Azərbaycandan Ermənistana girovlarla bağlı XƏBƏRDARLIQ
Tarix: 10-03-2015, 17:11 | Çap et
Azərbaycandan Ermənistana girovlarla bağlı XƏBƏRDARLIQ
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatması ilə bağlı mövqeyini açıqlayıb.

Vertikal.az-ın xəbərinə görə, H. Hacıyev APA-ya bildirib ki, Ermənistan KİV-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatması barəsində məlumat verilib.

“Ermənistan tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.

Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə Konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur”, - deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyevin sözlərinə görə, bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir: “Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.

Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net