Buralara kimsə nəzarət edirmi?
Tarix: 15-09-2015, 11:55 | Çap et
Buralara kimsə nəzarət edirmi?
Təhsil sistemində aparılan islahatlar bu vaxta qədər yetərincə effekt verməyib. Bu sahədə mövcud problemlər artmaqda davam edir. Təəssüf ki, istər orta məktəblərin, istər peşə məktəblərinin, istərsə də ali məktəblərin fəaliyyətindəki çatışmazlıqlar durmadan artır. Təhsil müəssisələrindəki qanunsuzluqların sayının artması onu göstərir ki, bu sahənin ciddi nəzarətə ehtiyacı var. Redaksiyamıza daxil olan məlumatlarda Bakı Turizm Peşə Məktəbində yaşanan neqativ hallarla bağlı qeydlər var.

Qeyd edək ki, Bakı Turizm Peşə Məktəbi 2012-ci ildə Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Liseyinin bazasında yaradılıb. Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompüter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmizləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanır. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçirilir. Redaksiyamıza daxil olan məlumatlarda göstərilir ki, sözügedən təhsil ocağının fəaliyyətində bir sıra nöqsanlara yol verilir. Qəbulun ümumi qaydalarında göstərilir ki, qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Lakin xarici dil bilməyənləri də müəyyən şərtlər müqabilində məktəbə qəbul edirlər. Hətta qaydalarda məktəbdə dövlət hesabına təhsil alanlara təqaüdün verilməsinin göstərilməsinə baxmayaraq, şagirdlərə təqaüd vaxtlı-vaxtında verilmir. Müəyyən bəhanələrlə tələbələr aylarla təqaüd üzünə həsrət qalır. Baxmayaraq ki, qaydalarda göstərilir ki, məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir. Lakin mənbənin sözlərinə görə, sözügedən peşə məktəbinə test və ya müsabiqədən kənar qanunsuz yolla qəbul aparılır. Bundan başqa əldə etdiyimiz məlumata görə, peşə məktəbində təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Oranı bitirən tələbələr iş tapa bilmirlər. Peşə məktəbinin direktorunun işinə məsuliyyətsiz yanaşdığı deyilir. Şagirdlərin və müəllimlərin dərsə davamiyyəti pis vəziyyətdədir. Adı jurnalda olub özü dərsə gəlməyən şagirdlər var. Elə şagird var ki, adı jurnalda yoxdur. Amma dərslərdə iştirak edir. Söhbətin nədən getdiyi isə hamıya bəlli oldu. Belə ki, məktəb direktoru qanunsuz olaraq tələbə qəbul edir və onlara saxta diplom verir. Bu isə qanunsuz əməl hesab olunur və cinayət məsuliyyəti daşıyır.

Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bəzi müəllimlər dərs saatlarının olmasına və əmək haqqı almalarına baxmayaraq, dərslərdə iştirak etmirlər. Bu siyahıda direktora yaxın şəxslər də var. Bütün bunları təhsil naziri də nəzərə alsa, yaxşı olar. Çünki bu gün Bakı Turizm Peşə Məktəbində baş verənlərin digər peşə məktəblərində də yaşandığı istisna edilmir. Ona görə də təhsil naziri bütün peşə məktəblərində baş verən neqativ halları araşdırmalı və bununla bağlı ölçü götürməlidir. Əks halda təhsil sistemi daha da ağır duruma düşəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net