Suraxanı rayon Məşğulluq Mərkəzindəki "durğunluq"
Tarix: 4-04-2015, 11:54 | Çap et
Suraxanı rayon Məşğulluq Mərkəzindəki "durğunluq"
Etiraf edək ki, son bir neçə il ərzində ölkəmizdə işsizliyin aradan qaldırılması istiqamətində xeyli işlər görülür. Belə ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə açılan yeni iş yerləri ölkə vətəndaşları arasında işsizliyin azalmasına müsbət təsirini göstərir.

Lakin bu istiqamətdə görülən təqdirəlayiq işlərlə yanaşı, işsizliklə bağlı müxtəlif problemlər yenə də öz aktuallığını qorumaqdadır. Elə bu səbəbdən də, vətəndaşlar yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə müraciət edərək, işsiz kimi qeydiyyata düşürlər. Amma təəssüflər olsun ki, əksər məşğulluq mərkəzlərində qanunda yazılan maddələrə əməl edilmir və işsiz vətəndaşların hüquqları kobud şəkildə pozulur. Bu gün acınacaqlı məqam ondan ibarətdir ki, əslində vətəndaşların işlə təmin olunmasına kömək məqsədilə hökumət tərəfindən böyük büdcə pulları hesabına yaradılan və fəaliyyət göstərən Məşğulluq Mərkəzlərindən adi vətəndaşlar yox, ancaq bu dövlət idarələrində işləyən məmurlar cürbəcür qanunsuz yollarla qazanc götürür. Müşahidələr göstərir ki, ölkədə mövcud olan əksər Məşğulluq Mərkəzlərinin fəaliyyəti çox zaman sırf görüntü xarakteri daşıyır. Onların açılmasına əhali ilk baxışdan sevinsə də, əslində vəziyyət heç də qənaətbəxş deyil. İşsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən edilir. Lakin, bu gün, məşğulluq mərkəzləri heç də, öz işləri ilə məşğul olmur. Yəni icra etməli olduqları işin tam əksini edirlər. Bunu mediada yazılan yazılardan, redaksiyamıza daxil olan şikayətlərə əsasən demək olar. Elə qohum və tanışların içində də, məşğulluq mərkəzlərinə üz tutub, çarəsiz şəkildə qayıdanlar olub. Bu gün redaksiyamıza daxil olan şikayət bizim yenidən bu mövzuya toxunmağımıza səbəb oldu. Barəsində şikayət daxil olan qurum isə, Suraxanı rayon Dövlət Məşğulluq Mərkəzidir. Sakinlər sözügedən Məşğulluq Mərkəzindən olduqca narazıdırlar. Deyilənə görə, istər işsiz kimi qeydiyyata düşmək, istərsə də, iş tapmaq üçün mərkəzə üz tutduqlarında kor-peşman geri qayıtmalı olurlar. Bu durum artıq illərdir ki, təkrarlanır. Yaxud da, vətəndaşları o qədər get-gələ salırlar ki, mərkəzə müraciət edənlər bezib bir daha gəlmirlər. Sakinlər iddia edirlər ki, aylardır bu mərkəzə müraciət etmələrinə baxmayaraq, onlara hesablanmış əmək haqqının heç bir qəpiyini də, ödəmirlər. Demək olar ki, hər gün, Suraxanı rayon Məşğulluq Mərkəzinə getmələrinə baxmayaraq, mərkəzin direktorunun olmamasını deyib, onları qapıdan qaytarırlar.

Deyilənə görə, mərkəzdə qanunsuzluq, özbaşınalıq sanki günbəgün artır. Vətəndaşalara iş təkliflərinin və onlara hesablanan əmək haqqlarının verilməsi isə yox dərəcəsindədir. Bir sözlə, bəzi qurumlar kimi, Suraxanı rayon Məşğulluq Mərkəzi də icra etməli olduğu işi unudub və vətəndaşlara dövlət tərəfindən Qanunla təsdiqlənmiş müavinətləri vermir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net