hazırlaşmırdı, - Livanın "Аl - Manar" televiziyasının məsləhətçisi Ömər al-Mahdi belə hesab edir: “Amma inqilabdan dərhal sonra uşaqlarını xaricə keçirməyi planlaşdırıb və bu mövzuda danışıqlar aparıb. Bəzi pərdəarxası söhbətlər uğurla nəticələnmişdi: Qızı Aişə və oğlu Hannibalın Əlcəzairə gəlməsi üçün çox yaxşı vəsait qoyulması aydın idi - nə üsyançılar, nə də NATO aviasiyası onların zirehli avtomobillərlərinə və mühafizə karvanına dəymədilər. Görünür, digər istiqamətlər elə də uğurlu olmamışdı: Vasitəçilər "aldıqları qızıllar" müqabilində sadəcə, öhdəliklərinə əməl etməyiblər: Qəddafi səviyyəsində bir insan heç zaman etiraf etməzdi ki, onu sadəcə, uşaq kimi aldatdılar.”

Yeri gəlmişkən, bu, süqutundan sonra qızıl ehtiyatının izsiz itdiyi yeganə imperiya deyil: 1945-ci ildə Üçüncü Reyxin, 1991-ci ildə SSRİ-nin, 2003-cü ildə İraqın qızıl ehtiyatları itib, indiyədək heç birinin harada olması isə məlum deyil...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net